Məhkəmə qərarları › İş №e-2(049)-3932/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3932/2025

23.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3932/2025 23.12.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 01 misli məbləğində alimentin və mediasiya prosesində ödədiyi 60 manat vəsaitin cavabdehdən tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq onun özünün himayəsində yaşayır. Cavabdehlə əvvəllər mehriban yaşasalar da, son bir ildə ailə münasibətləri pozulmuş və onlar ayrılmışlar. Cavabdehin müraciətinə əsasən Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən onlar arasında bağlanmış nkahın pozulması qət edilmiş və uşağın onun yanında qalması müəyyən edilmişdir. Ayrıldıqdan sonra cavabdeh uşaqla maraqlanmamış, uşağın maddi və mənəvi ehtiyaclarını o özü təkbaşına, öz valideynlərinin köməyi ilə ödəməli olmuşdur. Uşağı təkbaşına saxlamaq onun üçün çox çətindir və hazırda heç yerdə işləmir. Ona görə də cavabdehdən uşağın saxlanması üçün hər ay aliment tutulаraq ona verilməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmiş, lakin məhkəməyə məlumat göndərərək göstərmişdir ki, üzürlü səbəblərdən məhkəmə iclaslarında iştirak edə bilmir, onun iştirakı olmadan işə baxılaraq qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının etibarnamə üzrə nümayəndəsi Nümayəndə da işə iddiaçının iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh də məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlmədiyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq məhkəmə iclaslarının tərəflərin iştirakı olmadan keçirilməsini və işə mahiyyəti üzrə baxılmasını qərara almışdır. İddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, iddiaçı onun qızıdır və hazırda Bakı şəhərində yaşayır. İddiaçı heç yerdə işləmir və uşağı təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə ona könüllü olaraq maddi yardım etmir. Uşaq məktəblidir, ona görə iddiaçı uşağı Bakı şəhərində tək saxlayıb məhkəmə iclaslarına da gələ bilməmişdir. O, cavabdehin maddi vəziyyəti ilə əlaqədar məhkəməyə hər hansı sübut təqdim edə bilmir, lakin uşağın saxlanması üçün ondan maksimum miqdarda, ölkə üzrə müəyyən edilmiş meyarlara uyğun şəkildə aliment tutulmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə etiraz göndərərək göstərmişdir ki, o, iddia tələbini qəbul etmir. İddiaçı ilə aralarında bağlanmış nikahın pozulması barədə məhkəmə qətnaməsi vardır. Onlar rəsmi olaraq ayrılsalar da, iddiaçı hazırda da Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində onun atasına məxsus evdə uşağı ilə birgə yaşayır. O, iddiaçıya uşağın saxlanması üçün öz valideynlərinin köməyi ilə maddi yardım edir. Uşaq Suraxanı rayonu 281 nömrəli orta məktəbdə təhsil alır. Uşaq xx.xx.2025ci il tarixdə əməliyyat olunmuş və uşağın bütün müalicə xərclərini ödəmək onun üzərində olmuşdur. İddiaçı ondan hər ay sabit məbləğdə aliment ödəməsini tələb edir. Lakin, o, heç yerdə işləmir, maddi vəziyyəti yaxşı deyildir və sabit gəliri yoxdur ki, aliment ödəməsi də mümkün olsun. Bundan başqa səhhəti ilə əlaqədar müalicə alır və bu səbəbdən əmək qabiliyyəti məhduddur. Qeyd olunanlara əsasən iddiaçının uşaq üçün ondan alimentin tələbinin maddi vəziyyəti nəzərə alınmaqla, təmin olunmamasını, alimentin təyin edilməsi zəruri hesab edilərsə, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli məbləğində təyin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı tərəflərin dəlilləri, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2016-cı il tarixli AZ-İİİ 844133 nömrəli doğum haqqında şəhadətnamənin surəti, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(049)-1712/2025 nömrəli qətnaməsi, ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış, xx.xx.2025-ci il tarixli mədaxil qəbzi ilə işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, tərəflər faktiki nikah münasibətlərinə daxil olaraq ailə qurmuş, nikahlarını isə xx.xx.2016-cı il tarixdə rəsmiləşdirmişlər. Onların birgə nikahlarından xx.xx.2016-cı il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Tərəflər arasında bağlanmış nikah xx.xx.2025-ci il tarixdə məhkəmə qaydasında pozulması, nikah pozulduqdan sonra uşağın iddiaçının himayəsində saxlanılması qət edilmişdir. Cavabdeh aliment tutulması məsələsi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı ilə hər hansı razılığa gələrək barışıq sazişi bağlamamışdır. Cavabdehin gəlirlərinin dəqiq miqdarı və mənbəyi məlum deyildir. Hazırda iddiaçı uşağı saxlamaqda maddi cəhətdən çətinlik çəkdiyini, cavabdehin isə uşağı saxlamaqda ona heç bir kömək və maddi yardım etmədiyini bildirərək cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 01 misli məbləğində aliment tutulаraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəməyə gəlməmiş, lakin məhkəməyə göndərdiyi etirazında iddia tələbini qəbul etmədiyini bildirir, lakin alimentin təyin edilməsi zəruri hesab edilərsə, hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.38 misli məbləğində təyin olunmasını məhkəmədən xahiş edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını nəzərdən keçirib, tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, cavabdehin daimi iş yeri və sabit gəlir mənbəyi barədə məlumat yoxdur. Ona görə də məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş uşağın saxlanması üçün cavabdehdən tutulan aliment sabit pul məbləğində müəyyən edilməlidir. Uşaq iddiaçının himayəsində olduğundan uşağa qulluq, onun sağlamlığı, təhsili, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, onu iddiaçı ilə birgə nikahından doğulmuş uşağı saxlamaq, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Həmçinin, uşağın maddi ehtiyyaclarının təmin olunması hər iki valideynin, yəni cavabdehlə yanaşı həm də iddiaçının vəzifəsidir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumunu, habelə, uşağın maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırki vəziyyətdə hər ay 200 manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatana qədər saxlanması üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Həmin əsaslara görə alimentin miqdarı hər ay uşaq üçün ölkə üzrə müəyyən olunmuş 400 manat minimum əmək haqqının 0.50 misli (200 : 400 = 0.50) həddində müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd edilən hüquq normasına əsasən məhkəmə qərara gəlir ki, alimentin tutulması iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan - xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarından görünür ki, iddiaçı ilkin mediasiya sessiyasında iştirak etmək üçün 60 manat vəsait ödəmiş, cavabdeh isə, ümumiyyətlə, mediasiya prosesində iştirak etməmiş, hazırki tələb üzrə iddiaçı ilə məhkəmədənkənar razılığa gələrək hər hansı barışıq sazişi bağlamamışdır. Məhkəmə qeyd olunan əsaslara və işin faktiki hallarına əsasən iddiaçının mediasiya sessiyasında iştirak etmək üçün ödədiyi 60 manat xərcin cavabdehdən tutularaq iddiaçıya ödənilməsini qanunamüvafiq hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Hazırki iş üzrə alimentin məhkəmə tərəfindən müəyyən edilmiş miqdarının hər ay 200 manat olması nəzərə alınmaqla, bir il ərzində ödəmənin məcmusu 2400 manat təşkil edir. Qüvvədə olan qanunverdiciliyə əsasən həmin məbləğə görə cəmi 44 manat dövlət rüsumu ödənilməlidir. Cavabdehin iddiaçıya ödəyəcəyi 60 manat məbləğin onun alimentə görə ödəməli olduğu 44 manat dövlət rüsumunu əhatə etdiyini nəzərə alaraq məhkəmə qərara gəlir ki, aliment alınması ilə bağlı cavabdehdən əlavə olaraq hər hansı miqdarda dövlət rüsumu tutulmamalıdır. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə q ə t e t d i: İddia tələbi qismən təmin edilsin. Tərəflərin birgə nikahından xx.xx.2016-cı il tarixdə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, Cavabdeh hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Alimentin tutulmasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat vəsait Cavabdeh tutularaq iddiaçıya ödənilsin. Qətnamənin alimentin tutulmasına dair hissəsi dərhal icraya yönəldilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar