Məhkəmə qərarları › İş №e-2(049)-3429/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3429/2024

14.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3429/2024 14.11.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ağabəyov Nicat Rauf oğlunun sədrliyi, Məmmədov Tural Məhərrəm oğlunun katibliyi, İddiaçı Xanoğlanovnanın nümayəndəsi və vəkili Vəkil və Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Xanoğlanovnanın Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Xanoğlanovna iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X3 saxlanılması üçün 2024-cü ilin avqust ayından başlayaraq uşaq yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq uşağın 3 yaşına çatanadək hər ay əlavə 200 (iki yüz) manatın və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə nikah qeydiyyatından keçməklə ailə qurmuşlar. Birgə nikahdan 1 övladı - xx.xx.2023-cü il təvəllüdlü X4 anadan olmuşdur. Uzun müddət cavabdehlə münasibətləri pozulmuş, onun münasibətləri normallaşdırmaq, ailə münasibətlərini qaydaya salmaq cəhdləri heç bir nəticə verməmişdir. O, bütün bunlara baxmayaraq, ailənin dağılmaması üçün əlindən gələni etmişdir. Lakin cavabdeh ailə münasibətlərini davam etdirməyi lüzumsuz saymış və nikaha 28 oktyabr 2023-cü il tarixində Moskva vilayəti Ximki rayon 236 saylı məhkəmə bölməsinin sülh hakiminin 27 sentyabr 2023-cü il tarixli nikahın pozulması haqqında qərarına əsasən xitam verilmişdir. Beləliklə də, birgə nikahdan anadan olmuş xx.xx.2023-cü il təvəllüdlü X2 himayəsində olduğu üçün cavabdehdən onun saxlanılması üçün aliment tutulmalıdır. Bunun üçün ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat cavabdehdən alınaraq ona verilməlidir. Qeyd etmək istəyir ki, cavabdeh uşağın atası olmasına baxmayaraq, uşağın saxlanılması ilə əlaqədar ona heç bir köməklik göstərmir. Baxmayaraq ki, faktiki olaraq gəlir əldə edir. O, isə heç bir yerdə işləmir və gəlir əldə etmir və hal-hazırda valideyninin himayəsində yaşayır. Məhkəmə iclasında İddiaçı Xanoğlanovnanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etdi, iddia ərizəsində göstərilənlərə uyğun məzmunlu izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qismən, yəni 235 manat alimentin tutulması hissəsində qəbul etdiyini, lakin uşaq 3 yaşına çatanadək iddiaçıya aliment ödənilməsi hissəsi ilə bağlı razı olmadığını bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş: Doğum haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X4 xx.xx.2023-cü il tarixdə Rusiya Federasiyası, Moskva şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası isə İddiaçı Xanoğlanovna kimi qeyd edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin rus dilindən azərbaycan dilinə tərcümə edilərək notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı Xanoğlanovna ilə Cavabdeh arasında bağlanmış nikaha Moskva vilayəti Ximki rayon 236 saylı məhkəmə bölməsinin sülh hakiminin 27 sentyabr 2023-cü il tarixli nikahın pozulması haqqında qərarına əsasən xitam verilmişdir. xx.xx.2024-cü il tarixli, MŞL/MT014/2024-01237 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Xanoğlanovnanın nümayəndəsi Vəkil ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə iştirak etməmişdir. Vəkil 50 manat məbləğində medasiya xərci ödəmişdir. Belə ki, iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı Xanoğlanovna ilə Cavabdehn arasında bağlanmış nikaha Moskva vilayəti Ximki rayon 236 saylı məhkəmə bölməsinin sülh hakiminin 27 sentyabr 2023-cü il tarixli nikahın pozulması haqqında qərarına əsasən xitam verilmişdir. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə X4 adlı uşaq doğulmuşdur. Uşaq hal-hazırda iddiaçının yanında qalır. İddiaçı xx.xx.2023-cü il təvəllüdlü X3 saxlanılması üçün 2024-cü ilin avqust ayından başlayaraq uşaq yetkinlik yaşına çatana qədər Cavabdeh hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində alimentin və işləmədiyini, maddi yardıma ehtiyacı olduğunu nəzərə alaraq uşağın 3 yaşına çatanadək hər ay əlavə 200 (iki yüz) manatın və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat pulun cavabdehdən tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi Nümayəndə iddia tələbini qismən, yəni 235 manat alimentin tutulması hissəsində qəbul edir, lakin uşaq 3 yaşına çatanadək iddiaçıya aliment ödənilməsi hissəsi ilə bağlı razı olmadığını bildirərək iddia tələbinin qismən təmin edilməsini xahiş edir. Məhkəmə iş üzrə tərəflərin nümayəndələrini dinləyib, iş materiallarını araşdıraraq və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. BMT-nin Baş Məclisinin 20 noyabr 1959-cu il tarixli, 1386 saylı qətnaməsi ilə elan edilmiş «Uşaq Hüquqları Bəyannaməsi»nin 6-cı prinsipində göstərilir ki, uşaq şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün məhəbbətə və başa düşülməyə möhtacdır, o, mümkün olduqda, valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi maddi təminat mühitində böyüməlidir; azyaşlı uşaq, müstəsna şərait mövcud olduğu hallardan başqa, anasından ayrılmamalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddələrində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1-ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanunu ilə 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. İddiaçının alimentin tutulması tələbini müzakirə edərkən məhkəmə yuxarıda sadalanmış normaların müddəalarına əsasən hesab edir ki, cavabdehin iddiaçının uşağa görə ondan hər ay 235 manat aliment tutulmasını tələbini qəbul etdiyindən cavabdehdən hər ay 235 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya verilməlidir. Eyni zamanda, iddiaçının Ailə Məcəllənin 84-cü maddəsinə əsasən tərəflərin birgə nikahından doğulmuş xx.xx.2023-cü il təvəllüdlü X3 3 yaşına çatanadək özü üçün aliment tələbini qismən əsaslı hesab edərək, cavabdehdən hər ay 50 manat məbləğində aliment tutulmasını ədalətli hesab edir. BMT Baş Məclisinin 1989-cu il 20 noyabr tarixli 44/25 nömrəli qərarı ilə təsdiq edilmiş, 1990-ci il 2 sentyabr tarixindən qüvvəyə minmiş “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci hissəsinə görə də valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə əsas məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı Xanoğlanovna iddia ərizəsi ilə məhkəməyə xx.xx.2024-cü il tarixində müraciət etdiyi üçün cavabdehdən aliment həmin tarixdən başlayaraq tutulmalıdır. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd olunmuşdur ki, məhkəmələr nəzərə alsınlar ki, aliment tutulması və alimentin miqdarının artırılması tələbinə dair iddialar iddiaçının seçməsinə görə onun yaşadığı yerə görə də verilə bilər (MPM-in 36.3-cü maddəsi). Aliment ödəyən şəxs tərəfindən alimentin miqdarının azaldılması barədə iddia isə MPM-in 35.1-ci maddəsinin tələbinə müvafiq olaraq yalnız cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi); Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır; Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsində isə nəzərdə tutulmuşdur ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Məhkəmə qətnaməsi ilə hər ay 235 manat, həmçinin xx.xx.2023-cü il təvəllüdlü X1 üç yaşına çatanadək saxlanılması üçün iddiaçının uşağa qulluq edəcəyinə görə hər ay 50 manat sabit pul məbləğində aliment cavabdehdən alimentin tutulması nəzərə alınmaqla bir il ərzində ödəmələrin məcmusu 3420 manat təşkil edir. Göründüyü kimi, aliment tələbi barədə iddianın qiyməti iddianın təmin edilmiş hissəsinə münasib olaraq da 1000 manatdan çoxdur. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə görə belə halda ödənilməsi müəyyən olunmuş dövlət rüsumunun məbləği 54.2 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni 54.2 manat (50+4,20) təşkil edir. Sadalanmış normalara əsasən məhkəmə hesab edir ki, Cavabdeh iddianın qiymətinə mütənasib olaraq 54.20 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq qiymət verir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixindən başlayaraq Cavabdeh hər ay 235 manat, həmçinin xx.xx.2023cü il təvəllüdlü X3 üç yaşına çatanadək saxlanılması üçün iddiaçının uşağa qulluq edəcəyinə görə hər ay 50 manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı Xanoğlanovnaya verilsin. İddia qalan hissədə rədd edilsin. İddianın verilməsi üçün ödənilməli olan dövlət rüsumunun məbləği olan 54.20 manat ödənilmiş dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nicat Ağabəyov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar