Məhkəmə qərarları › İş №e-2(049)-2066/2023

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-2066/2023

27.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-2066/2023 27.07.2023 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbi barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 vurduqları 4.400 ABŞ dolları maddi ziyanın və 2.500 manat mənəvi ziyanın tutularaq ona ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2022-ci ilin aprel ayında yük daşıma işlərində vasitəçi kimi tanıdığı Cavabdeh2 ona zəng vuraraq bildirmişdir ki, Cavabdeh1 sifarişi var. 1 fura kivi İrandan təhvil alıb Ukraynaya daşınması təklifini etmişdir. Ümumi daşıma məbləği 6700 ABŞ dollarına razılaşdırılmışdır. İlkin olaraq 3000 ABŞ dolları avans olaraq ödənilmiş, qalan məbləğin Lvov şəhərində malı təhvil verərkən təqdim ediləcəyi bildirilmişdir. Lvov şəhərinə malı çatdırdıqdan sonra Lvovdakı şərik heç bir səbəb göstərmədən malı qəbul etməmiş, Kiyevə getməyi bildirmişdir. Öz vəsaiti hesabına məcburi Kiyevə getmişdir. Demişlər əlavə xərclər olduğu üçün malı boşaldıb qayıdıb 4400 ABŞ dolları Kiyevdən götürərsən, Lakin Kiyevdə də ona problemlər yaratmışlar, malların xarab olması bəhanəsi ilə çəkisini azaltmışlar, lakin buna baxmayaraq pulunu verməmişlər. Demişlər pulu gedib Bakıda Dəyanətdən alarsan, biz pul vermirik, yalnız malı qəbul edirik. Yenidən Bakıya qayıdaraq Dəyanətdən pulunu tələb etsə də görüşməkdən imtina edilmiş, maraqlandıqda məlum olmuşdur ki, onun kimi sürücülərin çoxu bu formada aldadılmışdır. Bununla əlaqədar DİN BMCMİ-nə müraciət etmiş, Babək adlı əməkdaş tərəfindən həm özünün, həm də Məqsəd və Dəyanətin izahatları alınmış, sonradan işin nəticəsi olamamışdır. Dəfələrlə Babək adlı əməkdaşla əlaqə saxlasa da heç bir xəbər çıxmamışdır. Dəyanət və Məqsəd isə xəbər göndərmişlər ki, artıq izahatlarını veriblər, İddiaçı verəcəkləri bir şey yoxdur. Dəfələrlə müraciətlər etsə də müraciətinin nəticəsi barədə məumat verilməsindən imtina edilmişdir. Bu səbəbdən ona qarşı qanunsuzluq edən şəxslər barəsində cinayət işinin açılması üçün prokurorluğa, ordan da nəzarət qaydasında məhkəməyə müraciət edilmişdir. Dəfələrlə Nərimanov Rayon məhkəməsi işi tələb etsə də işin verilməsindən imtina edilmiş, lakin sonradan DİN BMCMİ-dən ona yazılı müraciət edilərək işin mülki xarakterli olması barədə məktub verilmişdir. Artıq bir ildən artıqdır ki, ona vurulan ziyan cavabdehlər tərəfindən ödənilmir, o, və onun kimi sürücüləri bu formada xarici ölkələrə göndərərək yolda əziyyət verirlər. Məcbur olub müxtəlif şəxslərdən vəsait alıb nəqliyyat vasitəsini Ukraynadan Azərbaycana gətirib çıxartmışdır. Cavabehlər ona həm maddi ziyan həm də etibardan istifadə edərək, aldadaraq borclu olduqları vəsaiti verməməsi ilə mənəvi ziyan vurmuşdur. Hazırda ona vurulan 4400 ABŞ dollar maddi ziyanı, 2500 mənəvi ziyanı tələb edir. Məhkəmə baxışında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, iş üzrə Cavabdeh2 beş ildir ki, tanıyır və o, Məqsədin qardaşına məxsus şirkətdə sürücü işləyir. Özünün xüsusi Tır yük maşnı vardır. 2022-ci ilin aprel ayında Məqsəd telefonla ona zəng edərək bildirmişdir ki, Dəyanətin malını Lvov şəhərinə çatdırmaq lazımdır. Yükün daşınmasını 6.700 ABŞ dollarına razılaşmışlar. Bundan sonra o, Dəyanətin sifarişi ilə kivi meyvəsi olan məhsulu götürməkdən ötrü İrana getmişdir. İranda onu qarşılayaraq, yükü maşınına yükləmişlər və Ukraynaya doğru yola düşmüşdür. Azərbaycan Respublikasının ərazisinə keçdikdən sonra Məqsəd onunla Astara rayonu ərazisində görüşərək razılaşdıqları kimi 3.000 ABŞ dollarını ona vermişdir və pulun qalan hissəsini yükü təhvil verəndə alacağını bildirmişdir. O, iş üzrə Cavabdeh1la heç vaxt şəxsən görüşməmişdir. Dəyanətlə yalnız telefonla danışmışdır. Telefon danışıqlarında Dəyanət ona yükü çatdıracaq şəxslərin telefon nömrəsini vermişdir. Dəyanət ona malı təhvil alacaq Anar adlı şəxsin əlaqə nömrəsini vermişdir və Lvov şəhərinə çatdıqdan sonra həmin şəxslə əlaqə saxlamışdır.O, Lvov şəhərinə çatdıqdan sonra malı qəbul edən şəxslər ona bildiriblər ki, mal xarab olub. Maşında 28 palit mal olmuşdur, həmin mallardan cəmi 2 paliti xarab olmuşdu. O, malı daşıyarkən bütün yol boyu nəzərdə tutulan tempratura nzarət etmişdir. Yükü Kiyev şəhərinə aparması ona bildirilmişdir və bunun üçün ona əlavə 700 ABŞ dolları da ödəniləcəyi bildirilmişdi. Malı Kiyev şəhərində avtomobilindən başaldaraq satmışlar. Pul istədikdə isə ona bildirilmişdir ki, ona pul verilməyəcək və pulun qalanını Azərbaycanda Dəyanətdən almalıdır. İddia tələbinin təmin ediməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışı zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil çıxışında bildirdi ki, İran İslam Respublikasından Ukraynanın Lvov və Kiev şəhərlərinə iş üzrə İddiaçı tərəfindən sözügedən kivi meyvəsinin daşınmasına dair tapşırıq ona iş üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmişdir. Bunun üçün də həmin yükdaşıma nəticəsində iddiaçıya dəymiş maddi və mənəvi ziyan üçün cavabdehlər birgə öhdəlik daşıyırlar. İddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh2 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, onun qardaşının Ukraynada daşıma şirkəti vardır və İddiaçı də həmin şirkətdə işləmişdir. İsmədin xüsusi Tır yük avtomobili vardır və yükdaşıma ilə məşğul olur. O, özü də bu sahədə çalışdığı üçün İsməd ondan xahiş etmişdir ki, yükdaşıma işi olanda onunla əlaqələndirsin. Dəyanət onun tanışıdır. 2022-ci ilin aprel ayında Dəyanət ona bildirmişdir ki, onun tanışları üçün X1 şəhərinə kivi meyvəsi olan yükü aparmaq lazımdır. Ona bu daşıma barədə Dəyanət bildirmişdir. İsməd həmin yükü Lvov şəhərinə 6.500 ABŞ dollarına aparmağa razılaşmışdır. Bundan sonra o, danışıqlarını Dəyanətlə davam etdirmişdir. İsməd malı İrandan yükləyib Azərbaycan respublikasının ərazisinə keçdikdən sonra Dəyanətin adından Astara rayonu ərazisində onunla görüşüb razılaşdırılan kimi avans olaraq 3.000 ABŞ dollarını İsmədə ödəmişdir. Daşınan mal onun olmamışdır. İsmədi yaxından tanıdığı üçün daşıma xidmətinin haqqını ondan soruşmuşdur və qiymət barədə Dəyanətə bildirmişdir. İlk əvvəllər həmin malın kimə məxsus olduğunu bilməmişdir, çatdırılandan sonra həmin malın Anar və Rövşən adlı şəxslərə məxsus olduğunu bilmişdir. Sadəcə İsmədə onun xahişinə əsasən xeyir vermək üçün daşıma barədə ona məlumat verərək, Dəyanətlə onu əlaqələndirmişdir. Bu barədə İsmədə deyərkən onun bu işdə yalnız vasitəçi olduğunu və ona xeyir vermək məqsədilə işi ona caladığını bildirmişdir. Sonradan hətta ona bildirmişlər ki, İsməd yükü təhvil verərkən malın xarab olduğu məlum olmuşdur. Onunla İsməd arasında yükdaşıma ilə əlaqədar heç bir müqavilə bağlanmamışdır və razılaşma olmamışdır. İsməd özü də həmin malın ona məxsus olmadığını bilirdi. Ona qarşı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə baxışında iştirak edən Cavabdeh1 ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, 2022-ci ilin aprel ayında Anar və Rövşən adlı tanışları onunla əlaqə saxlayaraq X1 şəhərinə daşınası mallarının olduğunu və bunun üçün onlara avtomaşın lazım olduğunu bildirmişlər. O, da bu sahədə çalışan tanışı Məqsədə müraciət etmiş, Məqsəd də həmin yükün daşınması üçün İddiaçı məsləhət görmüşdür. İlkin olaraq İsmədlə Məqsəd danışsa da sonradan onunla özü əlaqə saxlamışdır. İlkin telefon danışığından malın və sifarişin ona deyil Ukraynada yaşayan Anar və Rövşən adlı şəxslərə məxsus olduğunu İsmədə bildirmiş, həmin şəxslərin əlaqə nömrələrini ona təqdim etmişdir. Pulun qalığının da malın təhvil verilməsi zamanı həmin Anar və Rövşən adlı şəxlər tərəfindən İsmədə ödəniləcəyini ona bildirmişdir. Ukraynaya çatdıqdan sonra İsməd özü malın sahibləri ilə əlaqə saxlamış və onu təhvil vermişdir. Sonradan ona məlum olmuşdur ki, malı təhvil verərkən onun xarab olduğu və bunun sürücünün təqsiri ucbatından baş verdiyi aşkar edilmişdir. O, daşıma zamanı soyuducunu düzgün işlətməyib və malı alan Ukrayna şirkəti 15.000 ABŞ dolları ziyana düşmüşdür. Göndərilən kivi məhsulu İran şirkəti ilə Ukrayna şirkəti arasında alqı-satqı müqaviləsi əsasında baş tutmuşdur. Həmin malın və daşımanın ona heç bir aidiyyəti yoxdur. Sonradan malı Kiyevə aparmağı da ona mal sahibləri tapşırmışlar. Ona qarşı iddia tələbinin əsassız olduğu üçün təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmamalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Prosessual qanunvericiliyin “iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilməsini tənzimləyən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2002-ci il tarixli qərarına əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarateri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 saylı qərarında göstərilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrındа Plenum izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmin qərаrın 10-cu bəndində Plenum izah etmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) , habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Həmin qərаrın 11-ci bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1128.1-ci maddəsinə müvafiq olaraq malın, işin və ya xidmətin konstruksiya, resept və digər qüsurları (keyfiyyətsiz məhsul) nəticəsində, habelə mala (işə, xidmətə) dair yanlış və ya yarımçıq informasiya nəticəsində fiziki şəxsin həyatına, sağlamlığına və ya əmlakına dəyən zərərin əvəzini malın satıcısı və ya istehsalçısı, işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı), təqsirli olub-olmadığına və zərərçəkənin onlar ilə müqavilə münasibətlərində olub-olmadığına baxmayaraq ödəməlidirlər. Məhkəmələr nəzərə almalıdırlar ki, mənəvi zərər mənəvi sarsıntı və iztirabların əvəzinin ödənilməsinə yönəldildiyi üçün istehlakçıların hüquqları pozulduğu hallarda mənəvi zərərin məbləği malın (işin, xidmətin) dəyərindən deyil, istehlakçının məruz qaldığı mənəvi sarsıntı və ya iztirablardan asılı olaraq müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Hazırkı mübahisədə ona dəymiş ziyanı sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin iddiaçı bu tələbinin əsaslı olmasını təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Sübuta söykənməyən tələb isə əsaslı hesab edilə bilməz. Belə ki, iddiaçı tələbini mülahizə xarakterli izahata əsaslanmaqla sübut etməyə çalışmışdır. Bu mənada məhkəmənin qənaətinə görə iddiaçı iddia ərizəsinin dəlillərinə istinad edərək, ziyanın məhz cavabdehlərin təqsirli, hüquqazidd hərəkətləri nəticəsində vurulmasını göstərəcək dəlilləri təqdim etməklə, istinad etdiyi hallara dair məhkəməyə mötəbər sübutlar təqdim etməli və bu halları sübuta yetirməli idi. Lakin bu hallarla bağlı yalnız iddiaçının mülahizə xarakterli izahatı mövcuddur ki, həmin izahat da formal əsaslar kimi qiymətləndirilir. Belə ki, iddiaçının izahatı iş üzrə olan digər sübutlarla yanaşı yoxlanılmalıdır ki, onun tərəfindən də belə bir sübut təqdim edilməmişdir. Əksinə, məhkəmə araşdırması zamanı İddiaçılə Cavabdeh1 şəxsi tanışlıqlarının olmadığı, Dəyanətlə olan telefon danışıqlarında sonuncunun yükü çatdıracağı şəxslərin (Anar və Rövşən) telefon nömrəsini iddiaçıya verdiyi, iddiaçının həmin şəxslərlə əlaqə saxlayan zaman malın xarab olması səbəbi ilə aralarında mübahisə yarandığı müəyyən edilmişdir. Göründüyü kimi, iddiaçı ilə Cavabdeh1 arasında hər hansı yükdaşıma xidmətinin göstərilməsi barədə sövdələşmə olmamış, bununla da sonuncunun iddiaçı qarşısında öhdəliyi yaranmamışdır. Eyni zamanda, məhkəmə iclasında iddiaçının Cavabdeh2 qardaşına məxsus şirkətdə işlədiyi, Cavabdeh2 yalnız iddiaçının Cavabdeh1la telefon vasitəsi ilə əlaqə saxlamasında vasitəçi olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbinə dair iddiası əsassız olduğundan rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi qeyd edir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı maddi və mənəvi ziyan tələbi barədə iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 120.20 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar