Azərbaycan Respublikası adından QƏTNAMƏ Lənkəran şəhəri İş № e-2(049)-822/2025 02.04.2025 LƏNKƏRAN RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Lənkəran Rayon Məhkəməsinin hakimi Süleymanov Kamran Şakir oğlunun sədrliyi, Abbaszadə Fərid Şahüseyn oğlunun katibliyi, İddiaçı Əliyeva (Ağayeva) Fidan Aslan qızının, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Əliyeva (Ağayeva) Fidan Aslan qızının Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Lənkəran Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: TƏSVİRİ HİSSƏ: İddiaçı Əliyeva (Ağayeva) Fidan Aslan qızı məhkəməyə müraciət edərək Cavabdeh ilə birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşı bitənədək özü üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin, həmçinin, mediasiya xərci olaraq ödənilmiş 60 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı öz iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.2022-ci il tarixdə cavabdehlə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş, nikahlarını isə xx.xx.2022-ci il tarixdə rəsmiləşdirmişlər. Cavabdehlə birgə nikahda olduqları müddətdə xx.xx.2023-cü il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Hazırda uşaq sağ-salamt olmaqla onun himayəsindədir. Cavabdehlə aralarında baş vermiş ailə mübahisələrinə görə xx.xx.2024-cü il tarixdə faktiki olaraq ayrılmışlar və o, həmin vaxtdan azyaşlı uşağı ilə birlikdə öz valideynlərinin evində yaşayır. O, uşağın saxlanması üçün aliment tələbi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2024-cü il tarixli 2(049)-3933/2024 nömrəli qətnaməsinə əsasən onun iddia tələbi qismən təmin edilmişdir. O, cavabdehdən uşaq üçün aliment tələbi ilə məhkəməyə müraciət edərkən hüquqi savadı olmadığına görə uşağın üç yaşı bitənədək özü üçün aliment tələb etməmişdir. Hazırda uşağı körpə olduğundan heç bir yerdə işləyə bilmir, bütün günü vaxtını uşaqla keçirir və maddi cəhətdən çətinlik çəkir. Hazırki vəziyyətdə onun və uşağın maddi ehtiyaclarını onun öz valideynləri ödəyirlər. Cavabdeh Türkiyə Respublikasına məxsus gəmidə işləyir və onun aylıq gəliri 2000 ABŞ dolları təşkil edir. Buna baxmayaraq cavabdeh uşağın və onun maddi ehtiyacları ilə maraqlanmır, onlara lazımi səviyyədə maddi yardım etmir. Ona görə də o, həmin məsələ ilə əlaqədar mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya təşkilatına gəlməmişdir. Bundan sonra o, məhkəməyə müraciət etmişdir. Qeyd etdiklərinə əsasən uşağın üç yaşı bitənədək özü üçün cavabdehdən aliment tutularaq ona ödənilməsini tələb edir. İddiaçı öz iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verməklə yanaşı göstərdi ki, cavabdehlə faktiki olaraq ayrılsa da, onlar arasında bağlanmış nikah hələ pozulmamışdır. Cavabdehin ona qarşı nikahın pozulması tələbi barədə iddiasına dair mülki iş hazırda Lənkəran Rayon Məhkəməsinin icraatındadır. Cavabdehdən faktiki olaraq ayrı yaşadıqları vaxtdan indiyədək maddi ehtiyaclarını və digər xərclərini öz valideynlərinin köməkliyi ilə ödəyir. Cavabdeh isə Türkiyə Respublikasında işləyərək yüksək miqdarda gəlir əldə edir. Uşağın üç yaşı tamam olanadək onun özünün saxlanması üçün cavabdehin ona aliment ödəməyə hər cür maddi imkanı vardır. Qeyd etdiklərinə əsasən xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşı bitənədək özü üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin, həmçinin, mediasiya xərci olaraq ödənilmiş 60 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə da iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə baxışı iclasında həmin tələbin və iddiaçının izahatının məzmununa uyğun izahat verməklə iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin məhkəməyə göndərdiyi ərizəsində qeyd etmişdir ki, iddiaçı onun maddi vəziyyətinin yüksək səviyyədə olduğunu bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Halbuki, öz tələbinin əsaslı olduğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. O, uşağın saxlanması üçün iddiaçıya aliment ödəyir. Həmçinin, o, iddiaçıya qarşı nikahın pozulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir. Hazırda o, heç bir yerdə işləmir və yalnız günəmuzd işlər olanda işləyib qazanc əldə edir. Heç yerdə işləməyən valideynləri də onun himayəsindədirlər və atası onkoloji xəstədir. Atasının müalicəsi isə mütəmadi xarakter daşımaqla kifayət qədər xərc tələb edir. Qeyd etdikləri nəzərə alınmaqla iddiaçının hazırki iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırması zamanı iddiaçının izahatı, həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ 484885 nömrəli nikah haqqında şəhadətnamənin surəti, xx.xx.2024-cü il tarixli 3776 nömrəli doğum haqqında akt qeydinə dair arayış, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(049)- 3933/2024 nömrəli və Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(106)-384/2025 nömrəli qətnamələri, Lənkəran şəhər İcra Hakimiyyəti başçısının Göyşaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş xx.xx.2024cü il tarixli 12-17/695 nömrəli arayış, Lənkəran 1 saylı mediasiya təşkilatından verilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayış, xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixli ödəniş qəbzləri, hüquqi yardımın göstərilməsi barədə xx.xx.2025-ci il tarixli müqavilə, xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışla işin mübahisəsiz halları olaraq müəyyən edildi ki, iddiaçı və cavabdeh xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Tərəflərin birgə nikahda olduqları müddətdə xx.xx.2023-cü il tarixdə X2 adlı bir uşaqları doğulmuşdur. Tərəflər indiyədək də rəsmi nikahda olsalar da, hazırki vəziyyətdə faktik olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahda olduqları müddətdə doğulmuş uşaq hazırda da iddiaçının himayəsindədir. İddiaçının uşağın saxlanması üçün aliment tələbinə dair iş üzrə qanuni qüvvəyə minmiş yekun məhkəmə qərarı ilə X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün məhkəmə tərəfindən cavabdehdən hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində sabit pul məbləğində aliment tutulması müəyyən edilmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məşğulluq mərkəzində işsiz kimi qeydiyyata alınmışdır. İddiaçı uşağın üç yaşı bitənədək özü üçün aliment tutulması məsələsi ilə əlaqədar mediasiya təşkilatına müraciət etmiş, lakin cavabdeh mediasiya təşkilatına gəlməmişdir. Bundan sonra iddiaçı hazırki tələblə məhkəməyə müraciət etmişdir. İddiaçı mediasiya prosesində 60 manat, vəkilin göstərdiyi hüquqi yardıma görə 321 manat vəsait ödəmişdir. İddiaçı cavabdehin ona uşaq üçün aliment ödəməkdən başqa heç bir maddi yardım etmədiyini, uşağı körpə olduğundan heç bir yerdə işləyə bilmədiyini və maddi cəhətdən çətinlik çəkdiyini bildirərək cavabdehdən uşağın üç yaşı bitənədək özü üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tələb edir. Cavabdeh məhkəməyə gəlməmiş, məhkəməyə göndərdiyi ərizəsində hazırki iddia tələbinə etiraz etdiyini, etirazının əsasları olaraq maddi imkanı olmadığını, hazırda heç bir yerdə işləmədiyini bildirmiş və müvafiq orqanda işsiz kimi qeydiyyata alınması barədə məlumatı məhkəməyə təqdim etmişdir. Cavabdehin gəlirlərinin miqdarı və mənbəyi barədə iddiaçı da məhkəməyə hər hansı sənəd və ya digər sübut təqdim tməmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Məhkəmə tərəflərin iddia tələbinə münasibətini nəzərə alaraq və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçı və cavabdeh faktiki olaraq ayrı yaşayırlar. Tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X2 iddiaçının himayəsində olmaqla, uşağın hələ üç yaşı tamam olmamışdır. Eyni zamanda, həmin uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutulması ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcuddur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1, 84.2, 84.2.1 və 84.2.2-ci maddələrinin məzmununa görə ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər. İşin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, hazırda iddiaçının himayəsində azyaşlı uşaq olsa da, o, əmək qabiliyyətli olmayan hesab edilmədiyi kimi, maddi yardıma ehtiyacı olması da öz təsdiqini tapmır. Eyni zamanda, məhkəmə iclasında cavabdehin özünün də sabit gəlir mənbəyi, gəlir əldə edə biləcək hər hansı fəaliyyətlə məşğul olması və iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları aşkar olunmamışdır. İddiaçı cavabdehin hər ay 2000 ABŞ dolları gəlir əldə etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Hazırki şəraitdə tərəflərin əmək qabiliyyətli olma vəziyyəti eyni dərəcədə qiymətləndirildiyindən məhkəmə hesab edir ki, cavabdehdən iddiaçının özü üçün aliment tutulmasına hər hansı əsas yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Cavabdehin iddiaçıya əlavə maddi yardım etmək üçün zəruri vəsaitə malik olması halları sübuta yetirilmədiyindən məhkəmə qərara gəlir ki, iddia tələbinin xx.xx.2023-cü il tarixdə doğulmuş X2 adlı uşaq üç yaşına çatana qədər iddiaçının özü üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmasına dair hissəsi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Qeyd olunan hüquq normalarının tələblərinə əsasən məhkəmə qərara gəlir ki, iddia tələbinin alimentin tutulmasına dair hissəsinin rədd edildiyi nəzərə alınmaqla, iddia tələbinin mediasiya xərci olaraq ödənilmiş 60 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq iddiaçıya ödənilməsinə dair hissəsi də rədd edilməlidir. NƏTİCƏ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə, q ə t e t d i: İddiaçı Əliyeva (Ağayeva) Fidan Aslan qızının Cavabdeh qarşı cavabdehlə birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X1 üç yaşı bitənədək özü üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində alimentin, həmçinin, mediasiya xərci olaraq ödənilmiş 60 manat və hüquqi yardım üçün vəkilə ödənilmiş 320 manat pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Lənkəran Rayon Məhkəməsinin “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kamran Süleymanov
Məhkəmə qərarları › İş №e-2(049)-822/2025
Lənkəran Rayon Məhkəməsi Qətnamə — İş №e-2(049)-822/2025
02.04.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver