Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-3946/2025 23.01.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Ələsgərov Elvin Əvəz oğlunun sədrliyi, məhkəmə iclasının katibi Məmmədzadə Məhəmməd Valeh oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikahdan doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikaha daxil olmuş və cavabdehlə olan nikah xx.xx.2019-cu ildə müvafiq icra hakimiyyəti orqanı tərəfindən pozulmuşdur. Birgə nikahdan xx.xx.2017-ci il təvəllüdlü X3 və xx.xx.2015- ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Artıq uzun bir müddətdir ki, birgə ailə təsərrüfatı aparmırlar. Belə ki, o və övladları onun valideynlərinin himayəsində yaşayırlar. Malik isə onlara heç bir maddi yardım göstərmir. Ona görə də, uşaqlarını böyütməkdə çətinlik çəkir. Uşaq böyüyür və təbii olaraq da məsrəfləri artır. Bundan başqa, ölkədə yetkinlik yaşına çatmamışlar üçün yaşayış minimumu da dəyişdirilmiş və 2025-ci ildə hər uşaq üçün 246 manat müəyyən edilmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsində texniki olaraq yalnışlıq edərək ərizənin xahiş etdim hissəsində alimentin “hər ay” tutulmasını qeyd etmiş, tələbi isə “hər ay hər uşaq üçün” yazılmalı olduğu üçün “cavabdehlə birgə nikahlarından doğulmuş xx.xx.2017ci il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X4 adlı övladlarının saxlanması üçün yetkinlik yaşına çatana qədər hər ay hər uşaq üçün 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, göstərmişdir ki, Rusiya Federasiyasında yaşayır, iddiaçı ilə ailə qurmuş və bu nikahı rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il tarixdə Amir və xx.xx.2015-ci il tarixdə isə Amin adlı iki uşaqları anadan olmuşdur. Lənkəran Rayon Məhkəməsinin müvafiq qətnaməsi ilə aralarında olan nikah akt qeydi pozulmuşdur. Lakin, iddiaçı aliment tələb etmədiyinə görə (çünki, uşaqların bütün madddi ehtiyaclarını özü təmin edirmiş) məhkəmə nikahılarını pozmuş və uşaqları iddiaçının himayəsində saxlamışdır. Halhazırda iddiaçi aliment tələbi ilə məhkəmədə ona qarşı iddia qaldırmışdır. İddianı qismən qəbul edir, hər ay, hər bir uşağa görə 150 manat aliment ödəməyə imkan çatar və bunu aşağıda əsaslandıracaqdır. Uşaqlar iddiaçının himayəsində Lənkəran şəhərində yaşayır. Faktiki olaraq da ayrılıqda yaşayırlar. Özü fərdi əməklə məşğul olur, aylıq qazancı təxminən 600-800 manat aralığında olur. Bundan əlavə, o ikinci dəfə ailə həyatı qurmuş və faktiki nikahlarından xx.xx.2011-cı il tarixdə Sabina adlı 1 övladı anadan olmuşdur. Halhazırda da Rusiya Federasiyasının Sant Peterburq şəhərində ikinci ailəsilə (Sabinanın anasıla) birlikdə yaşayır. Yəni bunu qeyd etməkdə məqsədi ondan ibarətdir ki, iddiaçı ilə nikahlarından olan uşaqların saxlanılması üçün aylıq qazancının demək olar ki, yarısını (300-350 manat) iddiaçıya göndərir ki, uşaqlarının maddi ehtiyacları qarşılasın. Aylıq əmək haqqının yerdə qalan yarı hisssəsini isə (300-400 manat) burada kirayə haqqı verir və ailəsinin maddi ehtiyaclarını ödəyir. Qeyd olunanların məhkəmə tərəfindən aliment təyin olunarkən nəzərə alınmasını xahiş edir. Onu da qeyd edir ki, iddiaçı cəmi 260 manat aliment tələb etdiyi halda, o, 300 manat aliment ödəməyə razıdır. Uşaqları saxlamaq təkcə atanın vəzifəsi deyil. Bu, hər iki valideynin vəzifəsi olduğu halda iddiaçının tələb etdiyi 250 manat olan aliment məbləği təkcə onun tərəfindən deyil, həm də iddiaçı tərəfindən qarşılanmalıdır. Yəni, 250 manatın 125 manatını iddiaçı ödəməli, 125 manatını isə o ödəməlidir. O isə 180 manat aliment ödəməyə razıdır. Cavabdeh xx.xx.2025-ci il tarixdə verdiyi etiraz ərizəsində yekun olaraq, iddiaçının ona qarşı qaldırdığı aliment tələbi ilə olan iddianın qismən təmin edilməsini, yəni birgə nikahdan xx.xx.2017-ci il tarixdə anadan olan X3 və xx.xx.2015-ci il tarixdə anadan olan X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər bir uşağa görə 150 manat aliment ödəmək imkanının olduğu nəzərə alınıb, alimentin cəmi 300 manat məbləğində təyin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2025-ci il tarixdə Cavabdeh verdiyi etiraz ərizəsinə cavab olaraq məhkəməyə müraciət edib göstərmişdir ki, cavabdehin etirazı əsassızdır və iddia tam təmin edilməlidir. Hazırda cavabdeh qeyd edir ki, ailəlidir və bir qızı var, amma o, burada iki övladıla tək yaşayır. Heç bir maddi təminatı və qənaətbəxş qazancı yoxdur. Hazırkı dövrdə isə iki uşaq saxlamaq çətin məsələdir və ciddi maddi və mənəvi təminat tələb edir. O bir ana kimi burada övladlarıla hər iki təminatı mümkün səviyyədə verməyə çalışı. Çünki, bu onun həm qanundan və hüquqdan, həm də mənəvi dəyərlərdən irəli gələn vəzifəsidir. Bu vəzifələrini yerinə yetirir və alimentin hazırda olan tələbi üzrə təyin edilməsi də bu təminatlar baxımdan əhəmiyyətli vasitədir. Qarşı tərəfin bu vasitəni təmin etməkdən tam razı olmaması isə hesab edir ki, düzgün deyil. Yəni, o sadəcə olaraq qanunla müəyyən edimiş minimal haqqı tələb edir və bunu övladları üçün istəyir. Aliment uşaqların sosial hüquqlarının təminat vasitələrindən biridir. O, minimal vasitəni tələb edir və cavabdehin etirazına etiraz edir. Yekun olaraq, iş üzrə qətnamə iddianı tam həcmdə əhatə edilməklə qəbul edilməsini və cavabdehin etirazının əsassız hesab edilməsini xahiş edir. Məhkəmənin iclasının yeri və vaxtı barədə məlumat verilmiş İddiaçı məhkəmə iclasına gəlməmiş və müxtəlif tarixlərdə məhkəməyə elektron kabinet vasitəsilə ərizələr göndərərək, iddianı tam həcmdə müdafiə etdiyi və üzrlü səbəbdən iştirak edə bilmədiyindən məhkəmənin onun iştirakı olmadan keçirilib iddianın tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə tam məlumat verməsə bilə verdiyi etirazında Rusiya Federasiyasında yaşamasını bildirmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlər: Lənkəran 1 saylı Mediasiya Təşkilatının arayışından görünür ki, aliment tələbi ilə bağlı Lənkəran 1 saylı Mediasiya Təşkilatında xx.xx.2025-ci il tarixinə ilkin mediasiya sessiyası təyin olunmuş, lakin Cavabdeh həmin sessiyada iştirak etməmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, 2019-cu il 10 iyul tarixdə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında İddiaçı ilə Cavabdeh arasında olan nikahın pozulması barədə müvafiq qeydlər aparılmışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş üzrə məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin nikahı pozulmuş, birgə nikahlarından Amin və Amir adlı iki uşaqları olmuşdur. Uşaqlar halhazırda yetkinlik yaşına çatmamaqla iddiaçının yanında qalır. Tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanılmamışdır. Məhkəmə tərəflərin birgə nikahından doğulmuş uşaqların hansı valideynin yanında qalması məsələsi ilə əlaqədar qeyd edir ki, Cavabdeh uşaqların hazırda ananın himayəsində qaldığını və buna etiraz etmədiyini öz etiraz ərizəsində aşkar şəkildə göstərmişdir. Məhkəmə aliment tələbi ilə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanmasıüçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Habelə həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 5 və 13-cü maddəsində təsbit olunmuşdur ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli qərarın 8.3-cü bəndində göstərilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. İşin hallarından görünür ki, iddiaçı cavabdehdən nikah pozulduqdan sonra Amir və Amin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 260 manat olmaqla ümumillikdə 600 manat alimentin tutulub onun xeyrinə ödənilməsini xahiş etmişdir. Cavabdeh etiraz ərizəsində təzadlı şəkildə qeyd etsə də, etiraz ərizəsindən görünür ki, hər ay, hər uşaq üçün 150 manat ödəməyi qəbul etdiyi və iddiaçının hər ay, hər uşaq üçün 260 manat məbləğdə aliment tələb etdiyini nəzərə alaraq, Azərbaycan Respublikasının qanunvericiliyinə və yuxarıda sadalanan normalarına əsasən hesab edir ki, uşaqların saxlanması üçün icrası mümkün məbləğdə olan hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə minimum əmək haqqının 0,45 misli (hazırda 180 manat) həddində aliment təyin olunmalıdır. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar aşağıdakıları qeyd edir: Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə alimentin tutulmasının başlanğıcı ilə əlaqədar hesab edir ki, himayəsində azyaşlı uşaqları olan iddiaçının ərizəsi və ona əlavə edilmiş sənədlər xx.xx.2025-ci il tarixdə Lənkəran Rayon Məhkəməsinə daxil olduğundan alimentin tutulmasının başlanğıcı həmin tarixdən hesablanmalıdır. MPM-nin 234.2 və 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Hazırda iddia qismən təmin edilərək cavabdehdən iddiaçının yeyrinə hər ay 180 manat olmaqla iki uşaq üçün 360 manat aliment tutulması nəzərə alındıqda aliment məbləğinin bir illik məcmusu 4320 manat təşkil edir. Belə olan halda ödənilməli olan dövlət rüsumu 63 manat təşkil edir. Həmçinin iddiaçı tərəfindən mediasiya təşkilatına 60 manat dövlət rüsumu ödənilmişdir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinin tələblərinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2015-ci il tarixdə doğulmuş X1 və xx.xx.2017-ci il tarixdə doğulmuş X2 İddiaçı yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minumum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia ərizəsi qalan hissədə rədd olunsun. Mediasiya xərci kimi ödənilmiş 60 manat Cavabdeh tutulub iddiaçıya ödənilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. İddiaçı və cavabdehə onların birgə nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsində göstərilən üç illik müddət çərçivəsində həll edilməsinin məqsədəmüvafiqliyi izah edilsin. Qətnamə icra edilərkən Lənkəran Rayon Məhkəməsinin e-16(049)-64/2025 nömrəli xx.xx.2025-ci il tarixli müvəqqəti alimentin tutulmasına dair qərardadı nəzərə alınsın. Tərəflər arasında uşaqla ünsiyyət barədə mübahisənin olmaması nəzərə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron cabinet vasitəsilə) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elvin Ələsgərov
Məhkəmə qərarları › İş №e-2(049)-3946/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-3946/2025
23.01.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver