Məhkəmə qərarları › İş №e-2(046)-1874/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-1874/2024

11.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-1874/2024 11.10.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Fəttahov İbrahim Bağır oğlunun sədrliyi Burcaliyeva Leyla Sahib qızının katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında subroqasiya hüququ üzrə ödənilmiş sığorta məbləğinin tutulması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-i iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1690 manat əsas pul vəsaiti və dövlət rüsumu üçün ödənilmiş 37 manat 30 qəpik, ümumilikdə 1727 manat 30 qəpik məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələbi onunla əsaslandırmışdır ki, RAZ ********** nömrəli, xx.xx.2023-cü il tarixli “Daşınmaz əmlakın icbari sığortası” şəhadətnaməsinə əsasən, ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış obyektinə ("Hind Klinikası” MMC) İddiaçı ASC (bundan sonra - AsC) tərəfindən sığorta təminatı verilmişdir. xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 1890 manat məbləğində müəyyən edilmiş, 200 manat azadolma məbləği çıxılmaqla 1690 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyətinin 5-21/2-1782/23 saylı məktubuna əsasən qeyd olunan bina "Yasamal 28” MMC-nin balansında olduğu üçün lazımı sənədlər həmin qurumdan alınmalıdır. "Yasamal 28” MMC-nin 61/15 nömrəli, xx.xx.2023-cü il tarixli məktubuna əsasən "xxxx" MMC "xxxx" MMMC-yə məxsus binanın İ və İİ mərtəbələrində yerləşir. Hind klinikası ümumi su xəttindən istifadə edir və oraya eyni nasosdan su vurulur. xx.xx.2023-cü il tarixdə su axıdılması İİ mərtəbədə yerləşən 15.02.l958-ci il tarixdə anadan olmuş Cavabdeh məxsus 3 saylı mənzildən baş vermişdir. CavabdehR xx.xx.2023-cü il tarixdə həmin mənzilə köçmüşdür. Onun dediyinə görə domafon ustaları mənzilə domafon çəkərkən su xəttini zədələmişlər. Bunun nəticəsində onun mənzilini su basmışdır. "Yasamal 28” MMMC-nin sədri və komendantı tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli akta əsasən xx.xx.2023-cü il tarixində, gecə saat 02-03 radələrində ünvan 1 ünvanında yerləşən "Hind Klinikası” MMC-nin yerləşdiyi mərtəbənin üst mərtəbəsində, yəni 2-ci mərtəbə mənzil 3-də yaşayan sakin Əhmədova Rafilənin sahibi olduğu mənzildən Klinikaya su axıdılmışdır. Bunun nəticəsində Klinikada divar, tavan, tibbi döşəmə örtüyü və s. maddi ziyan dəymişdir. Bununla bağlı, xx.xx.2023-cü il tarixində Cavabdeh bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh qeydiyyatda olduğu ünvana iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilmiş, lakin həmin mənzilin bağlı olması səbəbindən zərf geri qaytarılmışdır. Cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən iddiaçının təqdim etdiyi sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İşə əlavə edilmiş sənədlərdən görünür ki, ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymiş və dəymiş ziyan 1890 manat məbləğində müəyyən edilmiş, 200 manat azadolma məbləği çıxılmaqla 1690 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. İşə əlavə edilmiş İcbari Sığorta Müqaviləsinə dair məlumatdan görünür ki, ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış obyektinə ("Hind Klinikası” MMC) İddiaçı ASC (bundan sonra - AsC) tərəfindən sığorta təminatı verilmişdir. İşə əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 manat 30 qəpik dövlət rüsumundan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsində göstərilir ki, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 936.1-ci maddəsində göstərilir ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 936.2-ci maddəsində göstərilir ki, faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində göstərilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsində göstərilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsində göstərilir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə əsasən bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər,bu şərtlə ki,qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə,hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər,əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər),habelə hüququ pozulmasaydı ,həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsində əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də öz həllini tapmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə işin tədqiq edilmiş sübutlarından və faktiki hallarından müəyyən olunur ki, xx.xx.2023-cü il tarixində ünvan 1 ünvanında yerləşən X1 məxsus qeyri-yaşayış obyektinə subasma hadisəsi nəticəsində maddi ziyan dəymişdir. Yuxarıda qeyd edilən qeyri-yaşayış obyektinə dəyən zərər 1890 manat məbləğində müəyyən edilmiş, 200 manat azadolma məbləği çıxılmaqla 1690 manat məbləğində sığorta ödənişi ASC tərəfindən faydalanan şəxsə ödənilmişdir. Qeyd olunanları nəzərə alıb, məhkəmə hesab edir ki, ödənilmiş sığorta ödənişinin subroqasiya qaydasında ödəmək vəzifəsi mülki hüquq pozuntusu törətmiş zərərvuran Cavabdeh üzərinə qoyulmalı, bununla da iddia təmin edilməli, məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1-284-6.3-cü maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh 1690 manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Cavabdeh iddia ərizəsinin verilməsi üçün ödənilmiş 37 manat 30 qəpik məbləğində dövlət rüsumu alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər Sədrlik edən: İbrahim Fəttahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar