Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-1834/2025 30.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Mən, Lənkəran Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Cavabdeh qarşı inzibati xəta haqqında protokollara görə ödənilmiş pulun geri tələb olunması tələbi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında Lənkəran Rayon Məhkəməsinin binasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ İddiaçı MMC sadələşdirilmiş icraata qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək inzibati xəta haqqında protokollara görə ödənilmiş 208 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı MMC tələbini onunla əsaslandırmışdır ki, Azərmaş” MMC-nin mülkiyyətindəki MAS-5004 saylı “Daxili lizinq” müqaviləsinin predmeti olan “Khazar SD” markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil 19 fevral 2024-cü il tarixli “Öhdəliklərin ötürülməsi” müqaviləsinə əsasən Cavabdeh müvəqqəti istifadə və sahibliyinə verilmişdir. “Daxili lizinq müqaviləsi” və “Ödəniş cədvəli”nin şərtlərinə Cavabdeh tərəfindən əməl edilmədiyi üçün İddiaçı MMC iddia ərizəsi ilə Lənkəran rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəmənin 16 dekabr 2024-cü il tarixli e-2(049)-4066/2024 saylı qətnaməsi ilə İddiaçı MMC-nin iddası təmin edilərək cavabdehdən ümumilikdə 2071.02 manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. Lizinq obyekti olan “Khazar SD” markalı, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil cavabdehin müvəqqəti istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar o, Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən inzibati qaydada cərimələnmişdir. Bu faktı hökumət ödəniş portaldan alınmış çıxarış təsdiq edir. Həmin cərimələr aşağıdakılardan ibarətdir: 1. EQ 20954466 saylı protokola görə 16 manat; 2. EQ20954460 saylı protokola görə 32 manat;
3. EQ19974077 saylı protokola görə 64 manat; 4. İXP6064535 saylı protokola görə 80 manat; 5. EQ19641806 saylı protokola görə 16 manat. Şirkət tərəfindən yuxarıda qeyd edilən cərimələrə görə ümumilikdə 208 manat məbləğində ödəniş edilmişdir. Mülkiyyət hüququ ilə İddiaçı MMC-yə məxsus nəqliyyat vastəsilə törədilmiş inzibati xəta haqqında protokollar əsasında yaranmış cərimələr MMC tərəfindən ödənilmişdir. Həmin cərimələr ödənilmədiyi təqdirdə X4 Azərbaycan Respublikasının Qanununun tələbinə uyğun olaraq həmin nəqliyyat vastəsinin saxlanılaraq cərimə meydançasına yerləşdirilməsi haqqında qərar qəbul edilir və qərarın icra edilməsi üçün YPX inpektorlarına təlimat verilir. Bununla da lizinq şirkəti ilə yanaşı nəqliyyat vastəsini faktiki idarə edən şəxsin də hüquqları pozulmuş olur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 5 (beş) iş günü ərzində cavabdehə rəsmi qaydada bildiriş göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir.
Tədqiq edilmiş sübutlar: İş materiallarında olan Lənkəran Rayon Məhkəməsinin e-2(049)-4066/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Lizinq obyekti olan 2021-ci il buraxılışlı, Khazar SD minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobilin Cavabdeh alınaraq mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılması barədə qətnamə qət edilmişdir. İş materiallarına əlavə edilmiş EQ 20954466 saylı, EQ 20954460 saylı, EQ 19974077 saylı, İXP ******* saylı və EQ 19641806 saylı inzibati xəta haqqında protokolların elektron çıxarışlardan görünür ki, **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobil müvəqqəti istifadəsində olduğu müddət ərzində Cavabdeh Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən müxtəlif vaxtlarda inzibati qaydada cərimələnmişdir. Elektron ödəniş qəbzlərinin surətlərindən görünür ki, EQ 20954466 saylı, EQ 20954460 saylı, EQ 19974077 saylı, İXP ******* saylı və EQ 19641806 saylı inzibati xəta haqqında protokollar əsasında əsas və dəbbə pulu da olmaqla ümumilikdə 208 manat cərimə məbləği şirkət tərəfindən müvafiq hesaba ödənilmişdir. Xəbərdarlıq (pretenziya) məktubundan görünür ki, Cavabdeh, Khazar SD minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı avtomobildən istifadəsində olan müddət ərzində inzibati qaydada cərimə edildiyi ümumilikdə 208 manatın Azərmaş MMC tərəfindən ödənildiyi və həmin məbləğin 7 gün ərzində Azərmaş MMC-yə qaytarılması barədə xəbərdarlıq edilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı MMC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir.
ƏSASLANDİRİCİ HİSSƏ
Məhkəmə iddia ərizəsini, işdə olan hüquqi sənədləri tədqiq edib, toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalıdır. Beləki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Bu məcəllənin 21.1-ci maddəsinə əsasən “zərərin əvəzinin ödənilməsini tələb etmək hüquqna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın”. Həmin məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114.1-ci maddəsinə əsasən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Beləliklə, İş materiallarında olan sənədlərdən müəyyən olunur ki, Lənkəran Rayon Məhkəməsinin e-2(049)-4066/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Lizinq obyekti olan 2021-ci il buraxılışlı, Khazar SD minik markalı **-PS-*** dövlət qeydiyyat nişanlı, qara rəngli avtomobil Cavabdeh alınaraq mülkiyyətçi Azərmaş MMC-yə geri qaytarılmışdır. Həmin avtomobil Cavabdeh müvəqqəti istifadəsində olduğu müddət ərzində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən müxtəlif vaxtlarda inzibati qaydada protokol tərtib olunmaqla cərimələnmişdir. Hazırda əsas və dəbbə pulu da olmaqla inzibati protokollara görə ümumilikdə 208 manat miqdarında cərimə məbləği iddiaçı Azərmaş MMC tərəfindən müvafiq hesaba ödənilmişdir. İş üzrə tərəfin təqdim etdiyi sənədlər yekun qərarın çıxarılması üçün kifayət etdiyindən məhkəmə hesab edir ki, iddia təmin olunmalı və inzibati protokollara görə ödənilmiş 208 manat cərimə məbləği cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. MPM-nin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olunduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən iddia qaldırılması üçün iddiaçının ödədiyi 30 manat dövlət rüsumu da onun xeyrinə cavabdehdən tutulmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Göstərilənlərə əsasən və MPM-nin 284-1, 284-5 və 284-6-cı maddələrini rəhbər tuturaq, məhkəmə qət etdi:
İddia təmin edilsin. Cavabdeh inzibati xəta haqqında protokollara görə ödənilmiş 208 manat pul vəsaiti və 30,00 (otuz) manat dövlət rüsumu tutularaq İddiaçı hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 01 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
X3