Məhkəmə qərarları › İş №e-2(049)-2669/2025

Lənkəran Rayon Məhkəməsi Qərardad — İş №e-2(049)-2669/2025

02.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Lənkəran şəhəri İş № e-2(049)-2669/2025 02.07.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Lənkəran Rayon Məhkəməsinin hakimi Aslanov Murad Şamxal oğlu İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizə bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. İddiaçı tərəfindən verilmiş ərizə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununun tələblərinə cavab vermədiyindən həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə uyğun olaraq geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə cavabdeh rəsmi nikahda olan şəxslərdir. Tərəflər arasında olan hazırki mübahisə də onların ailə münasibətlərindən irəli gələn mübahisədir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən mülki işlər və kommersiya mübahisələri (xarici elementli mübahisələr də daxil olmaqla); ailə münasibətlərindən irəli gələn mübahisələr; əmək münasibətlərindən irəli gələn mübahisələr; inzibati hüquq münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. Həmin Qanunun 28.1-ci maddəsinə əsasən kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. İş materiallarından görünür ki, iddiaçı ilə cavabdeh Lənkəran rayonunda qeydiyyatdadır. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl mediasiya təşkilatına müraciət etdiyini təsdiq edən sənədi işə əlavə etsə də, həmin sənədin məzmunundan görünür ki, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı isə aidiyyəti üzrə mübahisənin aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına deyil, Abşeron rayon 1 saylı Mediasiya təşkilatına müraciət etmşdir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 28.3-cü maddəsinə əsasən tərəfin bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş mediasiya prosesinin tətbiqi barədə təklifi digər tərəfə təqdim edildikdən sonra 10 iş günü ərzində qəbul edilmədikdə və ya tərəflər bu Qanunun 28.2-ci maddəsinə əsasən mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, ilkin mediasiya sessiyası tərəflərdən hər hansı birinin ilkin müraciət etdiyi, mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı, həmin şəhər və ya rayonda mediasiya təşkilatı olmadıqda isə (bu Qanunun 28.4-cü maddəsi nəzərə alınmaqla) həmin məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın şəhər və ya rayonlardan birində yerləşən mediasiya təşkilatı tərəfindən aparılır. Bu halda tərəflər mediator barədə razılığa gəlmədikdə, mediatoru mediasiya təşkilatı təyin edir. Qeyd olunan hüquq normasının məzmunundan göründüyü kimi, tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədikdə, məhkəməyə müraciət edəcək tərəf mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni ərazidə yerləşən mediasiya təşkilatına, qeyd olunan ərazidə mediasiya təşkilatı olmadıqda isə məhkəmənin yerləşdiyi inzibati ərazi vahidinə ən yaxın məsafədə yerləşən mediasiya təşkilatına müraciət etməlidir. Hazırki iş üzrə tərəflər mediator və ya mediasiya təşkilatı barədə razılığa gəlmədiyindən və mübahisə aidiyyət baxımından iddiaçının yaşadığı yer üzrə Lənkəran Rayon Məhkəməsinə aid olduğundan həmin ərazi üzrə mediasiya sessiyası Lənkəran rayon ərazisində olan mediasiya təşkilatı tərəfindən aparılmalıdır. Lakin iddiaçı həmin qaydaya riayət etməyərək tərəflər arasında razılıq olmadığı halda, ərazi aidiyyəti üzrə Lənkəran Rayon Məhkəməsinə aid mübahisələrlə bağlı mediasiya sessiyasını aparmaq səlahiyyəti olmayan mediasiya təşkilatına müraciət etmiş, bununla da mediasiya prosesində iştirakla bağlı qanunvericilikdə müəyyən edilmiş qaydaların tələbini pozmuşdur. İddiaçıya izah edilir ki, iddia ərizəsinin qaytarılması qərardadda qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra onun ümumi qaydada yenidən aidiyyəti üzrə məhkəməyə müraciət etməsinə mane olmur. Eyni zamanda, iddiaçıya izah edilir ki, mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflər qarşılıqlı razılaşma əsasında bir və ya bir neçə mediator seçə, habelə, qarşılıqlı razılaşma olmadıqda mübahisənin aidiyyəti üzrə aid olduğu məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatına müraciət edə bilərlər. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya izah edilsin ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində qərardaddan Lənkəran Rayon Məhkəməsinə (Elektron Məhkəmə sistemində yaradılmış elektron kabinet vasitəsi ilə) şikayət verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar