Məhkəmə qərarları › İş №e-2(049)-521/2024

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-521/2024

21.02.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-521/2024 21.02.2024 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Aslanov Murad Şamxal oğlunun sədrliyi, məhkəmə iclasının katibi Cəfərov Raqib rüstəm oğlu, cavabdeh: Cavabdeh iştirakı ilə, iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin Cavabdeh qarşı «ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması» tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 5000 (beş min) manatməbləğində pul vəsaitinin və işə baxılması ilə əlaqədar məhkəmənin hesabına ödənilən 70.40AZN (yetmiş manat qırx qəpik) dövlət rüsumunun - ümumilikdə 5070.40 (beş min yetmiş manat qırx qəpik) məbləğin iddiaçı Dövlət Sığorta Kommersiya Şirkətinin xeyrinə tutulması barədəqətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2021-ci il tarixdə Bakı şəhəri ərazisində Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmış, Cavabdeh tərəfindən idarə olunan “Khazar LX” markalı, ** PV *** dövlət nişanlı avtomobil “BMW 530İ M Sport Package” markalı, ** DH *** dövlət nişanlı avtomobil ilə toqquşaraq nəticədə sonuncu avtomobilə maddi zərər dəymişdir. Bakı şəhər DYPİ-nin xx.xx.2021-ci il tarixli, TP4450489 nömrəli qərarına əsasən baş vermiş yol nəqliyyat hadisəsində cavabdeh X2 qanunvericiliyin tələblərini pozaraq İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.6-cı Y(ol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə) maddələri ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “BMW” markalı, **-DH-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş maddi zərərə görə 5000 (beş min) manat məbləğində pul vəsaiti Şirkət tərəfindən faydalanan şəxsin bank hesabına tam olaraq köçürülmüşdür. Baş vermiş yol-nəqliyyat hadisəsi zamanı cavabdeh X2 hadisə yerindən yayındığı üçün cavabdehə qarşı iddiaçının subroqasiya hüququ yaranmışdır. Pretenziya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə baxmayaraq cavabdeh X2 tərəfindən hər hansı vəsait ödənilmədiyinə görə törətdiyi mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin əvəzi olaraq 5000 (beş min) manat məbləğində sığorta ödənişi Şirkət tərəfindən zərərçəkənə ödənildiyindən, Şirkətin “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsinə uyğun olaraq cavabdehX2 oğlundan həmin məbləğdə pulu geriyə tələb etmək (subroqasiya) hüququ vardır. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə göndərək onların iştirakı olmadan işə baxılmasını və iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasıında iştirak edən Cavabdeh izahatında göstərdi ki, iddianı tam olaraq qəbul edir, lakin pulu olmadığından göstərilən məbləği tam olaraq ödəyə bilməyəcəkdir. Hazırda iddianın təmin olunmasına etirazı yoxdur. Məhkəmə aşağıda qeyd olunanlara əsasən hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş TP ******* №-li inzibati xəta haqqında qərardan görünür ki, 21 iyun 2021-ci il tarixdə, saat 18:00 radələrində «KHAZAR LX»minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.6-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli qüsür aktından görünür ki, **-DH-*** dövlət qeydiyyat nişanlı “BMW” “BMW 530İ M markalı avtomobilə vurulmuş zərərin məbləği – ehtiyat hissələri üçün 4680 manat təmir xərcləri üçün 540 manat, cəmi 5220 manat təşkil edir. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, 14482 nömrəli ödəniş tapşırığından görünür ki, 5000 manat Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti tərəfindən X4 hesabına köçürülmüşdür. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış şəhadətnamədən görünür ki, xx.xx.2021-ci il tarixdə X5 müıkiyyətçisi olduğu “Khazar LX” markalı, ** PV *** dövlət nişanlı avtomobil Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətində (bundan sonra – Şirkət) “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsi” ilə sığortalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında elan edilməklə araşdırılmış hökumət ödəniş portalından çıxarışdan görünür ki, iddianın verilməsi üçün 70 manat və 0,40 manat bank xidməti haqqı ödənilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 21 iyun 2021-ci il tarixdə saat 18:00-də «KHAZAR LX» minik markalı ** PV *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh İXM-nin 327.6 və 327.1 maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində ** DH *** dövlət qeydiyyat nişanlı “BMW" 530İ M markalı markalı avtomobilə zərər vurulmuşdur. “İcbari Sığorta Haqqında” Qanunun 5.1.3-cü bəndində görə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.6-cı maddəsi başqa şəxsə zərər vurulmasını mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından, 386.1-ci maddəsi isə zərər vurulmasını öhdəliyin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.1-ci maddəsində təsbit edilmişdir ki, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrində qeyd olunur ki, subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1-ci maddəsinə əsasən sığorta hadisəsi icbari sığorta qanunlarına ə ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Həmin Məcəllənin 925.1-925.3-cü maddələrinə əsasən sığorta hadisəsi nəticəsində dəymiş zərərin miqdarını sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin, yaxud onların nümayəndəsinin təqdim etdiyi sığorta tələbi əsasında mümkün olan ən qısa müddət ərzində sığortaçı müəyyən edir. Sığortaçı dəymiş zərəri müxtəlif üsullarla, o cümlədən zərər dəymiş predmetin və ya hadisə yerinin fiziki və texniki xüsusiyyətlərini müxtəlif vasitələrlə təyin etməklə, sxem və cizgilər tərtib etməklə, foto və video çəkilişlər aparmaqla, bilavasitə özü və ya «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbini nəzərə almaqla nümayəndəsi kimi təyin etdiyi sığorta sahəsində yardımçı fəaliyyət göstərən müvafiq şəxs vasitəsilə qiymətləndirir. Sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi «Sığorta fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. Həmin Məcəllənin 927.1-ci maddəsinə əsasən əmlakın sığortasında və əmlaka vurulan zərərə görə mülki məsuliyyətin sığortasında sığorta ödənişi sığorta hadisəsinin baş verməsi nəticəsində sığortalıya və ya sığorta olunana, habelə zərərçəkən üçüncü şəxsə dəyən real zərərin miqdarından çox ola bilməz. Mülki Məcəllənin 1108.2-ci maddəsinə görə yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Eyni zamanda, MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. MPM-nin 220.4-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə, göstərilən normalara əsasən, habelə məhkəmə iclasında dindirilmiş cavabdehi, araşdırılmış sübutları, habelə cavabdehin iddianı etiraf etməsini nəzərə alaraq hesab edir ki, iddianın təmin edilməsi qanunvericilik baxımından da əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh sığorta ödənişi kimi ödənilmiş 5000 manat, dövlət rüsumuna görə ödənilmiş 70 manat və bank xidməti görə 0,40 manat tutularaq iddiaçı Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətinin hesabına ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Murad Aslanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar