Məhkəmə qərarları › İş №e-2(046)-58/2024

Göyçay Rayon Məhkəməsi Qətnamə — İş №e-2(046)-58/2024

17.04.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Göyçay rayonu İş № e-2(046)-58/2024 17.04.2024 GÖYÇAY RAYON MƏHKƏMƏSİ Qurbanov Elçin Firudin oğlunun sədrliyi, Burcaliyeva Leyla Sahib qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı əldən çıxmış faydanın ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməsi, Cavabdeh 125000 manat məbləğində əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutulması və iddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4 və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İşin halları: İddiaçılar iddia tələbini belə əsaslandırmışdır ki, Göyçay rayonu, Cəyirli kəndində onların mülkiyyətində olan 1,48 ha torpaq sahəsi Cavabdeh tərəfindən 20 ildən artıq müddətdir ki, zəbt olunmuş və həmin torpaq sahəsində Cavabdeh tərəfindən xurma və nar ağacları əkilmiş və torpaq mülkiyyətçilərinə heç bir icarə haqqı və əldə olunan mənfəətdən heç bir manatda ödənilmədən gəlir əldə etmişdir. Həmin torpaq sahəsi iddiaçılara 1998-ci ildə Azərbaycan Respublikası “Torpaq İslahatı haqqında” Qanuna və birgə mülkiyyətə JN- 456 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət aktına əsasən ayrılmışdır. Həmin torpaq sahəsinə iddiaçıların mülkiyyət hüquqları Dövlət Reyestri Xidmətinin ******* saylı çıxarışı ilə öz təsdiqini tapmışdır. Sözügedən torpaq sahəsi iddiaçıların razılığı olmadan zəbt olunmuş və cavabdeh zəbt etdiyi özgənin mülkiyyətində olan torpaq sahəsindən xeyli gəlir əldə edərək əsassız varlanmışdır. Dəfələrlə iddiaçılar tərəfindən cavabdehin həmin torpaq sahəsindən çıxarılması ilə əlaqədar tədbirlər görülsə də, cavabdeh buna məhəl qoymayaraq həmin torpaq sahəsindən çıxmır və iddiaçıların həmin torpaq sahəsindən istifadəsini məhdudlaşdırır. Cavabdehin iddiaçıların mülkiyyətində olan Göyçay rayonu, Cəyirli kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılması ilə əlaqədar iddiaçılar tərəfindən verilən iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq cavabdeh həmin torpaq sahəsindən çıxmır və bugünədək istifadə edərək gəlir əldə edir. Sonradan iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi Vəkil ərizə verərək Cavabdeh 2000-ci ildən 2024-cü ilədək əldə etdiyi gəlirdən, 125000 manat əldən çıxmış faydanın və ödənilmiş 410 manat dövlət rüsumunun tutulması və iddiaçılar İddiaçı3, İddiaçı2 İddiaçı4 Əlisurət qızına və İddiaçı1 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya qarşı etirazları: Cavabdeh iddiaya qarşı etiraz vermişdir. Etirazda göstərmişdir ki, iddiaçılarla onun arasında olan bu mübahisəyə aydınlıq gətirən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 04 mart 2019-cu il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi hakim Sənan Hacıyev) Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 17 sentyabr 2018-ci il tarixli, 2(107)-1843/2018 saylı qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilərək həmin mülki iş ləğv olunan hissədə yenidən baxılması üçün yeni apellyasiya baxışına qaytarılarkən xüsusi ilə qeyd etmişdir ki, mübahisəli torpaq sahəsində yaxşılaşdırmaların (xurma ağaclarının əkilməsi, qulluğun edilməsi, torpağın münbitləşdirilməsi və s.) kimin tərəfindən edilməsi, habelə onların dəyərinin qiymətləndirilməsi mübahisənin həlli baxımından mühümdür. Ali Məhkəmənin yuxarıda qeyd olunmuş 04 mart 2019-cu il tarixli qərarındakı göstərişlərə uyğun olaraq apellyasiya məhkəməsi tərəfindən Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumlarına sorğular verilmişdir. Verilmiş sorğular əsasında X23 İnkişaf Mərkəzi tərəfindən verilmiş aktdan müəyyən edilir ki, Göyçay rayonunun Cəyirli kəndində yerləşən DƏDRXnm ******* saylı çıxarışında göstərilən 1,48 ha torpaq sahəsində inkişaf səviyyəsinə görə 5- 9 yaş dövrünə uyğun olan 483 ədəd bar verən xurma və 40 ədəd bar verən nar meyvə ağacları mövcuddur. Həmin torpaq sahəsinə 1998-2019-cu illər ərzində torpağın münbitləşdirilməsinə çəkilən xərclər və həmin illər ərzində yəni həmin meyvə ağacları əkilənədək həmin torpaq sahəsində kənd təsərrüfatı bitkilərinin əkilib-əkilməməsini müəyyən etmək mümkün olmadığı üçün istehsal olunmuş məhsullardan dövrünə uyğun olan 483 ədəd bar verən xurma və 40 ədəd bar verən nar ağaclarından istehsal olunan məhsullar və əldə olunmuş gəlir barəsində heç bir hesabat aparılmadığından torpağa çəkilən xərclər, məhsuldan əldə olunmuş ümumi gəlir barəsində rəy vermək mümkün deyildir. Daha sonra Şəki Apellyasiya Məhkəməsi (sədrlik edən və məruzəçi hakim Ayaz Mahmudov) xx.xx.2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qərardadı ilə kənd təsərrüfatı üzrə xüsusi biliyə malik olan mütəxəssis rəyinin alınması üçün Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Aqrar Elm və X10 və Çayçılıq Elmi-Tədqiqat İnstutuna məktub göndərmişdir. Həmin İnstitutun direktor müavini Vahid Əliyevin imzası ilə 01 oktyabr 2019cu il tarixli, 212 nömrəli məktubu Şəki Apellyasiya Məhkəməsinin hakimi cənab Ayaz Mahmudova göndərilmişdir. Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı qurumlarından müvafiq cavablar alan Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (sədrlik edən və məruzəçi hakim X18) 09 oktyabr 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(046)-1696/2017 saylı qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi, yəni Cavabdehlər İddiaçı3, X15, İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 Əlisurət qızı və X6 qarşı cavabdehlərdən onlara məxsus torpaqda uzun illər aqrotexniki xidmət göstərərək torpağı münbitləşdirdiyi və əkib becərdiyi 508 (beş yüz səkkiz) ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla cəmisi 101600 manat pulun tutularaq ona ödənilməsi hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamə qəbul edilməklə, qarşılıqlı iddia qismən təmin edilərək, cavabdehlər İddiaçı3, X15, İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 Əlisurət qızı və X3 37183 manat 60 (otuz yeddi min yüz səksən üç manat altmış qəpik) qəpik alınaraq Cavabdeh ödənilməsi, qarşılıqlı iddianın mübahisələndirilən qalan hissədə təmin edilməməsi və qətnamənin “cavabdehin torpaq sahəsindən çıxarılması və onun girişinə qadağa qoyulması” ilə pulun alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilməsi qət edilmişdir. Göründüyü kimi, iddiaçıların iddia ərizəsində göstərdiyi “Cavabdehin iddiaçıların mülkiyyətində olan Göyçay rayonunun Cəyirli kəndində yerləşən 1,48 ha torpaq sahəsindən çıxarılması ilə əlaqədar iddiaçılar tərəfindən verilən iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməsinə baxmayaraq, cavabdeh həmin torpaq sahəsindən çıxmır” fikirləri həqiqəti əks etdirmir. İddiaçıların iddia ərizəsində həmçinin qeyd edirlər ki, «Göyçay rayonunun Cəyirli kəndində bizim mülkiyyətimizdə olan 1,48 ha torpaq sahəsi Cavabdeh tərəfindən 20 ildən artıq müddətdir ki, zəbt olunmuş və həmin torpaq sahəsində Cavabdeh tərəfindən xurma və nar ağacları əkilmiş və torpaq mülkiyyətçilərinə heç bir icarə haqqı və əldə olunan mənfəətdən heç bir naturada ödənilmədən gəlir əldə etmişdir». İddiaçıların bu mövqeyinə cavab olaraq bildirirəm ki, bu mübahisə ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyası 04 iyun 2018-ci il tarixli 1(102)-3033/l 8 saylı qərarında (sədrlik edən və məruzəçi hakim Aslan Kalblıyev) xüsusi olaraq vurğulamışdır ki, iş materiallarından da görünür ki, iddiaçılar bir tərəfdən mübahisəli torpağı cavabdeh onların razılığı olmadan uzun müddət qanunsuz zəbt edərək istifadə etmələrini, digər tərəfdən həmin sahədə cavadeh deyil, özləri tərəfdən əkilməsini, torpağın münbitləşdirilməsini göstərmişlər, iddiaçıların cavabdehin torpaq sahəsindən ötən müddət ərzində istifadəsinə etiraz etmələri, aidiyyatı dövlət qurumlarına müraciət etmələri görünmür. Yəni mübahisəli torpağın qanunsuz zəbt edilməsi barədə müraciətləri olmamışdır. Məhkəmə icraatı iştirakçılarının iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 məhkəməyə gəlməmişlər, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 nümayəndəsi və vəkili Vəkil vəsatət göndərərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında Cavabdeh iddianı etiraf etmədi, etiraz ərizəsində göstərilənlərə uyğun izahat verdi.Əlavə olaraq bildirdi ki, mübahisə edilən torpaq sahəsi 20 ildən artıq müddət olar ki,onun istifadəsindədir.Həmin torpaq sahəsini zəbt etməmiş,iddiaçılar özləri ona istifadə etmək üçün vermişlər.Məhkəməyə təqdim etdiyi torpağa dair çıxarış isə mübahisəli torpaq sahəsinə yaxın,qonşu torpaq sahəsinə verilmişdir.Həmin çıxarışı işə baxan məhkəmələrə ona görə verməmişdir ki,o vaxtlar torpaq sahəsinin planı və ölçüsü tərtib edilməmişdir,həmin sənəd xx.xx.2023-cü ildə tərtib edilmişdir.İddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin izahatını dinləyib, təqdim edilmiş sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Mülki işdə olan sənədlər: İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********02,qeydiyyat nömrəsi ********** ,qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışın surətindən görünür ki, ümumi birgə paylı mülkiyyət hüququ üzrə Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaçı3, X11, İddiaçı1 Sədərəddin qızının, İddiaçı2, X7, İddiaçı4 Əlisurət qızının və X4 adlarına daşınmaz əmlakın dövlət reyestrində 54 nömrəli reyestr kitabının 80 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı qaqqında daşınmaz əmlakın Dövlət Reyestrindən daşınmaz əmlakın reyestr nömrəsi **********91,qeydiyyat nömrəsi ********** ,qeydiyyat tarixi xx.xx.2017-ci il olan çıxarışın surətindən görünür ki, ümumi birgə paylı mülkiyyət hüququ üzrə Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,1399 kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh, X8, X5, X9 və X1 adlarına daşınmaz əmlakın dövlət reyestrində 55 nömrəli reyestr kitabının 83 nömrəli vərəqində qeydiyyata alınmışdır. İşə əlavə edilmiş X23 İnkişaf Mərkəzinin 06 noyabr 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, 1,48 ha xurma meyvə bağından 2022-ci ldə 13083.2 manat – 5245.8 manat=7834.4 manat təqribən xalis gəlir əldə olunması mümkün ola bilər. Ərazidə mövcud olan 40 ədəd nar ağacına heç bir aqrotexniki qulluq edilmədiyi üçün bu barədə heç bir rəy vermək mümkün deyildir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 19 dekabr 2023-cü il tarixli, 9/7029-9/7043 saylı ekspert rəyindən görünür ki, X23 İnkişaf Mərkəzinin 06 noyabr 2023-cü il tarixli mütəxəssis rəyi məhkəmə tərəfindən əsaslı hesab edildiyi halda Göyçay rayonu, Cəyirli kəndində yerləşən ərazisi 1,48 ha torpaq sahəsində əkilmiş 483 ədəd bar verən şərq xurması ağacından 2017-ci il üzrə 6479 manat, 2018-ci il üzrə 5751 manat, 2019-cu il üzrə 5627 manat, 2020-ci il üzrə 5555,6 manat, 2021-ci il üzrə 9861,2 manat və 7834,4 manat təqribən xalis gəlir və 40 ədəd nar ağacına isə heç bir aqrotexniki qulluq edilmədiyi üçün həmin illər üzrə xalis gəlir müəyyən edilməmişdir.Ekspertiza xərclərinə dair bildirişə görə aparılmış tədqiqatın dəyəri 50 manatdır. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3033/2018 saylı qərarının surətindən görünür ki, Cavabdeh və vəkili X2 Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2449/2017 nömrəli iş üzrə 27 noyabr 2017-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilmiş, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 2(107)-2449/2017 nömrəli iş üzrə 27 noyabr 2017- ci il tarixli qətnaməsi qarşılıqlı iddianın rədd edilməsinin dəyişdirilmədən saxlanılması hissəsində ləğv edilmiş və iş həmin hissədə apellyasiya qaydasında yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.Həmin qərarla Cavabdeh tərəfindən mübahisəli torpaqdan iddiaçıların etirazı olmadan istifadə etməsi müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1582/2019 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)- 1843/2018 nömrəli qətnaməsindən Cavabdeh kassasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli, 2(107)-1843/2018 nömrəli qətnaməsi ləğv edilərək qarşılıqlı iddianın rədd edilməsi hissəsində yenidən apellyasiya baxışına qaytarılmışdır.Həmin qərarla Cavabdeh tərəfindən mübahisəli torpaqdan Azərbaycan Respublikası Mülki Məcəllənin 732-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzsiz istifadə etmə kimi qiymətləndirmişdir. İşə əlavə edilmiş Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(107)-1888/2019 saylı qətnaməsinin surətindən görünür ki, Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli 2(046)-1697/2017 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Göyçay Rayon Məhkəməsinin 24 avqust 2017-ci il tarixli, 2(046)-1696/2017 nömrəli qətnaməsi qarşılıqlı iddianın təmin edilməməsi yəni Cavabdehlər İddiaçı3, X15, İddiaçı1 Sədrədcin qızı, İddiaçı2, X12, İddiaçı4 Əlisurət qızı və X6 qarşı cavabdehlərdən onlara məxsus torpaqda uzun illər aqrotexniki xidmət göstərərək, torpağı münbitləşdirdiyi və əkib becərdiyi 508 (beş yüz səkkiz) ədəd xurma ağacına görə hər birinə 200 manat olmaqla, cəmisi 101.600 manat pulun tutularaq ona ödənilməsi hissəsində ləğv edilmiş, cavabdehlər İddiaçı3, X15, İddiaçı1, İddiaçı2, X12, İddiaçı4 Əlisurət qızı və X3 37183 manat 60 (otuz yeddi min yüz səksən üç manat 6 qəpik) qəpik alınaraq Cavabdeh verilmiş, qətnamə “cavabdehin torpaq sahəsindən çıxarılması və onun girişinə qadağa qoyulması” ilə pulun alınaraq verilməsi hissəsində eyni vaxtda icra edilmişdir.Həmin qərarla Cavabdeh tərəfindən mübahisəsi gedən torpaq sahəsinə sahiblik etməsinin heç də özbaşına baş vermədiyi,bunun İddiaçı3 və digərlərinin iradəsinə uyğun olması müəyyən edilmişdir. İşə əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2(102)- 1277/2020 saylı qərarının surətindən görünür ki, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsindən İddiaçı4 Əlisurət qızı və Cavabdeh ayrı-ayrılıqda verdikləri kassasiya şikayətləri təmin edilməmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 16.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 21.1-ci maddəsində əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 140-cı maddəsinə əsasən daşınmaz əmlakın dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. Həmin Məcəllənin 560.3.4-cü maddəsinə əsasən digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslıolmalıdır. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmənin mövqeyi: Hazırkı iş üzrə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İş materiallarından görünür ki, Göyçay rayonu Cəyirli kəndində yerləşən 1,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ümumi birgə paylı mülkiyyət hüququ üzrə İddiaçı3, X11, İddiaçı1 Sədərəddin qızının, İddiaçı2, X7, İddiaçı4 Əlisurət qızının və X4 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2017-ci ildə, **********02 reyestr nömrəsi, ********** qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Eyni tərəflərin iştirakı ilə baxılmış digər mülki iş üzrə qanuni qüvvədə olan Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli,2(107)-1888/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş faktlardan,habelə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli 2(102)-3033/2018 saylı və Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-1582/2019 saylı qərarlardan görünür ki,Cavabdeh tərəfindən mübahisəli torpaqdan iddiaçıların etirazı olmadan,onların iradəsinə uyğun əvəzsiz istifadə etməsi müəyyən olunmuş,torpaq sahəsinə sahiblik etməsinin özbaşına baş verməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi bir sıra qərarlarında qeyd etmişdir ki, vicdanlılıq institutu mülki hüququn təməl prinsiplərindən olmaqla dürüstlük kimi əxlaqi və mənəvi keyfiyyətləri özündə ehtiva edən mühüm tərkib elementinə malikdir. Mülki hüquqda şəxslərin vicdanlı olduğu, yəni mülki hüquq münasibətlərində hüquq və vəzifələrini həyata keçirərkən subyektlərin hər birinin vicdanlı olması ehtimal olunur. Vicdanlılığın qorunması mülki dövriyyəni təmin etmək məqsədi daşımaqla yanaşı, həm də subyektlərin mənafelərinin qorunmasına xidmət edir (X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli, F.Nəcəfovanın şikayəti üzrə 2023-cü il 03 mart tarixli Qərarları). Konstitusiya Məhkəməsinin Plenumu X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli qərarında həmçinin izah etmişdir ki, hüquqdan sui-istifadə halının mövcudluğu üçün, ilk növbədə, şəxs müvafiq hüquqdan məqsədi xaricində istifadə etməli və bu hal ədalətsiz nəticənin yaranmasına gətirib çıxarmalıdır. Odur ki, hüquqdan suiistifadə edilib-edilmədiyini müəyyənləşdirərkən məhkəmələr işin hallarını hərtərəfli və obyektiv araşdırmalı, yaranacaq nəticənin sosial ədalətə və vicdanlılığa sığıbsığmamasını, aşkar ədalətsizliyə səbəb olub-olmamasını müəyyən etməli və yalnız bundan sonra müvafiq qərar qəbul etməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 560.3.4-cü maddəsinə əsasən, digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi hüquqdan sui-istifadə halını yaradır. Göründüyü kimi, bu müddəa digər şəxsə zərər vura biləcək ziddiyyətli davranışı qadağan edir və şəxsin üzərinə ardıcıl rəftar etmək öhdəliyi qoyur. Cavabdeh mübahisəli torpaq sahəsinə öz vəsaiti hesabına qulluq göstərməsi və orada yetişdirilmiş bar verən hər bir ağaca məhz onun tərəfindən əkilməsi və becərilməsi,20 ildən artıq olan müddət ərzində əvəzsiz,fasiləsiz və etirazsız olaraq həmin torpaq sahəsindən istifadə etməsi yuxarıda qeyd edilmiş məhkəmə aktları ilə təsdiq olunmuşdur. Belə olduğu halda iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh mülkiyyətlərində olan torpaq sahəsindən istifadə etməsi nəticəsində əldən çıxmış faydaya görə maddi zərər tələbi irəli sürmələri anlaşılan deyil.Əvvəla bir halda ki,mübahisəli torpaq sahəsi əvəzsiz,fasiləsiz və etirazsız olaraq cavabdehin istifadəsinə iddiaçılar tərəfindən verilmişdirsə ,həmin torpaq sahəsində cavabdehin vəsaiti və zəhməti hesabına əkilmiş ağaclardan mənfəət əldə edilməsinə də iddiaçıların aidiyyəti yoxdur.Belə ki,iddiaçılar həmin torpaq sahəsi üzərində mülkiyyət hüququna malik olsalar da,torpaq sahəsinin üzərində olan Cavabdeh vəsaiti hesabına əkib-becərdiyi xurma və nar ağaclarına heç bir subyektiv hüquqa malik olmamışlar.Digər tərəfdən tərəflər arasında torpaq sahəsi üzərində salınacaq bağdan götürülməli olan gəlirin bölüşdürülməsinə dair hər hansı bir sövdələşmənin və ya digər formada razılaşmanın olması müəyyən edilməmişdir. Məhkəmə nəzərə alır ki,qanuni qüvvəyə minmiş Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 09 oktyabr 2019-cu il tarixli, 2(107)-1888/2019 saylı qətnaməsinə əsasən Cavabdeh iddiaçılara məxsus torpaq sahəsindən çıxmaq,iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 isə 37183 manat 60 qəpik məbləğində pulu cavabdehə ödəmək öhdəliyi daşıyır,torpaqdan çıxarılma ilə pulun verilməsi hissədə qətnamənin eyni vaxtda icra edilməsi müəyyən edilmişdir.Lakin iddiaçılar öz öhdəliklərini icra etmədiyi halda cavabdehdən pul tələb edirlər.Bu vəziyyətdə məhkəmə işin hallarına Mülki Məcəllənin 560.1-ci maddəsində müəyyən olunmuş hüquqdan sui-istifadənin yolverilməzliyi barədə müddəaları əsasında qiymət vermişdir. Məhkəmə həmçinin nəzərə almışdır ki,Cavabdeh hərəkətlərində nə Mülki Məcəllənin 1091-ci maddəsində nəzərdə tutulmuş əsassız varlanmanın,nədə ki,Mülki Məcəllənin 1096-cı maddəsində nəzərdə tutulmuş mülki hüquq pozuntusunun elementləri mövcud olmamışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 iddiası təmin olunmamalı, iddia təmin olunmadığından məhkəmə xərcləri iddiaçılara aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, Göyçay Rayon Məhkəməsi qət etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı 125000 manat məbləğində əldən çıxmış faydanın ödənilməsi tələbinə dair iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 50 manat ekspertiza xərci alınaraq dövlət nəfinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Göyçay Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Elçin Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar