Azərbaycan Respublikası adından QƏRARDAD Laçın rayonu İş № e-2(047)-244/2024 29.01.2024 LAÇIN RAYON MƏHKƏMƏSİ Hakim İbrahimov Cavad Cavanşir oğlunun sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndirməklə dəyərinin ikidə biri hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndirməklə dəyərinin ikidə biri hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsindən və ona əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından olan uşaqları artıq yetkinlik yaşına çatmışlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 17.1-ci maddəsinə əsasən ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olmadıqda, nikaha onların razılığı əsasında müvafiq icra hakimiyyəti orqanında xitam verilə bilər. Qeyd edilən qanunun tələbindən görünür ki, iddiaçı nikahın pozulmasına dair məhkəmədə iddia qaldırmamışdan əvvəl müvafiq rayon qeydiyyat şöbəsinə müraciət etməli, tələbi təmin olunmadığı təqdirdə məhkəməyə müraciət etmək hüququ vardır. Bundan əlavə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 150.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilir. Bu baxımdan iddiaçı müvafiq qeydiyyat orqanına müraciət etməli, tələbi müsbət həll edilmədikdə məhkəməyə müraciət edə bilər. Həmçinin, iddiaçı iddia ərizəsinin forma və məzmununa da riayət etməmiş, cavabdehin şəxsiyyət vəsiqəsinin lazımi qaydada təsdiqlənmiş surətini, şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvanı, eyni zamanda iddia tələbinin əsasını təşkil edən digər hallarla bağlı aidiyyəti sənədlərin (mübahisələndirilən ev barədə müvafiq sənədlər və s.) əsilini və ya lazımi qaydada təsdiqlənmiş surətlərini öz ərizəsinə əlavə etməmişdir. Bundan başqa iddia ərizəsinin giriş hissəsində iddiaçı tərəfindən nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndirməklə dəyərinin ikidə biri hissəsinin ödənilməsi tələbi qeyd edilsə də, iddia ərizəsinin xahiş edirəm hissəsində isə yalnız ünvan 1 ünvanında iki sot torpaq sahəsində inşa olunan yaşayış evinin ½ hissəsinin dəyərinin pulla ödənilməsi barədə qeyd edilmişdir ki, bununla da iddiaçı tərəfindən iddia ərizəsinin forma və məzmununa dair tələblərə tam riayət edilməmişdir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə MPM) 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. MPM-nin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Bundan əlavə MPM-nin 149.2-ci maddəsinə əsasən ərizənin verildiyi məhkəmənin adı, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda-iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları), iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) Nazima salınmasına riayət edilməsinə dair məlumat, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat, ərizəyə əlavə edilən sənədlərin siyahısı iddia ərizəsində göstərilməlidir. MPM-nin 149.4-cü maddəsinə əsasən ərizədə mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin, iddiaçının vəsatətləri də göstərilir. MPM-nin 150.1.1 və 150.1.5-ci maddələrinə əsasən cavabdehlərin və üçüncü şəxslərin sayına görə iddia ərizəsinin (iddia ərizəsi elektron formada verildiyi hal istisna olmaqla), həmçinin iddia ərizəsi elektron qaydada verildiyi hal istisna olmaqla, iddia ərizəsində göstərilən bütün yazılı sübutların işdə iştirak edən şəxslərin sayına görə surətləri iddia ərizəsinə əlavə edilməlidir. Həmçinin, MPM-nin 150.3-cü maddəsinə əsasən iddiaçı ondan asılı olmayan səbəblərə görə hər hansı konkret sübutu iddia ilə birgə təqdim edə bilmədikdə, bunu iddia ərizəsində göstərməlidir. Bu baxımdan mübahisənin düzgün həll edilməsi üçün iddiaçı tərəfindən yuxarıda sadalanan və MPM-nin 149-150-ci maddələrində göstərilən sübutların təqdim edilməməsi iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması üçün əsasdır. Bundan başqa, MPM-nin 152.1.1-ci, 152.1.3-cü və 152.1.6-cı maddələrinə müvafiq olaraq iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, həmçinin müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. MPM-nin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. MPM-nin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Beləliklə, məhkəmə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qənaətinə gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39-cu, 89-cu, 149-152-ci, 263-264-cü, 266-cı və 268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndirməklə dəyərinin ikidə biri hissəsinin ödənilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı qeyd edilən çatışmazlıqları aradan qaldırdıqdan sonra təkrar müvafiq iddia ərizəsi ilə müvafiq məhkəməyə müraciət etmək hüququndan istifadə edə bilər. Qərardaddan surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Laçın Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Cavad İbrahimov
Məhkəmə qərarları › İş №e-2(047)-244/2024
Laçın Rayon Məhkəməsi Qərardad — İş №e-2(047)-244/2024
29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver