Məhkəmə qərarları › İş №e-2(050)-2081/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2081/2024

02.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2081/2024 02.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Ellara Həsən qızının sədrliyi, Məhkəmə iclas katibi Ağayev Nurəddin Cəlil oğlunun katibliyi ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya tələbinin təmin edilməsi tələbinə dair mülki işə Masallı Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Sığorta Şirkəti ASC məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il tarixli yol-nəqliyyat hadisəsi ilə bağlı zərərçəkənlərə ödənilmiş ümumilikdə 13750 AZN (on üç min yeddi yüz əlli manat) pulun və iddianın məhkəmədə qaldırılması üçün ödənilmiş 131.25 manat dövlət rüsumunun tutularaq, İddiaçı Sığorta Şirkəti ASC-nin xeyinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən, xx.xx.2020-ci il tarixdə Cavabdeh idarəetmə hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər: X5, X8, X6 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 124874, 124288 və 124289 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər İddiaçı SŞ-da avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarında olan AR DİN BDYPİ-nin təqdim etdiyi kompüter çıxarışına əsasən, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərək qanuni sahib olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Kamaz 5511” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş trosla toqquşmuş, nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər vəfat etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək, 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. “İcbari Sığorta Haqqında” qanunun 14-cü maddəsinə əsasən, ölümə görə sığorta ödənişinin məbləği sığorta məbləğinin 100%-ni təşkil edir. Əlavə olunmuş 12912, 12911 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş X6 və X7 hər birinə görə 5000 manat sığorta ödənişi etibarnamə əsasında nümayəndə X2 verilmişdir. Həmçinin, 13376 saylı ödəniş taşırığına əsasən, vəfat etmiş X1 görə hüquqi varisi X3 3750 manat sığorta ödənişi edilmişdir. xx.xx.2020-ci il tarixdə yol-nəqliyyat hadisəsi zamanı Cavabdeh yuxarıda qeyd edilən Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, idarəetmə hüququ olmadan nəqliyyat vasitəsini idarə edərək, yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə avtomobildə olan üç nəfərin ölümünə səbəb olmuşdur. Buna görə də iddiaçının ona qarşı subroqasiya hüququ yaranmışdır. Hesab edirlər ki, 13750 AZN (on üç min yeddi yüz əlli manat) pul Cavabdeh İddiaçıSığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. İddiaçı Atəşgah” Sığorta Şirkəti ASC-nin nümayəndəsi ərizə göndərərək, işə nümayəndənin iştirakı olmadan baxılaraq, iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məlum olmayan səbəbdən məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Odur ki, məhkəmə işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Həmin maddəyə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazimi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. İş materiallarında olan: 124288 saylı, 124289 saylı 22 iyun 2023-cü il tarixli və 124874 saylı 09 avqust 2023cü il tarixli sığorta aktlarından, ona əlavə olunmuş 12912, 12911 nömrəli ödəniş tapşırıqlarından görünür ki, İddiaçı Sığorta Şirkəti vəfat etmiş X4 və X7 hər birinə görə 5000 manat sığorta ödənişi etibarnamə əsasında nümayəndə X2 verilmişdir. Həmçinin, xx.xx.2023-cü il tarixli, 13376 saylı ödəniş taşırığına əsasən, vəfat etmiş X1 görə hüquqi varisi X3 3750 manat sığorta ödənişi edilmişdir. İşdə olan 18 aprel 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh sığorta məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin 06 iyul 2021-ci il tarixli hökmündən görünür ki, Cavabdeh təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. İşdə olan mədaxil qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırılması üçün ümumlikdə 131.25 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra onların məcmusuna hüquqi qiymət verərək, hesab edir ki, iddia tələbi əsaslıdır. Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Məhkəmə çəkişmə prinsipinə riayət edərək ancaq o sübutları qəbul etmiş və nəzərə almışdır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. İşdə olan sübutlara əsasən və işin məhkəmə tərəfindən müəyyən edilmiş faktiki hallarından məlum olur ki, Cavabdeh xx.xx.2020-ci il tarixdə idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsi törətmiş, nəticədə həmin nəqliyyat vasitəsində olan sərnişinlər: X5, X8, X6 vəfat etmişdir. İş materiallarına əlavə edilmiş PAT********** nömrəli sığorta şəhadətnaməsinin 124874, 124288 və 124289 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı Cavabdeh idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi xx.xx.2020-ci ildən xx.xx.2021-ci ilə qədər İddiaçı SŞda avtonəqliyyat vasitələrinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İş materiallarında olan AR DİN BDYPİ-nin təqdim etdiyi kompüter çıxarışına əsasən, Cavabdeh nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərək qanuni sahibi olmuşdur. İş materiallarına əlavə edilmiş Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, hadisə zamanı Cavabdeh idarəetmə hüququ olmadan idarə etdiyi “VAZ 2101” markalı, ** BC *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən “Kamaz 5511” markalı, ** CB *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə qoşulmuş trosla toqquşmuş, nəticədə nəqliyyat vasitəsində olan sərnişinlər vəfat etmişdir. Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Cavabdeh təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1 və 936.2-ci maddələrinə müvafiq olaraq “Subroqasiya hüququ” həmin Məcəllənin 936.6-cı maddəsini nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İstinad olunmuş maddənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 23.1.6-cı maddəsinə əsasən sığortaçının sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936-cı maddəsində və bu Qanunun 25-ci maddəsində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır. Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. İddiaçı Sığorta Şirkəti ASC-yə dəymiş ziyanı aradan qaldıraraq, 13750 manat məbləğində sığorta ödənişi həyata keçirmişdir. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 80, 88-ci maddələri ilə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla və sənədlərlə əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 13750 manat sığorta ödənişi, dövlət rüsumuna ödənilmiş 131.25 manat, cəmi 13881.25 manat tutularaq, İddiaçı Sığorta Şirkət ASC-nin hesabına köçürülsün. Qətnamə rəsmi qaydada təqdim edildiyi gündən tərəflər bir ay müddətinə Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Sədrlik edən: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar