Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1510/2025 08.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahlarından xx.xx.2023-cü il tarixdə doğulmuş X2 üçün hər ay 246 manat sabit pul məbləğində aliment, uşağın 3 yaşınadək saxlanması üçün 200 manat və 60 manat mediasiya rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə 3 saylı Bakı Asan Xidmət Mərkəzində qeydiyyatdan keçməklə ailə qurmuş və birgə nigahlarından xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Bir neçə aydır ki, cavabdehlə aralarında narazılıqlar olduğundan ayrı yaşayırlar. Bu müddət ərzində cavabdeh övladının necə yaşaması ilə maraqlanmır, onun təlim tərbiyəsi ilə məşğul olmur. Özü işləmədiyi üçün övladının saxlanmasında çətinlik çəkir. Hazırda cavabdeh tərəfindən nigahın pozulması tələbinə dair Lənkəran Rayon Məhkəməsində iddia qaldırılmışdır. Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Bundan başqa uşağın 3 yaşınadək saxlanması üçün hər ay 200 manat alınıb ona verilməlidir. Eyni zamanda mediasiyaya çəkdiyi 60 manat pul da ona qaytarılmalıdır. Məhkəmə iclasında iddiaçı bildirdi ki, qaynatası diş həkimidir, əri isə atasının yanında diş texniki işləyir və rəsmi iş yeri olmas da, yaxşı qanac əldə edir. Lakin bunu təsdiqləyən sübutları yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində cavabdeh lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə onun gəlməməsinin səbəbini üzürsüz sayaraq Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsini rəhbər tutaraq işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ EDİLMİŞ SÜBUTLAR: Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah 15 iyul 2024-cü il tarixdə, Bakı 3 Saylı “Asan xidmət” mərkəzində, Qeydiyyat şöbəsində 336 №-li aktla rəsmiləşdirilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikanlarından xx.xx.2023-cü il tarixdə X4 adlı övladları doğulmuşdur. Ödəniş qəbzindən görünür ki, iddiaçı 60 manat mediasiya xərcini ödəmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iddiaçının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. Hazırki vəziyyətdə cavabdehin daimi iş yeri barədə məlumat yoxdur. İddiaçının hər hansı bir gəliri yoxdur. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaq hazırda iddiaçının himayəsində olduğundan ona qulluq, onun sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin daimi iş yerinin olmaması, onun maddi vəziyyətinin hansı səviyyədə olması onu iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanışıq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. Məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə hesab edir ki, hazırda iddiaçı cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim edə bilmədiyinə görə, iddia tələbi xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşınadək saxlanılması üçün hər ay cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pul alınması hissəsində rədd edilməlidir. Belə ki, o, uşağın 3 yaşınadək saxlanılması üçün hər ay 200 manat məbləğində pul tələb etsə də, cavabdehin buna zəruri vəsaitə malik olması barədə məhkəməyə hər-hansı bir sübutunu təqdim etməmişdir. Halbuki, Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvadın nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilməlidir. Azərbaycan Respublikasının «X7» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun 0,5 misli hazırda 200 manat, alimentin bir illik məcmusu isə cəmi 2400 manat, həmçinin dövlət rüsumu 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (2400 - 1000= 1400) 1400 manat məbləğin 1%-i olan 14 manat, cəmi (30+14=34) 44 təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehdən tutulan 60 manat mediasiya xərci dövlət rüsumu üçün tələb olunan 44 manatı tam əhatə etdiyindən, cavabdeh dövlət rüsumunu ödəməkdən azad edilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2023-cü il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. İddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub İddiaçı verilsin. İddia qalan hissədə əsassız olduğu üçün rədd edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-1510/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1510/2025
08.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver