Məhkəmə qərarları › İş №e-2(049)-4541/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-4541/2025

06.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-4541/2025 06.02.2026 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Qasımov Muradağa Əhmədağa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hadiyev İsaq Sabir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə Lənkəran Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: TƏSVİRİ HİSSƏ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2014-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X13 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay bir uşağa görə 246 manat, üç uşağa görə cəmi 738 manat alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı, iddiasını onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə qurmuş, nikahları xx.xx.2013-cü ildə rəsmiləşdirilmişdir. Cavabdehlə birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X13 adlı uşaqları olmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan cavabdeh ona xəyanət edərək bir qadınla ailə münasibətində yaşadığından narazılıqları düşmüşdür. Həmin qadın meyxana aləmində tanınmış bir nəfərin arvadı olduğundan lazım olarsa həmin şəxsin adında da məhkəməyə verə bilər. O, dəfələrlə ailənin bərpa edilməsinə cəhd etsə də, Nurlan həmin qadından ayrılmadığından, sosial şəbəkələrdə və qohumlarının yanında ona sevgi elan etdiyindən artıq onların barışması mümkün deyil. Artıq uzun müddətdir ki, ayrılmışlar, lakin həmin vaxtdan cavabdeh uşaqlarına baxmır, onların gündəlik təlabatlarını qarşılamır. Cavabdehlə ayrıldıqdan sonra üç uşaq onun himayəsində qalmışdır. O, tək başına üç nəfər yetkinlik yaşına çatmayan uşağı böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşağın gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla işləyir və gəlir əldə edir. Özünə məxsus avtomaşından həm taksi kimi istifadə edir, həm də şirkətlərin işlərini görür. Məhkəmədən əvvəl aliment tələbi ilə bağlı mediasiya müraciət etsə də, cavabdeh mediasiya gəlmədiyindən mübahisələri mediasiyada həll edilmədi. Himayəsində yetkinlik yaşına çatmayan övladı olduğundan mediasiya ilə bağlı Bakıya deyil, yaşadığı Masallı şəhərində fəaliyyət göstərən mediasiya təşkilatına müraciət etmişdir. Cavabdehlə mediasiya prosesində aliment tələbi ilə bağlı mübahisəni həll edə bilmədiyindən, məhkəmədə iddia qaldırmaq məcburiyyətində qalmışdır. Qanunla müəyyən edilmiş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı ərizə göndərərək işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə Azərbaycan Respublikası MPM-nin 185-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. TƏDQİQ OLUNMUŞ SÜBUTLAR: Nikah şəhadətnaməsinin surətindən görünür ki, X6 ilə Cavabdeh nikaharı xx.xx.2013-cü il tarixdə Lənkəran ŞİHB-nın İstisu qəsəbə İcra nümayəndəliyi tərəfindən 08 sayla rəsmləşdirilmişdir. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2014-ci il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X13 doğulmuşdur. Mediasiya Şurasının arayışından görünür ki, ilkin mediasiya sessiyasında iddiaçı iştirak etsə də, cavabeh iştirak etməmişdir və iddiaçı mediasiya xərci olaraq 60 manat rüsum ödəmişdir. “AZEMİS” məhkəmə elektron sistemindən müəyyən olunur ki, iddiaçı xəstəxanada tibb bacısı işləməklə onun əmək haqqı 769.50 manat, cavabdeh isə “Azəriqaz”İB-də çilingər işləməklə onun əmək haqqı 633.45 manat təşkil edir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Uşaq hüquqları" haqqında Azərbaycan Respublikasının Qanunun 13-cü maddəsinə görə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, tərəflər arasında alimentin ödənilməsi ilə əlaqədar hər hansı saziş bağlanmamışdır. EMİS-dən görünür ki, iddiaçı X2 tibb bacısı vəzifəsində işələməklə 769.50 manat, cavabdeh isə Azəriqaz İB-də çilingər vəzifəsində işləməklə 633.45 manat əmək haqqı alır. Tərəfələrin birgə nikahlarından anadan olmuş uşaqlar hazırda iddiaçının himayəsində olduğundan onlara qulluq, onların sağlamlığı, inkişafı ilə bağlı məişət qayğılarının çəkilməsinin iddiaçının üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni hazırki iş üzrə cavabdehdən tutulmasına əsas verir. Tərəflərin rəsmi iş yerlərinin və rəsmi gəlirlərinin olması, o cümlədən iddiaçının rəsmi gəlirinin mövcudluğu cavabdehi iddiaçı ilə birgə münasibətlərindən anadan olmuş uşaqların saxlanması və onların qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatının ödənilməsi vəzifəsindən azad etmir. Həmçinin, uşaqların maddi ehtiyaclarının təmin olunması hər iki valideynin, yəni iddiaçı ilə yanaşı həm də cavabdehin vəzifəsidir. İddiaçı tək başına uşaqları maddi tələbatlarının ödənilməsində və saxlanmasında çətinlik çəkir. Məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqlarının mənafeylərini, onların əvvəlki təminatlarının səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqının 400 manat olduğunu, habelə uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, xx.xx.2025-ci il tarixdən başlayaraq yetkinlin yaşına çatmayan xx.xx.2014-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X1 üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli, üç uşaq üçün isə ümumilikdə 1.125 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddia ərizəsi məhkəməyə xx.xx.2025-ci il tarixdə təqdim edilmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mediasiya prosesinin tətbiqi üçün ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilərək onda tutulub iddiaçı X5 verilməlidir. Azərbaycan Respublikasının «X11» Qanununun 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar məhkəməyə verilən iddia ərizələrə görə dövlət rüsumunun ödənilməsindən azad edilirlər. Həmin Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10 000 manatadək olduqda məhkəməyə verilən iddia ərizələrinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında 2025-ci il üzrə minimum əmək haqqı 400 manat olduğundan, həmin minimumun hazırda 1.125 misli 450 manat təşkil edir. Alimentin alınması haqqında iddianın bir il ərzində ödəmənin cəmi 6048 manat təşkil eləyir (450 manat x 12 aya = 5400). Buna görə də cavabdehdən 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi, yəni (5400– 1000 = 4400) 4400 manat məbləğin 1%-i olan 44 manat olmaqla cəmi 74 manat (30+44=74) dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia ərizəsinə “Cavabdehin istifadə etdiyi Changan avtomaşını. 21000 manat ilkin ödəniş vermişik” adlığı altına fotoşəkilin surətini əlavə edib iddia ərizəsində cavabdeh tərəfindən “özünə məxsus avtomaşından həm taksi kimi istifadə edir, həm də şirkətlərin işlərini görür” sözlərini yazsa da, həmin avtomobilin məhz cavabdehə məxsus olmasına və onun həmin avtomobildən taksi və s. kimi istifadə edərək gəlir əldə etməsinə dair hər hansi bir sübutunu iddia ərizəsinə əlavə, ya da ki, məhkəmə iclasında iştirak edərək onları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. NƏTİCƏ HİSSƏSİ: Göstərilənlərə əsasən və MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2014-ci il təvəllüdlü X3, xx.xx.2016-cı il təvəllüdlü X4 və xx.xx.2024-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2025-ci il tarixdən başlayaraq, Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli olmaqla üç uşaq üçün ümumilikdə 1.125 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməli dövlət rüsumunun məbləği – 74 manat Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən “Elektron Məhkəmə” İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. X12

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar