Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-213/2025 23.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbrizoviçin sədrliyi, Məhkəmə iclas katibi Rzayev Təbriz Əliniyaz oğlunun katibliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 07 may 2011-ci il təvəllüdlü X1, 24 oktyabr 2012-ci il təvəllüdlü X2 və 04 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehə mediasiya təklifi göndərildiyi, yəni 06 noyabr 2024-cü il tarixdən hər ay bir uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin, ödənilmiş 60 manat mediasiya xərci və dövlət rüsumunun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiаçı iddiа tələbini оnunlа əsаslаndırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuş, nikahlarını 04 oktyabr 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 07 may 2011ci il təvəllüdlü X4, 24 oktyabr 2012-ci il təvəllüdlü X5 və 04 iyul 2015-ci il təvəllüdlü X6 adlı uşaqları anadan olmuşdur. Cavabdehlə ailə qurduqdan sonra evdə dava-dalaş saldığından, xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Artıq birgə yaşamaq mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehlə aralarında bağlanmış nikah formal xarakter daşıyır. Birgə nikahdan doğulmuş uşaqlar onun himayəsindədir. Tək başına üç yetkinlik yaşına çatmayan uşaqları saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatlarını qarşılamağa ata kimi cavabdehin də, borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq gəlir əldə edir.
Tərəflərin izahatları:
3. İddiaçı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, 11 yanvar 2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək qeyd etmişdir ki, himayəsində azyaşlı uşaqları olduğundan məhkəmə baxışı iclasında iştirak edə bilmir. Cavabdeh əmək qabiliyyətli olmaqla işləyir və aylıq gəlir əldə edir, lakin bunla belə uşaqları saxlanılmasında heç bir yardım etmir. Dəfələrlə uşaqlar xəstə olanda onla danışıb uşaqların dərmanlarının alınmasında ona kömək etməsini xahiş etmiş, lakin cavabdeh heç bir yardım etməyib, deyir ki, pulum var açığa sənə kömək etmirəm məhkəmə aliment kəssə də, məndən heç kim aliment ala bilməz. İddiasını müdafiə edir və 23 yanvar 2025-ci ilə təyin edilmiş məhkəmə baxışı icalsının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasın xahiş edir.
4. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.
7. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
İş materialları:
8. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 03-16-5/8- 5773-06/24 saylı 06 noyabr 2024-cü il tarixli arayışının surətindən görünür ki, X4 07 may 2011-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçı qeyd edilmişdir.
9. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 03-16-5/8- 5772-06/24 saylı 06 noyabr 2024-cü il tarixli arayışının surətindən görünür ki, X5 24 oktyabr 2012-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
10. Masallı Regional “ASAN Xidmət” mərkəzində Qeydiyyat şöbəsinin 03-16-5/8- 5771-06/24 saylı 06 noyabr 2024-cü il tarixli arayışının surətindən görünür ki, X6 04 iyul 2015-ci il tarixdə anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır.
11. AZ-İ seriyalı 707813 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 04 oktyabr 2011-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 621 nömrə ilə qeyd edilmişdir.
12. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 06 noyabr 2024-cü il tarixli, MŞM/MT036/2024-00871 nömrəli arayışın surətindən görünür ki, Cavabdeh və İddiaçı 06 noyabr 2024-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında yalnız İddiaçı iştirak etmiş, prosesi davam etdirmək barədə qərar qəbul etmədi. 60 manat mediasiya xərcini İddiaçı ödəmişdir.
İşin faktiki halları:
13. Bеləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh ilə ailə qurmuş və nikahları 04 oktyabr 2011-ci il tarixdə Bərdə rayon Qeydiyyat şöbəsində qeyd edilmişdir. Birgə nikahlarından 04 oktyabr 2011-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahdan 07 may 2011-ci il təvəllüdlü X4, 24 oktyabr 2012-ci il təvəllüdlü X5 və 04 iyul 2015-ci il təvəllüdlü X6 adlı övladları anadan olmuşdur. Hazırda iddiaçı uşaqların saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı uşaqların yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşağa görə 235 manat sabit pul məbləğində alimentin təyin edilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq:
14. Azərbaycan Respublikası Konstitusiyasının:
3-cü maddəsin əsasən, Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
15. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun:
13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
16. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin:
75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.
17. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı:
Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
18. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı:
8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
19. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin sərəncamı:
2024-cü il üçün minimum əmək haqqı 345 manat məbləğində müəyyən edilmişdir.
20. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı:
1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-c bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4- 1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir.
Məhkəmə baxışının hədləri:
21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun:
9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. 9.1.2-ci maddəsinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar.
23. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun:
36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi:
24. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
25. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini nəzərə alaraq qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanmasını əsas meyar kimi müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, onların və uşaqların mənafeyini, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da, uşaqların valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da, nəzərə alınmalıdır. İddiaçı uşaqların əvvəlki təminatı, o cümlədən cavabdehin rəsmi sabit gəliri, yaxud qazancı ilə bağlı sübutlar təqdim etməmişdir. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Bir uşağın saxlanmasına çəkilən xərclə, çox uşağın saxlanmasına çəkilən xərci eyniləşdirmək olmaz. Uşaqların sayı artdıqca hər uşaq başına minimum yaşayış həddində aliment tutulması təcrübəsi özünü doğrulda bilməz. Uşaqların sayı artdıqca müəyyən dolanışıq xərclərinə qənaət etmək olur. Ailədə bir uşaq olanda 235 manat minimum yaşayış xərci çəkilirsə, bu o demək deyil ki, üç uşaq olanda minimum dolanışıq xərci 705 manat təşkil etməlidir. Belə olan halda əksər ailələrdə gəlir gətirən valideynlərin aylıq gəlirləri ailə üzvlərinin sayına bölünərsə adam başına 235 manat vəsait düşməsi istisnadır. Ailə sayı artdıqca ailə büdcəsini idarə edənlər bu qayğıları qənaət etməklə qarşılayırlar.
26. Məhkəmə hesab edir ki, qətnamə icra olunması üçün çıxarılır və qətnamə çıxarılarkən tərəflərin əsaslı mənafeləri nəzərə alınmalıdır. İddiaçı bildirmişdir ki, cavabdeh əmək qabiliyyətli olmaqla gəlir əldə edir. Lakin cavabdehin hər ay hər uşaq üçün 235 manat məbləğində aliment ödəmək üçün maddi imkanının olması barədə heç bir sübut təqdim etməmişdir. Belə olan halda cavabdeh tərəfindən hər ay hər uşaq üçün 235 manat aliment ödənilməsi tamamilə absurddur. Bu səbəbdən məhkəmə yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində (345 x 0,45 = 155,25 manat) alimentin tutulmasını daha ədalətli hesab edir. İddia tələbi digər hissədə təmin olunmamalıdır.
27. İddiaçı alimentin cavabdehə mediasiya təklifi göndərildiyi, yəni 06 noyabr 2024cü il tarixdən tutulmasını xahiş etsə də, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 25 noyabr 2024-cü il tarixdən hesablanmalıdır.
Məhkəmə xərcləri:
28. Hazırki halda, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Cavabdeh tutulmuş (345x0,45= 155,25x3=465,75x12) alimentin bir illik məcmusu 5589 manat təşkil edir ki, ona görə 75,89 manat dövlət rüsumu ödənilməlidir. Həmin rüsumun 50 manatı iddiaçı tərəfindən ödənildiyindən və həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulduğundan, dövlət rüsumunun qalan 25,89 manat hissəsi cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
29. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mediasiya xidməti ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində pul məhkəmə xərci kimi qiymətləndirilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
30. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 25 noyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh 07 may 2011-ci il təvəllüdlü X1, 24 oktyabr 2012-ci il təvəllüdlü X2 və 04 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay bir uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment, 50 manat mediasiya xərci və 10 manat məhkəmə xərci İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Qətnamə dərhal icra edilməlidir.
31. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. 25 noyabr 2024-cü il tarixdən başlayaraq Cavabdeh 07 may 2011-ci il təvəllüdlü X1, 24 oktyabr 2012-ci il təvəllüdlü X2 və 04 iyul 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul və 10 (on) manat məbləğində məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. Cavabdeh 25,89 (iyirmi beş manat səksən doqquz qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov