Məhkəmə qərarları › İş №e-2(049)-75/2025

Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-75/2025

15.05.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-75/2025 15.05.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ Hakim Pənahov Anar Elman oğlunun sədrliyi, məhkəmə iclasının katibi Şabanov Vidadi Fərman oğlunun katibliyi ilə, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4.100 (dörd min yüz) manat pulun, əldən çıxmış faydaya görə 5.000 (beş min) manat, vurulmuş mənəvi ziyana görə 2.000 (iki min) manat olmaqla cəmi 11.100 (on bir min yüz) manat məbləğində pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh X2 müxtəlif vaxtlarda yaxın tanıdığı X1 vasitəsilə 10 iyul 2022-ci il tarixdə 2.600 manat, 20 oktyabr 2022-də 1.500 manat, daha sonra 30 noyabr 2022-ci ildə 2.000 manat borc pul vermişdir. Ümumilikdə cavabdehə 6.100 manat pul borc verilmişdir. Cavabdeh aldığı borcu 10 iyul 2022-ci il tarixdən 08 aprel 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürmüşdür. Cavabdeh aldığı məbləğdən 2.000 manat hissəsini qaytarmış, 4.100 manat ödənilməmiş olaraq qalmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdehə dəfələrlə müraciət etməyinə baxmayaraq, 4.100 manat məbləği ödəməkdən müxtəlif bəhanələrlə yayınır. Dəfələrlə cavabdehə müraciət edərək, ödənişin geri qaytarılmasını tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə pulu və diplomu qaytarmaqdan imtina edir. Buna görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Cavabdeh qeyd edtdiyi pul vəsaitləri verilərkən o, həmin pulları alması barədə şəxsən, öz xətti ilə qəbz yazaraq, imzalanmış və ona təqdim edilmişdir. Belə ki, Cavabdeh ona həqiqətən də borcunun olması sübut kimi məhkəməyə təqdim etdiyi və Cavabdeh öz xətti ilə yazılıb, imzası ilə təsdiqlənmiş qəbzlərlə də təsdiq olunur. Hazıradək Cavabdeh ona 4.100 manat borcu vardır. O, Cavabdeh pulu Mahilə Hacıyeva vasitəsilə borca vermişdir və Oqtay da həmin borcu qaytarması üçün ona öz maaş kartını vermişdir ki, o, da həmin maaş kartından mütəmadi olaraq borcundan 2.000 manat çıxarmışdır. Odur ki, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh ona qarşı olan iddia tələbini qəbul etməyərək, izahatında bildirdi ki, o, İddiaçı heç vaxt tanımamışdır, onunla görüşməmişdir və ondan borca pul almamışdır. Mahilə Hacıyevanı tanımışdır, əvvəllər ondan 1.700 manat məbləğində faizə pul almışdır və bunun əvəzində 2.200 manat məbləğində pulu ona qaytarmışdır. Belə ki, Mahilədən borca pul alarkən ona öz maaş kartını vermişdir və o, da həmin kartdan mütəmadi olaraq borcunu çıxarmışdır. Mahiləyə olan borcunu tam ödəyib bitirmişdir. Mahilə ona faizə pul verərkən həmin pulun İddiaçı məxsus olduğunu bildirməmişdir. Eyni zamanda iddiaçı tərəfindən sübut kimi məhkəməyə təqdim edilən qəbzlərin heç biri onun tərəfindən yazılmamış və imzalanmamışdır. Beləliklə də İddiaçı ona qarşı iddia tələbi tamamilə əsassızdır. Odur ki, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, tələb təmin edilməməlidir. Belə ki, məhkəmə iddia tələbinin həll edilməsi üçün iş üzrə iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş qəbzlərdə olan yazının və həmin qəbzlərin sonunda olan imzaların iş üzrə Cavabdeh tərəfindən icra edilib-edilmədiyini müəyyənləşdirmək üçün iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xəttşünaslıq ekspertizasından təqdim edilmiş 09 aprel 2025-ci il tarixli, 4/21 saylı ekspert rəyinin nəticə hissəsində qeyd edilmişdir ki, ekspertizaya təqdim edilmiş, mülki işin 14-cü vərəqəsində olan 10 iyul 2022-ci il tarixli Borc alma haqqında müqavilə və ya izahat adlı sənəddəki yazılar və “Cavabdeh” yazılarının qarşısındakı imza, mülki işin 15-ci vərəqəsində olan 01 dekabr 2022-ci il tarixli Borc alma haqqında müqavilə və ya izahat adlı sənəddəki yazılar və “Cavabdeh” yazılarının qarşısındakı imza - Cavabdeh tərəfindən yox, başqa şəxs (şəxslər) tərəfindən icra olunmuşdur. Beləliklə işin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı cavabdehə 6.100 manat məbləğində borc pul verdiyini, cavabdehin həmin borcdan 2.000 manat qaytardığını və ona 4.100 manat borcunun qaldığını iddia edir. Bu səbəbdən cavabdehdən borca dair 4.100 manat, əldən çıxmış faydaya görə 5.000 manat və vurulmuş mənəvi ziyana görə 2.000 manat olmaqla, 11.100 manat məbləğində pul vəsaitunu tələb edir. İddiaçı məhkəməyə iddia tələbini əsaslandırmaq üçün sübut kimi cavabdeh tərəfindən yazıldığını və imzalandığını bildirməklə iki ədəd qəbz təqdim etmişdir. Cavabdeh öz izahatında iddiaçını əvvəllər tanımadığını və ondan heç vaxt borc pul almadığını qeyd edərək, iddiaçı tərəfindən məhkəməyə sübut kimi təqdim edilmiş qəbzlərdə olan yazının və imzanın ona məxsus olmadığını bildirmişdir. Məhkəmə-xəttşünaslıq ekspertizasının rəyində sözügedən qəbzlərdə olan yazının və imzanın cavabdeh tərəfindən icra edilmədiyi qeyd edilmişdir. İddia tələbindən görünür ki, tərəflər arasında yaranmış mübahisə borc müqaviləsinin icra edilməməsindən irəli gəlir ki, bu tələbi qanuni əsası Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739-cu maddəsidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-nin) 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlüəşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740.1-ci maddəsinə görə borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Mülki Məcəllənin 14.2 maddəsinin tələbinə əsasən, mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir. Həmçinin həmin məcəllənin 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1 maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Göründüyü kimi, qanunvericilik borc müqaviləsi üçün borc müqaviləsi predmetinin məbləğinin üç min manatdan çox olmadığı hallarda yazılı formanı məcburi şərt kimi nəzərdə tutmur. Lakin, mübahisə halında, xüsusilə də borcun ümumiyyətlə verilibverilməməsi məsələsi mübahisələndirilən halda, borc münasibətlərinin mövcudluğu sübut edilməli hala çevrilir ki, bu halda sübut etmə vəzifəsi belə münasibətin həqiqətən mövcud olduğunu iddia edən tərəfin üzərinə düşür. Hazırda iddia tələbində qeyd edilən borc 4.100 manat, yəni 3.000 manatdan artıq məbləğdə olmasına baxmayaraq bu borca dair tərəflər arasında heç bir yazılı formada müqavilə bağlanmamışdır. MPM-nin 77.1-ci maddəsinə əsasən hərbir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosessində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosessin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Məhkəmə hesab edir ki, iddiaçı iddianın əsasını təsdiq edən sübutları, yəni cavabdehə iddiaçı arasında yazılı borc müqaviləsinin mövcudluğunu təsdiq edən yazılı borc müqaviləsini məhkəməyə təqdim etdiyindən, bunun əksini sübut etmək vəzifəsi cavabdehin üzərinə düşür ki, cavabdeh də həmin sübutları məhkəməyə təqdim etməmişdir. MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. MPM-nin 9.3-cü maddəsinə əsasən hakim öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Həmin Məcəllənin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2005-ci il 24 noyabr tarixli qərarının 2.4-cü bəndinə görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Qətnamənin qanuni və əsaslı olmasının şərtlərindən biri iddia tələbinin düzgün müəyyən edilməsi və həmin tələbə baxılmasından ibarətdir. Məhkəmə hesab edir ki, hazırki mübahisədə sübut etmə vəzifəsi iddiaçının üzərində olduğundan, cavabdehin onun qarşısında öhdəliyinin yaranmasına və öhdəliyə dair pulun ödənilib ödənilmədiyinə dair heç bir əsaslı sübut təqdim olunmadığından onun irəli sürdüyü tələb əsassızdır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanlara məcmu halda qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh qarşı «pul» tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh qarşı “ borca dair pul tələbinə” dair iddiası təmin edilmədiyindən, iddiaçının digər – əldən çıxmış faydaya və vurulmuş mənəvi ziyana görə pul tələbi isə həmin iddia tələbindən törəmə olduğundan, həmin hissədə iddia tələbinə prosessual qənaət prinsipi baxımından əlavə qiymət verməyə lüzum görməyərək, iddia tələbini əldən çıxmış faydaya və vurulmuş mənəvi ziyana görə pul tələbi hissəsində təmin etməməyi əsaslı və qanuni hesab edir. AR MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. «Mahmudov Rusiyaya qarşı iş üzrə» 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən müəyyən edilir ki, iddiaçı tərəfindən hazırki mülki iş üzrə iddia ərizəsinin məhkəməyə verilməsi üçün 123,60 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia tələbi təmin edilmədiyindən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «pul tələbinə dair» iddiası təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 123,60 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə Lənkəran Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Anar Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar