Məhkəmə qərarları › İş №e-2(050)-2435/2023

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2435/2023

28.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2435/2023 28.07.2023 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «Subroqasiya tələbinin təmin edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 650 pulun və ödənilmiş 30.40 manat dövlət rüsumu tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobil toqquşaraq yol nəqliyyat hadisəsi baş vermişdir. İddiaçı Sığorta Şirkəti ASC dəymiş zərəri aradan qaldıraraq “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə 650 manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2022-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh hadisə yerindən yayındığına görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Hazırda 650 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 14 iyun 2022-ci il tarixli 105732 saylı Sığorta aktından görünür ki, “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi sığortalamışdır. xx.xx.2022-ci il tarixdə Bakı şəhəri Yeni Yasamal ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə zərər dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 650 manatdır. Səlimov Filman Əbil oğluna sığorta üzrə 650 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən Səlimov Filman Əbil oğlunun hesabına 650 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli İXP ******* nömrəli İnzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyi üçün barəsində protokol tərtib edilmişdir. İş materiallarında olan Yasamal rayon DYPŞ tərəfindən qəbul olunmuş xx.xx.2022-ci il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2 və 327.6-cı maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarxili, 159281 nömrəli hesabatdan görünür ki, “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 650 (altı yüz əlli) manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1096-cı maddəsinə görə isə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; 936.1-ci maddəsinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; 936.2-ci maddəsinə görə Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 63.1. İcbari sığortalar haqqında Azərbaycan Respublikasının qanununun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Göründüyü kimi, Cavabdeh xx.xx.2022-ci il tarixdə idarə etdiyi idarə etdiyi “Toyota Prius” markalı, ** UN *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Yeni Yasamal ərazisində “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi olmuşdur və nəticədə avtomaşına ziyan dəymişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 650 manat sığorta ödənişi etmiş və hal hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi tam əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “Mercedes Benz E240” markalı, ** RV *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 650 (altı yüz əlli) manat məbləğində sığorta ödənişinin əvəzi və ödənilmiş 30.40 manat məbləğində dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zeynal Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar