Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2204/2025 27.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ələsgərov Elvin Əvəz oğlu, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması, uşaqla görüş hüququnun müəyyən edilməsi, kredit borcunun bölüşdürülməsi və maliyyə vəziyyətinin nəzərə alınması tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək barışıq sazişi ilə müəyyən edilmiş 200 manat alimentin müvəqqəti olaraq 50 manat, ya da maksimum 100 manat olaraq müəyyən edilməsini, cavabdehlə birgə nikahından doğulmuş uşaqla həftədə iki dəfə videobağlantı vasitəsilə ünsiyyət qurmaq, həmçinin, hər ay fiziki olaraq ardıcıl 4-5 gün olmaqla uşağı götürmək və şəxsi şəkildə görüşmək hüququnun verilməsini, “Unibank”a olan 1670 manat kredit borcu qalığının cavabdehlə birlikdə bölüşdürülməsini, ya da bu borc tam ödənilənə qədər alimentin məbləğinin müvəqqəti olaraq azaldılmasını və ya ödənişlərin təxirə salınmasını, maliyyə vəziyyəti ilə bağlı məsələlərin bir məhkəmə icraatında birgə şəkildə araşdırılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, ərizə Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 149-150-ci maddələrinin tələblərinə riayət edilmədən verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, iddiaçı iddia ərizəsinin məzmununda və tələbin mahiyyətinə aid son hissəsində müxtəlif məzmunlu tələblərdən bəhs etməklə, həm alimentin azaldılmasını, həm uşaqla görüş hüququnun müəyyən edilməsini, həm də kredit borcunun bölüşdürülməsini tələb etmiş, eyni zamanda, maliyyə vəziyyəti ilə bağlı məsələlərin araşdırılmasını məhkəmədən xahiş etmişdir. Göründüyü kimi, iddiaçının hazırki iddia tələb(lər)inin hansı növ mübahisələrə aid olduğu iş materiallarından müəyyən edilmir. Bununla da iddiaçı bir-biri ilə əlaqəsi dəqiq bəlli olmayan, qeyri-müəyyən tələblərlə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Eyni zamanda, iddiaçı hazırki tələb(lər)lə məhkəməyə müraciət etmək üçün mübahisənin məhkəməyəqədər həlli qaydalarına riayət etməmiş, həmçinin, qanunvericilikdə nəzərdə tutulmuş miqdarda dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədi işə əlavə etməmişdir. Belə ki, iddiaçının hazırki tələbi ailə münasibətlərindən irəli gələn mübahisələrə dair tələb hesab ediləcəyi təqdirdə, iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi məhkəməyə təqdim etməli olduğu halda, bu qaydaya riayət etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.6-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bundan əlavə, iddiaçının hazırki iddia tələb(lər)i qiymətləndirilməyən iddia hesab ediləcəyi təqdirdə, iddiaçı 100 manat dövlət rüsumunun ödənilməsinə dair qəbzi ərizəsinə əlavə etməli idi. İddiaçı özü məhkəməyə elektron qaydada göndərdiyi ərizəsində öz tələbini qiymətləndirilən iddia (iddia qiyməti 1000 manatdan 10.000 manatadək olduqda) kimi qeyd etmiş, lakin hazırki tələb(lər)lə məhkəməyə müraciət etmək üçün cəmi 42 manat dövlət rüsumu ödəmişdir. Halbuki, hazırki tələb qiymətləndirilən iddia olsaydı da, iş üzrə ödənilən dövlət rüsumu həm alimentin azaldılması xahiş edilən miqdarının illik məcmusuna, həm də tələbdə qeyd edilən kredit məbləğinə görə ödənilməli dövlət rüsumu məbləğini əhatə etməli idi. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2, 8.2-ci maddəsinə müvafiq olaraq məhkəməyə verilən iddia ərizələri üzrə iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunan əsaslara görə hesab edirəm ki, hazırki iddia ərizəsi qanunvericiliyin tələblərinə cavab vermədiyindən ərizənin icraata qəbul olunaraq mahiyyəti üzrə baxılması mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması barədə hazırki qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən aidiyyəti məhkəməyə müraciət edilə bilər. Azərbaycan Respublikası Mükli Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu geri qaytarılır. İddia ərizəsi qaytarıldığına görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 42 manat dövlət rüsumu da ona qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mükli Prosessual Məcəlləsinin 114, 149, 150, 152, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, qəraraaldım: İddiaçı Cavabdeh qarşı alimentin azaldılması, uşaqla görüş hüququnun müəyyən edilməsi, kredit borcunun bölüşdürülməsi və maliyyə vəziyyətinin nəzərə alınması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, qərardadın təsviri hissəsində göstərilən çatışmazlıqlar aradan qaldırıldıqdan sonra ümumi əsaslarla yenidən aidiyyəti məhkəməyə müraciət edilə bilər. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzə əsasən ödənilmiş 42 manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-2204/2025
Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2204/2025
27.05.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver