Məhkəmə qərarları › İş №e-2(049)-2229/2024

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2229/2024

12.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2229/2024 12.06.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Ağabəyov Nicat Rauf oğlu, İddiaçı cavabdeh X1 qarşı alimentin silinməsi tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri Lənkəran Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, müəyyənetdim: İddiaçı cavabdeh X1 qarşı alimentin silinməsi (və yaxud ləğv edilməsi) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşağa görə 170 manat olmaqla, 510 manat sabit pul məbləğində alimentin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(049)-4393/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Həmin qərardadda iddia ərizəsinin qaytarılmasının əsası olaraq qeyd edilmişdir ki, həmin tələblə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumu ödənilməmiş, ailə münasibətlərindən irəli gələn mübahisə ilə bağlı məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən müvafiq sənəd ərizəyə əlavə edilməmiş, habelə, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilməmişdir. Həmin əsaslarla iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, eyni zamanda, qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ iddiaçıya izah edilmişdir. İddiaçı məhkəmənin həmin qərardadında qeyd olunanlara qismən əməl edərək xx.xx.2024-cü il tarixdə yenidən eyni məzmunlu iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsi ilə bağlı qəbzi və məhkəməyə müraciət etməzdən əvvəl tərəflərin ilkin mediasiya sessiyasında iştirak etmələrini təsdiq edən müvafiq sənədi ərizəyə əlavə etsə də, yenə də tələbinin məzmununu dəqiqləşdirməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinin tələbin mahiyyətinə aid hissəsində başqa bir məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, lakin hazırki ərizəsinin müstəqil bir iddia tələbi və ya həmin məhkəmə qərarından narazı qalmasının təzahürü kimi verildiyini izah etməmiş, bu günədək yığılmış aliment borcunun silinməsini, yaxud bundan sonra aliment ödəməkdən azad edilməsini xahiş etdiyini izah edə bilməmişdir. Habelə, iddia ərizəsinin məzmununda qeyd edildiyi kimi, iddiaçı Abşeron Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsindən narazı qaldığı halda, onun həmin qətnamədən apellyasiya şikayəti veribvermədiyi, qeyd olunan məhkəmə qərarının hazırda qüvvədə olub-olmadığı da iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən müəyyən edilmir. Bununla da iddiaçı qeyrimüəyyən tələblə məhkəməyə müraciət etmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində iddia tələbinin əsaslandığı hallara dair sübutların siyahısını göstərməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2 və 149.4-cü maddələrinin məzmununa görə ərizənin verildiyi məhkəmənin adı; iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda - iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı; mübahisənin düzgün həll edilməsi üçün zəruri olan digər məlumatlar, həmçinin iddiaçının vəsatətləri ərizədə göstərilməlidir. Qeyd olunan prosessual hüquq normasının məzmunundan göründüyü kimi, iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı ilə ərizəyə əlavə edilən sənədlərin siyahısı fərqli məfhumlar olmaqla, onların hər birinin iddia ərizəsində ayrı-ayrııqda göstərilməsi ərizənin icraata qəbul edilməsi üçün vacib və zəruru şərtlərdəndir. İddiaçının istinad etdiyi sübutların siyahısı ərizənin məzmununda göstərilmədiyi təqdirdə, iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısının ərizənin sonunda göstərilməsi həmin ərizənin icraata qəbul edilməsi üçün yetərli deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsinə xx.xx.2021-ci il tarixli 363-VİQD nömrəli Qanuna əsasən edilmiş dəyişikliyə görə iddiaçının və ya ərizəçinin öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində göstərilməlidir (maddə 149.2.3). Bu tələb mülki prosessual hüquq normalarının ümumi prinsiplərinə uyğun olmaqla yanaşı, iş üzrə tələbə cavab verməli olan şəxsin ona qarşı yönələn tələbin hansı sübutlara əsaslandığını işin icraata qəbul edildiyi vaxtdan etibarən bilməsinə, bununla da özünün həmin tələbə qarşı yarana biləcək etiraz və vəsatətlərini qanunauyğun şəkildə sistemləşdirib məhkəməyə vaxtında təqdim etmək imkanlarına xidmət edir. Qeyd olunan prosessual hüquq normasında göstərilən tələb imperativ xarakterli olub, tərəflərin istinad etdikləri sübutları vaxtında məhkəməyə təqdim etməklə həm işdə iştirak edən şəxslər, həm də məhkəmələr tərəfindən prosessual qənaət prinsipinə riayət edilməsinə yönəldilmiş tədbirdir. Bu müddəa iddiaçının (ərizəçinin) sübutlar siyahısında göstərilməyən digər sübuta öz tələblərinin əsası kimi istinad etməsinin, bunun üçün əsaslar sonradan əmələ gəldiyi hallar istisna olmaqla, qarşısını alır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddiaçı tərəfindən hazırki iddia tələbi ilə məhkəməyə müraciət edilərkən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədiyindən hazırki iddia ərizəsi və ona əlavə edilmiş sənədlər də geri qaytarılmalıdır. İddiaçı təkrarən izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149, 152, 263, 264, 266-268-ci maddələrinin tələblərini rəhbər tutaraq, Qəraraaldım: İddiaçı cavabdeh X1 qarşı alimentin silinməsi tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar