Məhkəmə qərarları › İş №e-2(049)-1115/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1115/2024

25.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1115/2024 25.04.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması və aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında olan xx.xx.2015-ci ildə 21 sayla qeydə alınan nikahın pozulması və birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləğində 235 manat məbləğində aliment tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, ərizəsini əsaslandırılmışdır ki, cavabdehlə nikahları xx.xx.2015-ci ildə Lənkəran rayon Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən 21 sayla qeydə alınmışdır. Birgə ailə münasibətlərindən xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladları dünyaya gəlmişdir. Ailə qurduqdan sonra ilk vaxtlar münasibətləri normal olsa da, sonradan münasibətləri pozulmuş və aralarında tez-tez mübahisələr baş vermişdir. Onların ər-arvad münasibətləri faktiki olaraq pozulmuş və hal-hazırda sadəcə formal xarakter daşıyır. Ailə münasibətlərinin bərpası və barışmaqları mümkün deyil. Artıq son bir ildir ki, ayrı yaşayıllar. Hazırda uşağın həm maddi, həm də mənəvi öhdəliyi tək ona aiddir. Məhkəmənin iclasında İddiaçı iddianı müdafiə edərək, iddiasının təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, "xxxx"MMC-də çağrı mütəxəssisi vəzifəsində işləməklə rəsmi olaraq 173 manat olsa da, faktiki olaraq 450-500 manat əmək haqqı alır. Məhkəmə iclasında cavabdeh bildirmişdir ki, o, iddiaçı ilə barışmaq istəsə də, iddiaçı buna razı olmamış, buna görə də barışmaq üçün 3 ay vaxt verilməsinə ehtiyac yoxdur, nikahın pozulmasına razıdır, lakin iddiaçının tələb etdiyi aliment miqdarı çoxdur, 150 manat aliment ödəyə bilər. Çünki, heç yerdə işləmir, atası onu dolandırır. İş materiallarında olan və məhkəmə baxışı iclasında elan edilməklə tədqiq olunmuş: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh və X2 xx.xx.2015-ci ildə Lənkəran rayon Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən 21 sayla nikah bağlamışlar. Nikah bağlandıqdan arvada Musayeva soyadı verilmişdir. Doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X3 xx.xx.2016-cı il tarixdə Bakı şəhəri Qaradağ qəsəbəsində doğulmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı xx.xx.2015-ci ildə Lənkəran rayon Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən 21 sayla rəsmiləşdirilmiş, birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 adlı övladları doğulmuşur. Uşaq hal-hazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. İddiaçı nikahın pozulmasına təkid edir. Cavabdeh nikahın pozulmasına etiraz etmir. O, nikah pozulduqdan sonra uşağın anasının yanında qalmasına, lakin iddiaçının tələb etdiyi 235 manat deyil, 150 manat aliment məbləğini ödəməyə razıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə nikah məhkəmə qaydasında pozulur. Məhkəmə hesab edir ki, tərəflərin birgə yaşamasının və ailənin saxlanması qeyrimümkündür və buna görə də tərəflər arasında bağlanmış nikah pozulmalıdır. Ailə Məcəlləsinin 22.2-22.2.1-ci maddələrində nəzərdə tutulur ki, bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlərü üzrə ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşağın və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə nikah pozulduqdan sonra yetkinlik yaşına çatmayan uşağın valideynlərindən hansının yanında qaldığını müəyyən etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşağın qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Valideynlər uşağını saxlamadıqda uşağın saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin ) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşağın saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Təqdim edilmiş sübutlara hüquqi qiymət verərək, məhkəmə hesab edir ki, tərəflər arasında rəsmiləşdirilmiş nikah pozulandan sonra onların birgə nikahlarından doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 anasının yanında qalmalıdır. Bu zaman məhkəmə uşağın azyaşlı olmaqla ana qayğısına daha çox ehtiyaclarının olmasını nəzərə alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, tərəflərin uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün məhkəməyə müraciət olunan xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay sabit pul məbləğində 175 manat məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə iddiaçının övladın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 manat alimentin cavabdehdən tutulması tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. Məhkəmə cavabdehin işləməməsini, iddiaçının isə işləyərək ayda 450-500 manat əmək haqqına malik olduğunu nəzərə alaraq hesab edir ki, X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay 175 manat alimentin müəyyən edilməsi daha məqsədəuyğundur. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəllənin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumun xx.xx.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 8.2-ci maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 36.9-cu maddəsində müəyyən edilmiş 3 illik iddia müddətinin axımı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən, ər-arvadın hər birinin ümumi əmlaka olan mülkiyyət hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanır. Qeyd olunan əsaslara görə tərəflərə, onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 14 oktyabr 2015-cü il tarixdə Lənkəran rayon Şağlaser kənd İƏD nümayəndəliyi tərəfindən 21 sayla sayla qeydə alınmış nikah pozulsun. Nikah pozulduqdan sonra xx.xx.2016-cı il təvəllüdlü X3 İddiaçı yanında qalsın. xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay sabit pul məbləğində 175 manat aliment tutularaq İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddiaçı və cavabdehə onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi barədə üç illik müddət çərçivəsində bir-birinə qarşı iddia vermək hüququ izah edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X5

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar