Məhkəmə qərarları › İş №e-2(050)-1305/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-1305/2025

10.06.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-1305/2025 10.06.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Musayeva Zəhraxanım Şahin qızının katibliyi, İddiaçı, Cavabdeh1 və digər Cavabdeh2 nümayəndəsi X1 iştirakları ilə İddiaçı qızının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında audio və video çəkiliş vasitəsilə baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddia ərizəsində qeyd edilən işin halları: İddiaçı, X2 ilə 1997-ci ilin sentyabr ayında faktiki ailə münasibətlərinə daxil olaraq, ailə həyatı qurmuş, nikahları xx.xx.1998-ci il tarixdə 101 sayla rəsmi qeydə alınmışdır. Birgə nikahlarından xx.xx.1998-ci il təvəllüdlü Cavabdeh2 və xx.xx.2000-ci il təvəllüdlü Cavabdeh1 adlı iki uşaqları anadan olmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1668/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə Masallı Rayon Məhkəməsinin 2(050)151/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilərək, İddiaçı ilə X5 arasında bağlanmış 02 dekabr 1998-ci il tarixli, 101 saylı nikah qeydinin pozulması, birgə nikahdan olan xx.xx.2000-ci ildə anadan olmuş Cavabdeh1 anası Məhərrəmova (Sadıqova) Elnarə Əvəz qızının yanında saxlanılması, yetkinlik yaşına çatmamış Cavabdeh1 saxlanması üçün İddiaçı hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq, Məhərrəmova (Sadıqova) Elnarə Əvəz qızına verilməsi qət edilmişdir. Qeyd etdiklərindən göründüyü kimi, birgə nikahdan olan uşaqlar yetkinlik yaşına çatanadək bütün tələbatlarını ödəmişdir. Nikahları pozulduğu vaxt yetkinlik yaşına çatmayan uşağının da alimentini tam ödəmişdir. Bir neçə ildir ki, səhhəti ilə bağlı çətinliklər çəkir. Boya-başa çatdırdığı uşaqları imkanları yaxşı olduğu halda, bir övlad kimi ona köməklik etmir. Halbuki, o, xəstəliyi ilə bağlı pensiyaçıdır. Anadangəlmə xəstədir. Uşaqlarının saxlanması üçün həmişə anası və bacıları tərəfindən dəstək görmüşdür. Hazırda anasının pensiyası özünə belə kifayət etmir. Bu qərara gəlmişdir ki, boya-başa çatdırdığı övladlarından aliment alsın. Bu barədə övladlarına təklif, mediasiya təşkilatına müraciət etsə də, cavabdeh olan övladları mediasiyada iştirak etməmişlər. Bu səbəbdən məcburiyyət qarşısında qalıb, məhkəməyə müraciət etməli olmuşdur. İddiaçının tələbi: Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 hər birindən 300 manat sabit pul məbləğində alimentin və mediasiya təşkilatına ödədiyi 60 manat pulun tutulub, ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin iddiaya münasibəti: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən birgə verilmiş etirazdan görünür ki, iddia tələbini qəbul etmirlər. Cavabdeh1 anadangəlmə döş fəqərəsinin sağa, bel fəqərələrinin bir qədər sola deformasiyası, onurğa boyu aşağı döş və aşağı bel fəqərələrin intervertebral sahələrinin skaliozun hesabına assimmetrik olmaqla bağlayıcı lövhələrdə kifozun dərinləşməsi diaqnozu ilə xəstəlikdən əziyyət çəkməklə ona ömürlük əlillik təyin edilmişdir. Səhhəti ilə bağlı işləyə bilmir. Bu isə əmək qabiliyyətinin olmamasını göstərir. Daimi müalicə alır. Aldığı müavinət isə müalicə və müayinə xərclərini belə ödəmir. İşləyə bilmədiyindən kənar şəxsin yardımına ehtiyacı vardır. Cavabdeh2 Madina mebel fabrikində işləməklə 385 manat əmək haqqı alır. Aldığı əmək haqqı ilə özü ilə yanaşı xəstə qardaşını və anasını da saxlayır. Yaşamağa mənzili olmadığından kirayədə yaşayır, kirayə haqqını ödəyir, qardaşının müalicəsinə köməklik göstərir. Aldığı əmək haqqı bütün bunlara çatmadığından anası ilə qardaşını nə keyfiyyətli müalicə etdirə bilmiş, nə şəraiti yaxşı olan mənzil tapa bilmiş, nə də ki gündəlik dolanışıqlarını normal şəkildə təşkil edə bilmişdir. Maddi vəziyyəti yaxşı olmadığından normal şəraitli mənzildə yaşaya bilmir, həmçinin özü və qardaşı ailə qura bilmir. Belə bir vəziyyətdə aliment ödəməsi imkansızdır. İddiaçı isə anası ilə yaşayır və anası mərhum həyat yoldaşının pensiyasını alır. Bundan əlavə iddiaçı özü də pensiya alır. İşdə iştirak edən şəxslərin izahatları: İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, oğlu Kənanın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində aliment ödəmişdir. Hazırda isə özü xəstədir və xəstəliyi ilə əlaqədar övladlarından onun xeyrinə aliment tutulmasını tələb edir. Hazırda yoldaşı ilə birgə anasının himayəsində yaşayır. Ailə başçısını itirmələrinə görə anası 1000 manat pensiya alır. Bundan əlavə özü də bazarda fəhlə işləyir, günə 7-10 manat arası qazancı olur. Cavabdeh1 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, iddia tələbini qəbul etmir. İİİ qrup əlildir və əlilliyinə görə 150 manat pensiya alır. Xəstəliyi ilə əlaqədar heç yerdə işləyə bilmir. Cavabdeh2 nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddiaçı özü və anası pensiya alır. Cavabdeh olan Kənan adlı oğlu İİİ qrup əlil olduğundan işləmir. Digər oğlu Murad isə işləsə də, qazancı azdır. Özü isə xəstəliyi ilə bağlı hazırda işləyib ailəyə dəstək ola bilmir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar: Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1668/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsindən görünür ki, cavabdeh X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Masallı Rayon Məhkəməsinin 2(050)-151/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi ləğv edilmiş, İddiaçı ilə X5 arasında bağlanmış xx.xx.1998-ci il tarixli 101 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından xx.xx.2000-ci il tarixdə anadan olmuş Cavabdeh1 anası X3 yanında saxlanması, yetkinlik yaşına çatmamış Cavabdeh1 saxlanması üçün İddiaçı hər ay 80 manat sabit pul məbləğində alimentin tutularaq, X4 verilməsi, alimentin İddiaçı nikahın pozulması üçün məhkəməyə müraciət etdiyi xx.xx.2015-ci il tarixdən hesablanması qət edilmişdir. xx.xx.2025-ci il tarixli, MŞM/MT036/2025-00108 saylı ilkin mediyasiya sesiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh1 və Cavabdeh2 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Pensiya haqqında arayışdan görünür ki, İddiaçı ailə başçısını itirməyə görə 511,47 manat pensiya alır. "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Cavabdeh2 həqiqətən xx.xx.2023-cü il tarixindən "xxxx" MMC-də usta vəzifəsində işləyir. Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-in xx.xx.2025-ci il tarixli, 18-1-60/2-M-328- 31-284/2025 saylı arayışdan görünür ki, xx.xx.2025-ci il tarixdə Masallı Rayon Mərkəzi Xəstəxanası PHŞ-də müayinə edilmişdir. Diaqnoz: “J45.9 Bronxial astma”. Xəstənin müalicəsi hal-hazırda davam etdirilir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyanın: 34-cü maddəsinin 5-ci bəndinə əsasən valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın: 8.1-ci maddəsinə əsasən hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir; 8.2-ci maddəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 82.1. Əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3. Övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4. Alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 82.5. Valideynlərin öz valideynlik vəzifələrini yerinə yetirməməsi məhkəmə tərəfindən müəyyən olunarsa, uşaqlar əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlərini saxlamaq vəzifəsindən azad edilə bilərlər. 82.6. Uşaqlar valideynlik hüquqlarından məhrum edilən valideynlərinə aliment ödəməkdən azad edilirlər. 93.1. Bu Məcəllənin 88—92-ci maddələrində göstərilmiş şəxslərə aliment ödənilməsi qaydası və alimentin miqdarı tərəflər arasındakı sazişlə müəyyən oluna bilər. 93.2. Tərəflər arasında belə saziş olmadıqda məhkəmə alimentin miqdarını hər bir ayrıca halda aliment tutulan şəxsin və aliment alan şəxsin maddi və ailə vəziyyətindən və tərəflərin diqqətəlayiq olan digər maraqlarından asılı olaraq hər ay ödənilən sabit pul məbləğində müəyyən edir. 93.3. Aliment tələb edən ailə üzvünü eyni zamanda bir neçə şəxs saxlamağa borclu olduqda, məhkəmə onların maddi və ailə vəziyyətindən asılı olaraq aliment vəzifəsinin yerinə yetirilməsində onlardan hər birinin iştirakının miqdarını müəyyən edir, həm də məhkəmə bütün bu şəxslərə və ya onlardan yalnız birinə, yaxud da bir neçəsinə iddia verildiyindən asılı olmayaraq aliment verməyə borclu olan bütün şəxsləri nəzərə alır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 4.1.-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddənin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İşin məhkəmə tərəfindən müəyyən edilmiş mübahisəsiz halları:

1. İddiaçı və X3 nikahı Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(106)-1668/2016 saylı, xx.xx.2016-cı il tarixli qətnaməsi əsasında pozulmuşdur. Cavabdeh1 və Cavabdeh2 onların övladlarıdır.

2. Cavabdeh1 İİİ qrup əlildir və əlilliyinə görə 150 manat pensiya alır.

3. İddiaçı əmək qabiliyyətlidir və ailə başçısını itirməyə görə 511,47 manat pensiya alır.

İşə baxan məhkəmənin mövqeyi:

Məhkəmə iş üzrə toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək, belə hesab edir ki, iddia təmin edilməməlidir. İddia üzrə tələbdən göründüyü kimi hazırki iş üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 atasıdır. Hazırda iddiaçı maddi vəziyyətinin yaxşı olmaması səbəbindən yetkinlik yaşına çatmış övladlarından özünün saxlanması üçün aliment tələb edir. İşin faktiki hallarına əsasən müəyyən olunmuşdur ki, İddiaçı əmək qabiliyyətlidir. Hazırda məhkəmə iclasında verdiyi izahatına əsasən bazarda günü 7-10 manata fəhlə kimi işləyir və əlavə olaraq ailə başçısını itirməyə görə 511,47 manat pensiya alır. Aliment tələb edilən Cavabdeh1 İİİ qrup əlilliyə görə 150 manat pensiya alır. Digər cavabdeh isə mebel fabrinkində usta işləyir və aylıq əmək haqqı 385 manat təşkil edir və hazırda ailənin bütün təlabatları onun tərəfindən qarşılanır. Həmçinin məhkəmə qeyd edir ki, 2025-ci il üçün yaşayış minimumu əmək qabiliyyətli əhali üçün 305 manat müəyyən edilmişdir. İddiaçı isə şəxsi orta aylıq gəliri təxminən 750-800 manat aralığında dəyişir. Beləliklə, məhkəmə işdə olan sübutlara və tərəflərin izahatlarına qiymət verərək qeyd edir ki, İddiaçı maddi yardıma ehtiyacı olmadığından və o, məhkəmə qaydasında əmək qabiliyyəti olmayan şəxs hesab edilmədiyindən, həmçinin onunla övladları arasında aliment ödənilməsi barədə saziş mövcud olmadığından İddiaçı övladlarına qarşı aliment ödənilməsi barədə tələbi əsassızdır və təmin edilə bilməz. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prossual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

İddia rədd edilsin. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı aliment tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar