Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1547/2025 21.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı 01 aprel 2025-ci il tarixdə elektron qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh onun xeyrinə 2500 (iki min beş yüz) manat məbləğində dəymiş maddi təzminat, 1500 (min beş yüz) manat məbləğində dəymiş mənəvi zərərin əvəzi və ödədiyi 60 manat dövlət rüsumunun (cavabdehə aid edilməsini) tutularaq ona məxsus hesaba köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ayaqqabıların təmiri emalatxanası, onun, yəni iddiaçı - İddiaçı toxunulmaz mülkiyyətinə aiddir. Ona məxsus obyektin qarşısında Cavabdeh da ayaqqabı tikməklə məşğul olur. Cavabdeh onunla uzun illər şəxsi-qərəzlik aparmış, onun al-verinin qarşısını almağa çalışmışdır. Daha sonra isə, o, (yəni İddiaçı) bu kimi dava-dalaşlardan uzaq olmaq üçün bazardan ayrılmış, ona məxsus olan həmin köşkü icarəyə vermiş, hazırda da icarədədir. Buna baxmayaraq, qonşuluqda yerləşən dükan sahibi Cavabdeh ona məxsus plastik materialdan olan dükanın divarlarına və konstruksiyasına kəsici-deşici alətlərlə qəsdən ziyan vurmuş, nəticədə dükanın strukturu ciddi şəkildə zədələnmiş, maddi zərər yetirilmişdir. Bütün bunlar az imiş kimi, hətta Cavabdeh onu xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Bazar ərazisində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisələri zamanı taxta parçası ilə döymüş və məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında cərimə edilmişdir. Cavabdeh tərəfindən ona dəymiş maddi ziyanın dəyəri 2500 (iki min beş yüz) manatdır. Həmçinin cavabdehin təqsirli hərəkətləri nəticəsində ona vurulmuş mənəvi zərəri 1500 (min beş yüz) manat qiymətləndirir. Hesab edir ki, cavabdeh tərəfindən mənə vurulmuş mənəvi zərərin əvəzi (həm də fiziki iztirablar formasında) də ödənilməlidir. Ona görə də, cavabdehin ona vurduğu maddi ziyana görə 2500 manat (iki min beş yüz) və mənəvi zərərin əvəzinin ödənilməsi üçün 1500 (min beş yüz) manat pulun ona verilməsinin təmin edilməsi barədə məhkəmədə iddia qaldırıb, müraciət etməkdə haqlıdır. Cavabdeh hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş maddi-mənəvi ziyanın (fiziki və mənəvi iztirabların) əvəzini verməlidir. Odur ki, cavabdeh tərəfindən ona dəymiş birlikdə maddi-mənəvi cəmi zərəri 4000 (dörd min) manat dəyərində qiymətləndirir. Daha sonra İddiaçı nümayəndəsi Nümayəndə 21 may 2025-ci il tarixdə elektron kabinet vasitəsilə Azəraycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddianın dəyişdirilməsi barədə elektron qaydada ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsaslanmaqla iddia tələblərinin, yəni maddi ziyan tələbi hissəsində maddi ziyanın məbləğinin 2500 (iki min beş yüz) manatdan 600 (altı yüz) manata azaldılmasını və digər hissədə, yəni mənəvi ziyana dair hissədə mənəvi ziyanın məbləğinin 1500 (min beş yüz) manatdan 2500 (iki min beş yüz) manata artırılmasını bildirib işə dəyişdirilmiş iddia tələbləri əsasında baxılmasını xahiş etmişdir. 21 may 2025-ci il tarixli iddianın dəyişdirilməsi barədə İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən verilmiş ərizə onunla əsaslandırmışdır ki, təmir xərcləri və digər maddi ziyanla bağlı hissəni şəxsi səbəblərdən nəzərə almamağa, yəni müəyyən qədər keçməyə (güzəşt etməyə) qərar vermiş, lakin cavabdehin onun fiziki bütövlüyünə qəsdən xəsarət yetirməsi, ona qarşı zor tətbiq etməsi, şərəf və ləyaqətini alçaldan davranışlar sərgiləməsi nəticəsində ona dərin, mənəvi iztirablar yaşadılmış, bu səbəbdən mənəvi ziyan hissəsini bağışlamaq (güzəşt etmək) və ya az qiymətləndirmək mümkün hesab edilmir. Mənəvi təhqir və iztirablar hələ də, öz psixoloji təsirini göstərməkdədir. Məhkəmə iddia tələbinin dəyişdirilməsilə bağlı ərizəni qəbul etmişdir. Məhkəmə iclasında İddiaçı və onun nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənləri bir daha vurğulayaraq iddianın təmin olunmasını xahiş etmişlər. Həmçinin məhkəmə iclasında Nümayəndə izahatında və verilmiş suallara cavab olaraq göstərmişdir ki, dükana vurulan zərərdən əlavə həm də, anasının cavabdeh tərəfindən fiziki zorakılığ yetirməsi qanunsuzdur, anası İddiaçı iztirab və sarsıntı keçirmiş, məhkəmə qərarı ilə zərərçəkmiş şəxs kimi tanınıb və cavabdeh məhkəmə qərarı ilə təqsirli bilmişdir. Anası öz gözündə də, onun gözündə də alçaldılmışdır. Onların dükanına Cavabdeh dəmir stulu köşkə dayayaraq ziyan vermiş, köşkün çölündə müxtəlif yerlərdə deşiklər yaratmış, bunun nəticəsinə köşk pis hala düşmüşdür. Həmçinin cavabdeh şəxsə məxsus dəmir stulun yanındakı alətlər də ziyan vurmuşdur. Dükana dəymiş zərəri minimum qiymətləndirmişlər, bununla bağlı ekspertiza və yaxud qiymətləndirici rəyi əldə olunması onlar tərəfindən ehtiyac görülməmiş, maddi zərərin qiymətləndirilməsini real bazar qiymətinə uyğun müəyyən etmişlər, mənəvi zərərin qiymətləndirilməsi üçün isə mexanizim mövcud olmadığından təxəyyülə əsasən 2500 manat məbləğ müəyyən etmişlər. Dükanın (köşkün) ətrafında köşkün çöl hissəsinə zərər verəcək kəsici alətləri işlədən cavabdehdən başqa heçkəs yoxdur. Onlar dükanı təmir etdikləri zamandan, köşkə zərər verilmiş, iddiaçı ilə cavabdeh arasında illərdir konflikt mövcud olmuş, keçmiş illərdə dükanı təmizləmək üçün getdikdə belə, özü də konfliktlərə şahid olmuş, o, yeniyetmə olan vaxtı orada satış etmək istəsələr də, cavabdehin hərəkətlərinə görə istifadə edə bilməmişlər, sonra isə icarəyə vermişlər. Cavabdehə dəfələrlə bildirsələr də, o, hərəkətlərini dayandırmamışdır. Cavabdeh, anasına fiziki-zor tətbiqlər edib, bununla bağlı şikayət etmişlər və məhkəmə qərarı ilə cavabdeh şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Məhkəmə iclasından sonra köşkün yanına dərhal gedib, yenə şəkillərini çəkmişlər. Cavabdeh iddiaçını döymüş, daha sonra onu də döyməməsi üçün daha çox foto-şəkil çəkə bilməmişdir. Elektron kabinetlə əlavə olunmuş görüntüləri özü çəkmişdir. Köşkün yenidən təmiri üçün bazar qiymətinə görə 2500 manat civarında zərər dəymişdir. Minimum məbləğ olaraq maddi ziyan tələb etməklə, mənəvi ziyan az tələb etmişlər, buna səbəb isə tələbin ağlabatanlığını nəzərə almışlar, daha sonra isə mənəvi zərərin çox az olduğun hesab edərək, iddia həcminin dəyişdirilməsinə dair ərizə təqdim etmişlər. Dükanın (köşkün) içi təmiz olmaqla, çölü pis vəziyyətdədir, qiymətləndirici təşkilatından müvafiq rəy almamalarının səbəbi isə məhkəmənin çox zaman özü-öz təşəbbüsü ilə ekspertiza təyin etməsi olmuşdur, həmçinin qiymətləndirməni real bazar qiymətinə uyğun qeyd etmişlər. Məhkəmə iclasında Cavabdeh iddianı qəbul etməyərək, göstərmişdir ki, onun barəsində qəbul olunmuş İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə dair məhkəmə qərarı əsassızdır, lakin məsələni böyütməyərək, məhkəmə qərarından şikayət verməmişdir. Dükana (köşkə) ziyan vurmamış, onun çalışdığı hissəsin yanında olan mağazada videogörüntülər mövcud olmuş, həmçinin iddiaçı qəsdən köşkü özü zərər yetirərək onun törətdiyini iddia etmişdir. Bundan əlavə ona qarşı iddiaçı və onun nümayəndəsi tərəfindən qərəzli hərəkətlər törədilir, işə gedərkən, iddiaçı və onun nümayəndəsi tərəfindən təqib olunaraq, videogörüntüyə qeydə alınmış, bununla da ou təxribata cəlb edirlər. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə tədqiq olunmuş: Azərbaycan Respublikası Dövlət Əmlakının idarə edilməsi üzrə dövlət komitəsinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında xx.xx.2006-ci il tarixli şəhadətnaməsindən görünür ki, ünvan 1 ünvanında yerləşən ayaqqabıların təmiri emalatxanası İddiaçı xüsusi mülkiyyətindədir. Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə saat 09 radələrində Lənkəran şəhəri, Bazar ərazisində şəxsi münasibətləri zəmnində baş vermiş mübahisə zamanı İddiaçı taxta parçası ilə döymüş və İddiaçı bədəni üzərində sol said nahiyəsinə sağlamlığa zərər vurmayan xəsarət - qançır aşkar edilmiş, bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 300 (üç yüz) manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə mənəvi zərər tələbinin əsasını təşkil edən 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı nəzərdən keçirib hesab edir ki, 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı hazırki iddia tələbində göstərilən mənəvi zərər tələbinin əsasını təşkil etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03 noyabr 2008-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, mənəvi zərərin vurulması ilə əlaqədar yaranan hüquq münasibətlərinə müvafiq qanunvericilik aktları, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin İX bölməsinin (Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər) qaydaları tətbiq edilir. Həmin qərarda göstərilmişdir:-“zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır.” Həmin qərarın 7-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1115-ci maddəsinə əsasən zərərin ödənilməsi zərərin əvəzini naturada ödəməklə və ya vurulmuş zərərin əvəzini pulla ödəməklə həyata keçirilə bilər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsində müəyyən edilən hallarda mənəvi zərər cavabdehin üzərinə müəyyən vəzifələr qoyulmaqla ödənilə bilər (məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi). Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 avqust 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyriəmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Qanunvericiliklə hər kəsin fikir ifadə etmək azadlığı tanınır, eyni zamanda bundan sui-istifadə edib şəxsiyyətin ləyaqətinin alçaldılması halına yol verilməsi qadağan olunur və buna görə məsuliyyət müəyyən edilir. Məhkəmə mənəvi ziyanın ödənilməsi ilə əlaqədar aşağıdakıları qeyd edir: İddiaçı və onun nümayəndəsi Nümayəndə mənəvi zərər tələbinin əsasını Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərilən fakt (Cavabdeh tərəfindən İddiaçı xəsarət yetirməsi) olduğunu bildirsələr də, mənəvi zərər dedikdə, yəni zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsilə bağlı hərəkətlərin məhz Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında göstərilmiş hadisəyə görə törədildiyinə dair əlavə sübutlar təqdim edilməmişlər. Yalnız sübut qismində Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsaslanmışlar. Məhkəmə qeyd edir ki, iddiaçının göstərdiyi hadisə xx.xx.2024-cü il tarixdə baş vermiş və hazırki iş üzrə cavabdeh barəsində xx.xx.2024-cü il tarixdə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilmişdir. İddiaçı həmin hadisədən 10 ay, qərardan isə 4 ay keçdikdən sonra mənəvi zərərlə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı və onun nümayəndəsi hansı sarsıntı və iztirab keçirilməsini ümumiyyətlə təsdiq edəcək əsaslı halları məhkəməyə bildirməmişlər. Lənkəran Rayon Məhkəməsinin 3(049)-946/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, zərərçəkmiş şəxs İddiaçı məlum hadisə zamanı sol said nahiyəsinin qançırı xəsarətini almış və həmin xəsarət sağlamlığa zərər vurmadığı üçün dərəcəsi təyin edilmir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdıran 2(102)-388/2023 nömrəli qərarına istinadən qeyd edir ki, mənəvi zərərin məbləği təqsirli şəxsin təqsiri və ya zərərçəkənin subyektiv vəziyyəti nəzərə alınmadan obyektiv əsaslara görə müəyyən edilir. Mənəvi təzminatın əsas məqsədi zərərin kompensasiyası olduğundan, gələcəkdə baş verəcək zərərin qarşısının alınması üçün yüksək məbləğdə zərər tələb edilə bilməz. İztirab və sarsıntının nəticəsi olan zərər, zərərçəkənin hiss etdiyi fiziki və ya psixoloji ağrı şəklində ortaya çıxdığına görə təzminat bu ağrının dərəcəsinə mütənasib olmalıdır. Ağrının şiddəti obyektiv faktorlara görə dəyərləndirilir. Belə obyektiv faktorlara, törədilən hüquqazidd əməlin növü, ölçüsü, şiddəti, davam etdiyi müddət, zərərçəkən şəxsdə mənfi fiziki və psixoloji təsirləri aiddir. Təzminatın miqdarı ilə bağlı nəzərə alınmalıdır ki, zərərçəkənə şişirdilmiş bir məbləğin verilməsi əsassız varlanmaya gətirib çıxara bilər. Cavabdeh iddiaçıya sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarət, yaxud fiziki ağrı yetirmiş olsa belə, iddiaçıların şikayəti əsasında hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılaraq hazırki iş üzrə cavabdehin əməlinə hüquqi qiymət verilmişdir. Cavabdeh tərəfindən iddiaçılara qarşı törədilmiş hüquqazidd əməldə, yəni inzibati xəta hadisəsində onun şərəfini, ləyaqətini, şəxsiyyətini alçaldan, ona sarsıntı, iztirab və ya işgəncə verilməsi ilə müşayiət olunan hərəkətlərə yol verilməsi aşkar edilməmişdir. Cavabdeh iddiaçıya qarşı hüquqazidd əməl törətmiş olsa belə, bu əməl onu aşağılayıcı tərzdə və nümayişkaranə şəkildə deyil, həmin anda tərəflər arasında yaranmış mübahisə zamanı hadisələrin axarı zəminində baş vermişdir. Həmçinin, cavabdeh törətdiyi əmələ görə inzibati məsuliyyətə cəlb edilərək inzibati tənbehə məruz qalmış, onun barəsində qanunvericilikdə nəzərdə tutulan inzibati tənbeh cərimə cəzası tətbiq edilmiş və qeyd olunan qərar qüvvəyə minmişdir. İddiaçı cavabdeh tərəfindən ona mənəvi iztirab formasında zərər vurulduğunu iddia etsə də, cavabdehin hərəkətləri ilə hansı mənəvi dəyərlərinə zərər dəymiş olmasını təsdiq edən mötəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Cavabdehin tərəflər arasında yaranmış mübahisə zamanı hadisələrin axarı zəminində İddiaçı sağlamlığa zərər vurmayan və dərəcələri təyin edilməyən xəsarət, yaxud fiziki ağrı yetirmiş olması iddiaçılara mənəvi zərər vurulması kimi qiymətləndirilə bilməz. Məhkəmə bu hissədə iddiaçının 2500 (iki min beş yüz) manat mənəvi zərər tələbini əsaslı hesab etmir. İddia ərizəsinə əlavə olunan və xx.xx.2025-ci il tarixdə təqdim edilmiş foto-şəkillər nəzərdən keçirmiş, foto-şəkillərdən ağ plastik şüşəli, kiçik tikilinin - köşkün çöl hissəsinin yanında dəmiriçilik işçiliyinin görüldüyü üzərində müxtəlif ləvazimatlar yerləşən stul yerləşdirilmiş, köşkün çöl hissəsində - xarici hissəsində müəyyən dərəcədə, müxtəlif hissələrdən kəsik və cızıqlar kimi zədələr olması müəyyən edilmişdir. Lakin məhkəmə foto-şəkilləri nəzərdən keçirib, hesab edir ki, foto-şəkillər iddianın təmin olunmasının əsasını təşkil edən sübutlar olaraq hesab edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 95.1-ci maddəsində göstərilir ki, elektron və digər daşıyıcılar üzərində səs və ya video yazılar təqdim edən və ya onların tələb olunması barədə vəsatət qaldıran şəxslər həmin yazıların nə vaxt, kim tərəfindən və hansı şəraitdə yazılmasını göstərməyə borcludur. Məhkəmə maddi zərər tələbi ilə bağlı aşağıdakıları qeyd edir: İddiaçı tərəf köşkün mövcudluğuna və hansı ünvanda yerləşməsinə dair şəhadətnaməni təqdim etsə də, plastik materialdan olan köşkə zədələrin hazırki iş üzrə cavabdeh tərəfindən yetirilməsini sübut edə bilməmişdir. İddiaçı və onun nümayəndəsi həmin ərazidə dəmir alətlərlə yalnız cavabdehin işlədiyini və zədələri də onun yetirdiyini bildirir. Bu isə qeyri müəyyən, ehtimallara əsaslanan ifadələrdir və hər hansı sübuta dayanmır. Maddi zərərin cavabdeh tərəfindən yetirilməsi və zərərin miqdarının 600 (altı yüz) manat olması hər hansı fakta, sübuta əsaslanmır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarında olan sənədləri nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir Həmin məcəllənin 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin məcəllənin 82.4-cü maddəsində göstərilmişdir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin məcəllənin 88-ci maddəsində göstərilir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunan prosessual hüquq normasının tələbinə və şərh olunan əsaslara görə məhkəmə qərara gəlir ki, iddia tələbi təmin edilmədiyindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu məbləği iddiaçıların özlərinə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası rədd edilsin. Məhkəməyə müraciət etmək üçün ödənilmiş 60 (altmış) manat dövlət rüsumu məbləği iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-1547/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-1547/2025
21.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver