Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-273/2025 27.01.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə evliliyindən doğulmuş 29 mart 2021-ci il təvəllüdlü X4 və 08 iyun 2023-cü il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər hər ay hər bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alinıentin Cavabdeh tutularaq, ona ödənilməsi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 26 iyun 2019-cu il tarixdə el adət-ənənəsi ilə evlənərək, ailə qurmuşdur. Birgə evliliklərindən 29 mart 2021-ci il tarixdə X5 və 08 iyun 2023-cu il tarixdə X6 adlı övladlarımız anadan olmuşlar. Hazırki iddia tələbi üzrə ərizə verməyinin əsas məqsədi xasiyyətlərinin tutmaması, cavabdehin ailəsinə biganə yanaşması, bu səbəbdən birgə yaşamaqlarının mümkün olmamasıdır. Belə ki, birgə yaşadıqları dövrdə aralarında ciddi münaqişələr olaraq, ər-arvad münasibətləri ən şiddətli həddə çatmışdır. Münasibətlərini normallaşdırmağa, yenidən sağlam bir ailə kimi birləşməyinə ıışaqlarına xətir dəfələrlə cəhd edib, cavabdehlə danışıqlar aparmağa çalışsa da heç bir nəticə əldə etməmişdir. Ailə münasibətlərinin bərpa olunması qeyri mümkündür. Artıq uzun müddətdir ki, evlilikləri formal xarakter daşıyır və barışıb bir ailə kimi yaşamaqları mümkün deyildir. Onu da xüsusilə qeyd etmək istəyir ki, cavabdeh öz atalıq borcunu yerinə yetirməyərək azyaşlı övladlarının qeydinə qətiyyən qalmır, nə birgə yaşadıqları, nə də ayrı yaşadıqları dövrdə cavabdeh bir ata kimi uşaqlarının səhhəti, yaşayışı, gündəlik tələbatları ilə maraqlanmayıb, onların heç bir ehtiyaclarını ödəməyib. Buna görə də uşaqlarının onun himayəsində qalması onun gələcəyi, sağlamlığı və tərbiyəsi üçün daha məqsədəmüvafiqdir. Belə olduğu təqdirdə, məhkəməyə qədər ilkin mediasiya sessiyasında iştirak edərkən, azyaşlı uşaqlarımızın saxlanılması üçün Cavabdeh tələb eldiyim 400 manat məbləğində aliment məbləğinin ödənilməsindən imtina etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, cavabdeh hazırda şirkətdə işləyərək, aylıq gəliri 2.000 manat təşkil edir. Lakin buna baxmayaraq uşaqlarının saxlanmasında ona heçbir köməklik göstərmir. O, hazırda iki uşağı ilə birlikdə atasının ebində yaşayır, heç bir yerdə işləmir və gəliri yoxdur. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı irəli sürülmüş iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, hər ay 470 manat məbləğində alimenti ödəmək onun üçün mümkünsüzdür. Belə ki, aylıq əmək haqqı 650 manat təşkil edir. Hər ay hər uşağa 120 manat aliment ödəyə bilər. İddia tələbinin qismən təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili X7 iddia tələbinin qismən, hər uşağa dair 120 manat alimentin ödənilməsi ilə təminedilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materaiallarına əlavə edilmiş və notarial qaydada təsdiqlənmiş AZ-İV seriyalı, 731340 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2021-ci il təvəllüdlüdür. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. İş materaiallarına əlavə edilmiş və notarial qaydada təsdiqlənmiş AZ-İV seriyalı, 903920 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2023cü il təvəllüdlüdür. Uşağın atası Cavabdeh, anası İddiaçıdır. “Elektron məhkəmə” İnformasiya sistemindən əldə edilmiş çıxarışdan müəyyən edilir ki, iş üzrə Cavabdeh "xxxx" MMC-də əmək müqaviləsi əsasında təchizatçı (topdansatış ticarəti) vəzifəsində işləyir və aylıq əmək haqqı 654,75 manat təşkil edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı,onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansıəqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. Qeyd olunan qərarda Konstitusiya məhkəməsi “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təmin edilməsinin bütünlüklə aliment ödəyən valideynin vəzifəsi olduğunu birmənalı olaraq müəyyən etməmişdir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən uşaqların saxlanılması hər iki valideynin borcudur. Məhkəmə hesab edir ki, cavabdehdən aliment minimum əmək haqqının mislinə uyğun sabit pul məbləğində tutulmalı, habelə sabit pul məbləğinin miqdarı müəyyən edilərkən tərəflərin maddi və ailə vəziyyəti, uşaqların mənafeyi, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsini mümkün qədər maksimal saxlanılması əsas tutulmalıdır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 saylı, 20 dekabr 2024-cü il tarixli qərarının 8.4-1 madəsinə əsasən, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. Ona görə də məhkəmə yuxarıda qeyd olunan hüquq normalarının tələblərini əsas tutaraq və yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment ödənilməsi ilə əlaqədar tərəflər arasında mübahisənin olmasını nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə tərəflərin vətəndaş nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər ay hər uşağa minimum əmək haqqı məbləğinin 0,4 misli miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə hesab edir ki, alimentin tutulmasının başlanğıcı iddia əizəsinin məhkəməyə təqdim edildiyi – xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Belə ki, iş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olmuş və 2(049)-4402/2024 daxilolma nömrəsi ilə qeydə alınmışdır. Ailə Məcəlləsinin 120.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1 maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş ilkin mediasiya arayışından görünür ki, iş üzrə İddiaçı tərəfindən 60 manat məbləğində mediasiya xərci ödənilmişdir və həmin xərcə dair 60 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Qeyd olunan Məcəllinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. MPM-nin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixdən başlayaraq, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə minimum əmək haqqı məbləğinin 0,4 misli miqdarında aliment tutularaq İddiaçı verilsin. Ödənilmiş mediasiya xərcinə dair 60 manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı verilsin. Qətnamə alimentin ödənilməsi hissəsində dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Lənkəran rayon məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Anar Pənahov
Məhkəmə qərarları › İş №e-2(049)-273/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-273/2025
27.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver