Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3899/2024 09.12.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X4 Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, Cavabdeh nümayəndəsi, Lənkəran Vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə xx.xx.2024-cü il tarixdə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmalarından ötrü hər ay, hər bir uşağa görə 235 manat olmaqla iki uşağa görə cəmi 470 manat məbləğində alimentin, eləcə də xx.xx.2022-ci il təvəllüdlü X1 3 yaşınadək baxdığı üçün özünün saxlanılmağı üçün hər ay 100 manat alimentin cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, iddiasını də onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə həyatı qurmuş və birgə münasibətlərindən iki nəfər, xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşlar. Sonradan cavabdeh ona xəyanət etdiyindən, onu arvadı kimi saymadığından və xasiyyətləri düz gəlmədiyindən, ayrılmışlar. Cavabdeh o qədər özünə güvənli şəkildə başqa qadınla gəzirmişdir ki, gəzdiyi qadın onun mobil telefonuna zəng edərək onu təhqir etmiş, ərinin onun üçün ev tutaraq ona baxdığını, buna görə gecələr evə gəlmədiyini demişdir. Bu mübahisələrinə görə onu 2024-cü illin aprel ayında cavabdeh döyərək xəsarət yetirmiş, özünə Lənkəran rayon Mərkəzi Xəstəxanasında gəlmişdir. Cavabdehlə ayrıldıqdan sonra iki nəfər uşaq onun himayəsində qalmışdır. Özü təkbaşına iki nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatlarını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Eyni zamanda bir nəfər xx.xx.2022-ci il təvəllüdlü X3 3 yaşına çatmadığından o, hec bir yerdə işləyə bilmir. Cavabdeh mediasiya prosesinə gəlsə də orada hec bir razılıq vermədiyindən, mediasiya prosesi baş tutmamışdır. Bu barədə ona prosesin davam etdirilməməsi barədə barədə arayış verilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barəsində iddiaçı lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq iddiasını müdafiə etdiyini və məhkəmə iclasını iştirakı olmadan keçirilməklə iddiasının təmin olumasını xahiş etmişdir. Əlavə olaraq ərizəsində göstərmişdir ki, cavabadehin iddiaya qarşı verdiyi etirazda yazdığı yalandır. O, bankdan aldığı krediti müharibədə, partlayış nəticəsində aldığı xəsarətləri müalicə etdirmək üçün deyil, şəxsi istifadəsi üçün götürmüşdür. O, aldığı kreditdən evinə və uşaqlarına xərcləməmişdir. Cavabdeh əmək qabiliyyətlidir və Dövlət tərəfindn verilən imtiyazlardan istifadə etmək istəyir və uşaqlarına aliment verməkdən yayınır. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iddianı qəbul etməyib, göstərmişdir ki, cavabdeh İİ Qarabağ Müharibəsinin qazisidir. Bir gözündən xəsarət almışdır. Həmin xəsarəti müalicə etdirmək məqsədilə bankdan 10-15000 manat kredit götürmüşdür. Bununla yanaşı, cavabdeh uşaqlarına yardım etmək niyyətində olduğunu bildirib hər ay, hər uşağa görə 90-100 manat arası aliment verə biləcəyini bildirmişdir. İddiaçı özü “Günel” TM-də satıcı işləməklə qazanc əldə edir və bunu təsdiqləyən fotoşəkilləri etirazlarına əlavə etmişlər. Cavabdeh pensiya alır və çox vaxt uşaqları da onun yanında olurlar. Məhkəmədən iddianın təmin olunmamasını xahiş etmişdir. Cavabdeh məhkəməyə, iddiaya qarşı etraz ünvanlayaraq etirazını onunla əsaslandırmışdır ki, o, iddiaçının iddia tələbini qəbul etmir, iddia tələbi alimentə dair hissəyə dair onu qeyd etmək istəyir ki, qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Ancaq bu saxlamaq vəzifəsi təkcə ataya deyil, həm də anaya şamil olunmalıdır. Lakin iddiaçı iddia ərizəsində bu uşağların saxlanmasına çəkilən xərci bütünlüklə ondan alınmasını tələb edir. Həmçinin baxmayaraq ki, iddiaçı onun gəlirləri və maddi vəziyyəti barədə məhkəməyə heç bir subut təqdim etməmişdir. Qanunvericiliyə əsasən isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları məhkəmədə sübut etməlidir və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçı isə onun gəlirləri və maddi vəziyyəti barədə heç bir sübut təqdim edilmədiyi halda ondan yüksək məbləğdə alimentin alınıb ona verilməsini xahiş edir. Eyni zamanda qeyd etmək istəyir ki, o özü xəstədir, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi əməlliyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, partlayış travması, keçirilmiş QKBT-sı, baş beyin sirkələnməsindən sonra veqetatib damar distoniyası eşitmə sinirinin xəstəlikləri, soltərəfli neyrosensor ağıreşitmə buynuz qişanın digər çapıqları və bulanmaları, OS buynuz qişanın açığı vikrektomiyadan sonrakı vəziyyət VİS OD=1.0(vahid) VİS OS=0.4 (onda dörd) diaqnozda olan xəstəliklərdən əziyyət çəkir, mütəmadi olaraq müalicə alsa da heç bir efekti olmamışdır. Bu xəstəliyinə görə daima müalicə olunur və xəstə olduğu üçün də həkimlər ona işləməyə icazə vermirlər. Buna baxmayaraq o, iş axtaran kimi Məşqulluq Mərkəzində qeydiyyatdadır və münasib iş olduğu halda onu işlə təmin edəcəklərini bildirmişlər. Bütün bunlara görə də o, iddiaçının iddia etdiyi kimi hər ay iki uşağa görə 470 manat aliment və 100 manat qulluğa görə ödəyə bilməyəcək. Ancaq öz uşaqlarına imkan daxilində xəstə olmağına baxmayaraq köməklik edəcək. Müalicəsi üçün xx.xx.2022-ci il tarixdə “Kapital Bank”dan 15000 min manat və təkrar 10000 manat pul vəsaiti kredit göturub müalicəsinə sərf etmişdir. Bank tərəfindən üzərinə duşən hər ay üçün 451 manat ödəniləcək öhdəlikləri vaxtı vaxtında icra edə bilmədiyimə görə üzərinə faiz və cərimələr yüklənir. İddiaçı onun bu öhdəliklərini bilə-bilə ondan uşaqların saxlanılmasına aliment tələb edir. Onuda qeyd edir ki, onun və ailəsinin iddiaçıya qarşı heç bir təzyiqi olmayıb. O, onun xəstə olmağından istifadə edib ondan ayrılır. İddiaçı onun maddi vəziyyətini nəzərə almadan ondan yüksək məbləğdə alimentin alınıb ona verilməsini xahiş etmişdir. Özü heç bir yerdə işləmir və heç bir yerdən qazancı da yoxdur. Azərbaycan Respublikasında 2024-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanunu ilə 2024-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan Ailə Məcəlləsinin 75.1 -ci maddəsində müəyyən olunan vəzifə - valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Göründüyü kimi qanuna əsasən bir ayda bir uşağın saxlanması üçün ölkə üzrə 235 manat müəyyən edilmişdir. Maddənin tələbinə görə isə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Qanuna əsasən uşaqların saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Bütün bunlara baxmayaraq iddiaçı iki uşağın saxlanması üçün nəzərdə tutulan bütün xərci aralarında bərabər bölmək istəməyərək, həmin məbləğin ödənilməsinin hamısını onun üzərinə qoyulmasını istəyir. İddia ərizəsinin məzmunundan bəlli olunur ki, iddia ərizəsində göstərilən tələb yanlış və əsassız tələbdir. Çünki, iddiaçının yazdıqları heç bir subuta əsaslanmır. İddiaçı heç onu da nəzərə almır ki, o, birgə nikah dövründə xəstələnmişdir. Qeyd olunanları nəzərə alaraq iddianın təmin olunmamasını xahiş etmişdir. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR : Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında nikah xx.xx.2019-cu il tarixdə, Lənkəran rayonu, Sütəmurdov kənd icra nümayəndəliyi tərəfindən 02 №- ilə rəsmiləşdirlmişdir. Doğum haqqında şəhadətnamələrinin surətindən görünür ki, tərəflərin xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Elektron portaldan müəyyən olunur ki, iddiaçı 173 manat əmək haqqı, cavabdeh isə 2-ci qrup əlil olmaqla 463.77 manat pensiya alırlar. Vəsiqələrin surətlərindən görünür ki, cavabdeh müharibə veteranı olmaqla bir sıra medallarla təltif olunmuşdur. Şəxsiyyət sənəd üzrə çıxarışdan, xəstəlik haqqında 6191 №-li şəhadətnamədə görünür ki, cavabdeh 3-cü dərəcəli əlil olmaqla, ruhi-əsb gərginliyi olan işlərdə işləyə bilməz. “Kapital Bank” Lənkəran filialının sənədindən görünür ki. cavabdeh həmin bankdan xx.xx.2022-ci il tarixdə kredit götürmüşdür. Fotoşəkillərdən görünür ki, bir kişi cinsli şəxsin sol gözündə xəsarət və yanıq izləri var, iki xanım cinsli şəxslər isə ayaqqabı mağazasındadırlar. Cavabdehin nümayəndəsinin dediklərinə görə həmin kişi cinsli şəxs-cavabdeh, qadın cinsli şəxslərdən biri isə iddiaçı olmaqla, sonuncu mağazada satıcı işləyir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Məhkəmə mübahisəyə hüquqi qiymət verərək qeyd edir ki, iddiaçının tələbi iki hissədən ibarətdir: Uşaqları üçün müəyyən olunmalı aliment; Uşağa qulluğ etməyinə görə onun özünə təyin olunmalı aliment. İddia tələbinin 1-ci hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1.2-ci maddəsinə əsasən isə, 2 uşağa görə uşaqlar üçün məhkəmə qaydasında tutulan alimentin miqdarı digər valideynin qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında müəyyən edilir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm dəyişən olarsa, ya qazancının (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulması tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Azərbaycan Respublikası MPM-nin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat miqdarında aliment vermək imkanına malik olduğunu göstərsə də, bunu təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, o, etiraza münasibətini bildirdiyi ərizəsində cavabdehin bankdan aldığı krediti müharibədə aldığı xəsarətin müalicəsi üçün deyil, şəxsi istifadəsi üçün götürdüyünü göstərsə də, bunu təsdiqləyən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə sırf Ailə Məcəlləsinin 76.1.2-ci maddəsinə istinad etdiyi təqdirdə, cavabdehin 463.77 manat məbləğində pensiyayanın 1/3 hissəsi olan 154 manat alimentin cavabdehdən alınaraq iddiaçıya verilməsini qət etməlidir. Lakin hamıya bəllidir ki, bu məbləğlə himayəsində iki uşaq olan iddiaçı, uşaqlarının tələbatlarını tam təmin edə bilməz. Bununla yanaşı, məhkəmə hesab edir ki, iddiaçının iddiası da tam təmin olunduğu halda, cavabdeh ona müəyyən olunmuş 463.77 manat məbləğində pensiyasından da artıq 470 manat aliment ödəmək məcburiyyətində qalacaqdır. Bu hal isə cavabdehin hüquqlarının kobud şəkildə pozulması olardı. Buna görə də, bu məsələ ilə bağlı məhkəmə hesab edir ki, məhkəmə balanslı mövqe tutmalıdır. Qeyd olunan mövqe ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Yəni, uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunun yalnız bir valideyndən tutulması Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin tələblərinin pozulması olardı. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İİ-ci hissəsinə əsasən kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. Həmin madənin İİİ-cü hissəsinə əsasən isə Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, milli, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. Qeyd olunan maddənin V-ci hissəsinə əsasən hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. İddiaçı hazırda cavabdehin gəlirləri barədə məhkəməyə sübut təqdim etmədiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü hər ay, hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat məbləğində alimentin iddiaçının xeryrinə tutulması daha ədalətli olmaqla məqsədəuyğundur. Belə ki, yuxarıda şərh olunan Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən tərəflərin ümümi qazancları 636.77 manat təşkil eləyir (173 + 463.77 = 636.77). Qeyd olunan 636.77 manat ümumi qazancı tərəflər və tərəflərin iki uşağı arasında bərabər böldükdə, hər bir şəxsə 159 manat düşür. Cavabdehin İİ Qarabağ Müharibəsi iştirakçısı olmaqla, gözündən xəsarət aldığını, onun müalicəsinə kifayət qədər vəsaitin tələb olunduğunu, bununla yanaşı iddiaçı ilə bərabər cavabdehin də uşaqlarını saxlamaq vəzifəsini daşıdığını nəzərə alaraq, məhkəmə hər uşaq üçün, hər ay 150 manat miqdarında alimentin cavabdehdən tutularaq iddiaçıya vermək qənaətinə gəlmişdir. Buna görə də, məhkəmə hesab edir ki, uşaqları üçün aliment tələbi hissəsində iddiaçının tələbi qismən təmin edilməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilmişdir Məhkəmə iddiaçının 2-ci tələbi, yəni 3 yaşadək uşağa qulluq etməyinə görə özü üçün tələb etdiyi alimentlə bağlı hissəyə qiymət verərək hesab edir ki, həmin hissəsində onun tələbi təmin edilməməlidir. Belə ki, həmin tələblə bağlı məhkəmə qeyd edir ki, uşağın saxlanılması üçün tələb olunan alimentdən, nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında özü üçün alimentin tələbinin hüquqi əsasları fərqlidir. Birinci halda aliment valideynin qazancının olub-olmamasından asılı olmayaraq tutulursa, ikinci halda bunun üçün zəruri şərt-aliment ödəməli şəxsin buna zəruri vəsaitə malik olmasıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsinə əsasən nikah pozulduqdan sonra keçmiş ərin (arvadın) uşaq doğulduğu gündən 3 il ərzində məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququ vardır. İddiaçı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 85.1.1-ci maddəsi ilə müəyyən edilmiş hüququndan istifadə edərək keçmiş əri olan cavabdehə qarşı uşaq doğulduğu gündən 3 il ərzində ona ödənilən alimentin miqdarının artırılmasını tələb etmişdir. Lakin, iddiaçı cavabdehin aldığı krediti özünün istifadəsi üçün götürdüyünü göstərsə də, cavabdehin zəruri vəsaitə malik olmasını təsdiqləyən sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, uşaqlar üçün nəzərdə tutulmuş 300 manat aliment cavabdehin pensiyasında çıxıldıqdan sonra, yerdə 163.77 manat qalır ki, bunu da məhkəmə cavabdehdə “zəruri vəsaitin” olması kimi qəbul etmir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Qanunun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumunu ödəməkdən azddırlar. İş materiallarından görünür ki, cavabdeh müharibə veteranıdır. Buna görə də, ondan dövlət rüsumu tutulmamalı, həmin rüsum Dövlətə aid edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən «məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir». Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». NƏTİCƏ HİSSƏ: Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X2 və xx.xx.2022-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatana kimi saxlanılmasından ötrü, 18 oktyabr 2024-cü il tarixdən başlayaraq hər ay, hər bir uşağa görə 150 manat olmaqla, cəmi 300 manat sabit pul miqdarında alimentin alınıb İddiaçı verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra olunsun. Cavabdehdən tutulmalı olan dövlət rüsumu Dövlətə aid edilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Muradağa Qasımov
Məhkəmə qərarları › İş №e-2(049)-3899/2024
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3899/2024
09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver