Məhkəmə qərarları › İş №e-2(050)-185/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-185/2025

16.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-185/2025 16.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Firdovsi Zülfü oğlunun sədrliyi, məhkəmə iclasının katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında video çəkiliş vasitəsi ilə baxaraq, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X2 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay bir uşağa görə cavabdehin qazancının ¼ hissəsi və sabit pul məbləğində 235 manat məbləğində alimentin və mediasiya ödədiyi dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə həyatı quraraq, nikahlarını xx.xx.2014-cü il tarixdə rəsmiləşdirmişlər. Birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü X4 adlı uşaqları anadan olmuşdur. X7 M.Qarayev adına Sığıncaq kənd tam orta məktəbinin 5-ci sinifində oxuyur. Cavabdeh onu arvadı kimi saymadığından və xasiyyətləri düz gəlmədiyindən ayrılmalı olmuşlar. Cavabdehlə ayrıldıqları zaman uşaq onun himayəsində qalmışdır. O, tək başına bir nəfər yetkinlik yaşına çatmayan uşağı böyüdüb saxlamaqda çətinlik çəkir. Uşağın gündəlik tələbatını qarşılamağa kömək etmək bir ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla hərbi hissədə həkim kimi işləyir və aylıq gəliri 700-800 manat civarındadır. Cavabdeh işdən sonra toylara tamada kimi gedir və hər toydan 250 manat gəlir əldə edir. Cavabdeh hazırda əmək müqaviləsi üzrə Cəlilabad rayonu, Göytəpə şəhərində hərbi həkim işlədiyindən onun tamada kimi fəaliyyəti dövlət qeydiyyatına alınmamışdır. Lakin onun tamada kimi sosial şəbəkələrdə videoları və fotoları var. Artıq onun bu qanunsuz fəaliyyəti ilə bağlı işlədiyi orqana və digər orqanlara da şikayət etmişdir. Cavabdeh mediasiya prosesinə gəlmədəyindən onunla aralarında olan mübahisəni həll etmək mümkün olmamış, ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı məhkəməyə ərizə ünvanlayaraq himayəsində azyaşlı uşağı olduğu üçün məhkəmə iclasına gəlməkdə çətinlik çəkdiyindən, məhkəmə baxış iclasını onun iştirakı olmadan keçirib iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə rəsmi nikaha daxil olub evlənmiş və birgə nikahlarından X2 adlı uşaqları anadan olmuşdur. Əvvəllər mehriban yaşasalar da, sonradan aralarında yaranmış narazılığa görə ayrı yaşayırlar. Hazırda N nömrəli hərbi hissədə “Feldşer” işləyir və hər ay 497 manat əmək haqqı alır. İddiaçının ərizəsində göstərdiyi kimi o, el şənliklərində (toylarda) tamadalıq etmir. Yalnız ona yaxın olan qohum-dostların şənliyində aparıcılıq edir. Bu səbəbdən də azyaşlı Zərudənin saxlanılması üçün hər ay 200 manat məbləğində aliment ödəyə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmədən ədalətli qərar qəbul ediməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: Nikah haqqında şəhadətnamədən görünür ki, tərəflər arasında Masallı Rayon Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 01 may 2014-cü il tarixli, 203 saylı nikah qeydi vardır. Doğum haqqında şəhadətnamədən görünür ki, tərəflərin birgə nikahdan 28 iyul 2014-cü ildə X2 oğlu adlı uşaqları doğulmuşdur. X1 tərəfindən təsdiqlənmiş 15 noyabr 2024-cü il tarixli, MŞM/MT 036/2024-00931 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh isə məlumatlandırılmasına baxmayaraq mediasiya sesiyasında iştirak etməmişdir. Məhkəmə cavabdehi dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideyinlər uşaqların saxlanmasından imtina etdikdə həmin vəsait valideyinlərdən məhkəmə qaydasında tutulur. 76.1 və 76.1.1-ci maddələrinə əsasən alimentin ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideyinlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın (başqa gəlirlərin) dörddə bir hissəsi miqdarında aliment tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm,dəyişən olarsa,ya qazancının hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimet valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76cı maddəsinə uyğun olaraq qazancın müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinin tələbinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə asasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları- onlara əsas qayğı obyektidir. Beləliklə, məhkəmə tərəflərin maddi və ailə vəziyyətini, uşaqların saxlanmasında valideynlərin bərabər vəzifələrinin olmasını nəzərə alaraq belə hesab edir ki, iddia qismən təmin edilməklə tərəflərin birgə nikahdan 28 iyul 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (əmək haqqının) ¼ (dörddə bir) hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı verilməli və qətnamə Azərbaycan Respublikası MPM-nin 234.2 və 234.2.1-ci maddələrinə əsasən dərhal icra olunmalıdır. Belə ki, həmin maddələrin tələbinə görə şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmuyu ilə müəyyən edilir. Eyni Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda, məhkəmə hesab edir ki, Cavabdeh dövlət rüsumuna görə 50 (əlli) manat tutulub dövlət büdcəsinə verilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75,76,78-ci, Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Tərəflərin birgə nikahdan 28 iyul 2014-cü ildə doğulmuş X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün 18 noyabr 2024-cü il tarixdən başlayaraq hər ay Cavabdeh qazancının (əmək haqqının) ¼ (dörddə bir) hissəsi miqdarında və sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. Qətnamə dərhal icra olunsun. Cavabdeh mediyasiya təşkilatına ödənilmiş 50 (əlli) manat tutulub İddiaçı və dövlət rüsumuna görə 50 (əlli) manat tutulub dövlət büdcəsinə verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Firdovsi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar