Məhkəmə qərarları › İş №e-2(050)-1309/2025

Masallı Rayon Məhkəməsi Qərardad — İş №e-2(050)-1309/2025

01.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Masallı rayonu İş № e-2(050)-1309/2025 01.12.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, Məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından bir nəfər 08 yanvar 2009-cu il təvəllüdlü X3 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay Cavabdeh 246 manat alimentin və mediasiya üçün ödənilmiş rüsumun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 28 oktyabr 2025-ci il tarixdə məhkəməyə barışıq sazişini təsdiq edərək Cavabdeh ilə aralarında bağlanmış barışıq sazişinin təsdiq edilməsini və mülki iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə şəxsi kabinetinə bildiriş yerləşdirilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə, əlavə olaraq elektron məhkəmə sistemi vasitəsilə istifadəsində olan əlaqə nömrəsinə sms vasitəsilə məlumat göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə barışıq sazişinin təsdiq edilməsini xahiş etmişdir. Məhkəmə mülki işin materiallarını, barışıq sazişinin şərtlərini nəzərdən keçirib hesab edir ki, tərəflərin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından təsdiq edilərək mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 52.3-cü maddəsinə əsasən tərəflər məhkəmə işini bilavasitə özləri, yaxud mediasiya vasitəsilə barışıq sazişi bağlamaqla qurtara bilərlər. 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə hakim iş üzrə icraata xitam verir; 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında “aliment” tələbi ilə bağlı mübahisə vardır, məhkəməyə təqdim edilmiş barışıq razılaşmasına əsasən tərəflər aralarında olan həmin mülki mübahisəni barışıq razılaşmasında qeyd etdikləri qaydada həll etməklə hazırkı işin icraatına xitam verilməsini xahiş edirlər. Həmin barışıq sazişi qanuna zidd olmadığından, hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığından, məhkəmə hesab edir ki, barışıq sazişi təsdiq edilməli və mülki iş üzrə icraata həmin hissədə xitam verilməlidir. O cümlədən, işin icraatına xitam verildikdə eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Eyni zamanda Masallı Rayon Məhkəməsinin e-2(050)-1309/2025 nömrəli, 27 oktyabr 2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “uşağın onun himayəsində saxlanması və müəyyən edilmiş alimentdən azad edilməsi” tələbinə dair e- 2(050)-989/2025 saylı mülki iş üzrə tərəflərin bağladıqları barışıq sazişi təsdiq edilərək e- 2(050)-989/2025 saylı mülki iş üzrə icraata xitam verilmişdir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 52, 191, 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair e-2(050)-1309/2025 saylı mülki iş üzrə tərəflərin aşağıdakı şərtlərlə bağladıqları barışıq sazişi qəbul edilsin:

1. Tərəflər razılığa gəlirlər ki, bu barışıq sazişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə uyğun olaraq İddiaçı tərəfindən Cavabdeh qarşı qaldırılmış uşağın himayədə saxlanılması və alimentdən azad edilmə, həmçinin aliment tələbi üzrə məhkəmə işi çərçivəsində bağlanır.

2. İddiaçı məhkəmədə Cavabdeh qarşı qaldırdığı uşağın himayədə saxlanılması və alimentdən azad edilmə tələbindən, eyni zamanda Cavabdeh qarşı aliment tələbindən tam şəkildə imtina edir.

3. İddiaçı və Cavabdeh birgə övladı - 08 yanvar 2009-cu il təvəllüdlü X3 tərəflərin qarşılıqlı razılığı ilə atası İddiaçı himayəsində saxlanılır.

4. Cavabdeh 08 yanvar 2009-cu il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentdən 22 sentyabr 2024-cü ildən sonrakı dövr üçün ödənilməsini tələb etmir və həmin tarixdən uşağın yetkinlik yaşına çatana kimi etibarən alimentin tutulmasından imtina edir.

5. Cavabdeh övladı X3 ilə istənilən vaxtda ünsiyyət və görüşmək hüququna malikdir.

6. Bu sazişlə müəyyən edilən öhdəliklər könüllü şəkildə qəbul olunmuşdur, gələcəkdə bir-birinə qarşı eyni tələblərlə bağlı hər hansı iddia qaldırmayacaqlar.

7. Bu barışıq sazişi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən məhkəmə tərəfindən təsdiq edildikdən sonra məhkəmə qətnaməsi qüvvəsinə malik olacaq.

8. Tərəflər bildirirlər ki, barışıq sazişinin şərtləri, hüquqi nəticələri onlara tam aydın şəkildə izah olunmuş, hər iki tərəf sazişi azad iradəsi ilə imzalamışdır. Qeyd olunan həmin barışıq sazişi təsdiq edilsin və e-2(050)-1309/2025 saylı mülki iş üzrə icraata xitam verilsin. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmədiyi tərəflərə izah edilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Masallı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən: Elşən Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar