Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2546/2025 14.01.2026 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elşən Təbriz oğlunun sədrliyi, məhkəmə iclas katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair mülki işə audio və video çəkiliş vasitəsi ilə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Tələb:
1. İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən olunması və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23 iyul 2018-ci ildə anadan olmuş X4 adlı uşağın atası Cavabdeh müəyyən edilməsi; 23 iyul 2018-ci ildə anadan olmuş X4 adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində, əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində tutulması və ödədiyi 50 (əlli) manat dövlət rüsumu ilə Mediasiya üçün ödədiyi 60 (altmış) manat xərcin alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia ərizəsinin əsaslandırıldığı hallar:
2. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, Cavabdeh ilə 17 sentyabr 2017-ci ildə el adəti üzrə ailə həyatı qurmuşdur. Cavabdehlə bir neçə ay yaşadıqdan sonra xasiyyətlərinin düz gəlməməsi səbəbindən 14 fevral 2018-ci il tarixdən ayrılmalı olmuşdur. Hamiləlik dövrünü valideynlərinin yanında keçirmişdir. Faktiki nikah dövründən 23 iyul 2018-ci il təvəllüdlü X4 adlı bir uşaqları dünyaya gəlmişdir. Lakin Cavabdeh heç bir maddi dəstək göstərmədiyindən uşaq saxlanılmasında çətinliklər yaranmışdır. Cavabdehdən dəfələrlə atalığın müəyyən edilməsi və aliment verilməsi tələb olunsa da, cavabdeh onu aldadıcı yollarla inandırmış, lakin aliment verməkdən yayınmışdır. Bundan əvvəl “atalığın müəyyən edilməsi və aliment tələbi” ilə məhkəməyə müraciət etmiş, lakin cavabdeh onu aldadaraq məhkəmədən yayındırmış və iş baxılmamış saxlanılmışdır. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən, məhkəmə iddiaçının aliment almaq üçün əvvəldən tədbirlər gördüyünü, lakin ödəməli olan şəxsin aliment verməkdən boyun qaçırması səbəbindən alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində tələb oluna bilər. Bu əsasa uyğun olaraq 3 illik müddət daxilində aliment almaq məqsədilə 23 iyun 2025-ci il tarixdə Masallı 1 saylı Mediasiya təşkilatına atalığın müəyyən edilməsi və aliment tələbi ilə müraciət etmiş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Beləliklə, o, məcburiyyət qarşısında qalaraq, atalığın müəyyən edilməsi və aliment tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. Tərəflərin izahatları:
3. Məhkəmə baxışı iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirmişdir ki, uşaq dünyaya gəldikdən cavabdeh hər hansı maddi köməklik etməmişdir, hal-hazırda uşaq onun yanındadır. Toy şəkilləri və toy zamanı çəkilmiş DVD disk vardır. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir.
4. Məhkəmə baxışı iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, 23 iyul 2018-ci ildə anadan olmuş X1 atası olduğunu qəbul edir. Hər ay uşağın saxlanması üçün 100 manat məbləğində aliment ödəyə bilər. Lakin alimentin 3 illik müddət həddində tutulması hissəsində iddianı qəbul etmir. Qeyd olunanlara əsasən məhkəmədən iddianın qismən təmin olunmasını xahiş etmişdir.
İş materialları:
5. AZ-İV seriyalı 261345 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 23 iyul 2018-ci ildə Masallı şəhərində anadan olmuşdur. Atası qrafasında X3, anası qrafasında İddiaçı qeyd edilmişdir.
6. Masallı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 25 may 2023-cü il tarixli arayışın surətindən görünür ki, X4 haqqında Masallı rayon Qeydiyyat şöbəsinin arxivində onun atalıq haqqında akt qeydi aşkar edilməmişdir. Atalığının müəyyən edilməsi haqqında məlumatların müəyyən edilməsi məqsədilə “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində 23 iyul 2018-ci ildən 25 may 2023-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və atalığın müəyyən edilməsi haqqında akt qeydi aşkar olunmamışdır.
7. Masallı Rayon Məhkəməsinin 2(050)-3287/2022 nömrəli, 08 dekabr 2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı “atalığın müəyyən edilməsi və aliment” tələbinə dair ərizəsi baxılmamış saxlanılmışdır.
8. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 04 iyul 2025-ci il tarixli, MŞM/MT036/2025-00575 nömrəli arayışdan görünür ki, 04 iyul 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında İddiaçı iştirak etmiş, Cavabdeh iştirak etmədiyindən prosesi davam etdirmək mümkün olmamış, bu barədə İddiaçı arayış verilmişdir. 60 manat mediasiya xərcini İddiaçı ödəmişdir.
9. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sisteminin çıxarışından görünür ki, Cavabdeh heç bir yerdə işləmir.
10. Masallı Rayon Məhkəməsinin e-2(050)-2546/2025 saylı, 07 avqust 2025-ci il tarixli qərardadı ilə məhkəmə-tibbi bioloji ekspertizası təyin edilmişdir.
11. “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertizası və X2” X5 9/923 saylı, 06 oktyabr 2025-ci il tarixli məktubuna əsasən sənədlərin daxil olduğu müddətdən ekspertizanın keçirilməsi üçün təyin olunmuş gün ərzində tərəf İddiaçı uşaqla birlikdə şöbəyə gəlmiş, tərəf Cavabdeh şöbəyə gəlməmiş və bu səbəbdən ekspertizanın keçirilməsi mümkün olmamışdır.
İşin faktiki halları:
12. Bеləliklə məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə faktiki ailə qurmuş, cavabdehlə birgə yaşadıqları dövrdə 23 iyul 2018-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Cavabdeh 23 iyul 2018-ci ildə anadan olmuş X1 atası olması faktını qəbul edir, tərəflərin rəsmi nikahları olmadığı üçün atalıq müəyyən edilməmişdir. Hazırda iddiaçı uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddiaçı uşağın atası kimi Cavabdeh müəyyən edilməsini və uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 246 (iki yüz qırx altı) manat sabit pul məbləğində alimentin təyin edilməsini, o cümlədən əvvəlki dövr üçün alimentin 3 illik müddət həddində tutulmasını xahiş etmişdir.
Tətbiq edilən hüquq:
13. “Uşaq Hüquqları haqqında” Konvensiyasının: 3-cü maddəsin əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində keçirilən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
14. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun: 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 19-cu maddəsinə əsasən valideynlərin uşağın təbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
15. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 43-cü maddəsinə əsasən valideynlərin və uşaqların hüquq və vəzifələri qanunvericiliklə müəyyən olunmuş qaydada uşağın mənşəyinin təsdiq olunmasına əsaslanır. 45.1-ci maddəsinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 46.3-cü maddəsinə əsasən uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 100.3-cü maddəsinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər.
16. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə, həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
17. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 nömrəli Qərarı: 8.2-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. 8.12-ci bəndinə əsasən alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. Bu zaman Ailə Məcəlləsinin 100.3-cü maddəsində nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Çünki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmırdı.
18. "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli sərəncamı: 2025-ci il üçün minimum əmək haqqı 400 manat məbləğində müəyyən edilmişdir.
19. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli, 15 nömrəli Qərarı: 1.2.1. 8.4-cü bəndə əsasən aşağıdakı məzmunda 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilmişdir: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Məhkəmə baxışının hədləri:
20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.3-cü maddəsinə görə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
22. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
Məhkəmənin mövqeyi:
23. Məhkəmə iddiaçının və cavabdehin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir.
24. Göründüyü kimi, ailə qanunvericiliyinə əsasən uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideyinlərinin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda atalıq valideyinlərdən birinin ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur.
25. İş materiallarından görünür ki, cavabdeh uşağın atalığının müəyyən edilməsi üçün qeydiyyat orqanına gəlməmiş, buna görə də, iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən 23 iyul 2018-ci il tarixdə doğulmuş X1 atasının cavabdeh olması iddiaçının izahatı, cavabdehin etirafı, iddiaçı tərəfindən təqdim edilmiş sübütlar ilə öz təsdiqini tapmışdır.
26. Odur ki, yuxarıda göstərilənləri, habelə azyaşlı uşağın hüquqlarının müdafiəsinin zəruri olmasını nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı 23 iyul 2018-ci il tarixdə anadan olmuş Cavabdeh adlı uşağın atasının Cavabdeh olması müəyyən edilməlidir.
27. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin yuxarıda göstərilən müddəalarını, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun anoloji işlərlə bağlı Qərarları ilə formalaşdırdıqları hüquqi mövqelərini nəzərə alaraq qeyd edir ki, qanunvericilik alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər yüksək saxlanmasını əsas meyar kimi müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, onların və uşaqların mənafeyini, cavabdehin aliment verməsinə dair maddi imkanlarını, tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da, uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, mövcud iqtisadi vəziyyətdə infilyasiyanı, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da, nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur.
28. Məhkəmə hesab edir ki, qətnamə icra olunması üçün çıxarılır və qətnamə çıxarılarkən tərəflərin əsaslı mənafeləri nəzərə alınmalıdır. Lakin iddiaçı cavabdehin hər ay 246 manat məbləğində aliment ödəmək üçün maddi imkanının olması barədə heç bir sübut təqdim etməmişdir. Eyni zamanda “AZEMİS” elektron sistem məlumatlarında cavabdehin işləməsi barədə heç bir məlumat yoxdur. Belə olan halda cavabdeh tərəfindən hər ay 246 manat aliment ödənilməsi tamamilə absurddur. Bu səbəbdən məhkəmə yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində alimentin tutulmasını daha ədalətli hesab edir. İddia tələbi digər hissədə təmin olunmamalıdır.
29. Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən alimentin tutulma müddətinin əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi 09 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Belə ki, MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.12- bəndində göstərilir ki, alimentin tutulması tələbi atalığın müəyyən edilməsi haqqında tələblə birlikdə verildikdə atalığın müəyyən olunması tələbi təmin edilərsə, aliment atalığın müəyyən edilməsi tələbinə dair iddia ərizəsi ilə müraciət olunduğu vaxtdan tutulmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 09 iyul 2025-ci il tarixdə daxil olduğundan aliment də, həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
30. Məhkəmə iddia tələbinin əvvəlki dövr üçün 3 illik müddət həddində aliment tutulması hissəsinə münasibətdə qeyd edir ki, atalığın müəyyən edilməsi haqqında tələb təmin olunanadək cavabdeh qanunla müəyyən olunmuş qaydada uşağın atası sayılmadığından məhkəməyə müraciət olunandan əvvəlki dövr üçün aliment müəyyən edilə bilməz. Bu səbəbdən iddia həmin hissədə təmin edilə bilməz.
Məhkəmə xərcləri:
31. “Dövlət rüsumu haqqında” mAzərbaycan Respublikasının Qanununa əsasən nikahın pozulması ilə bağlı qiymətləndirilməyən iddia ərizələrinin verilməsinə görə ödənilməli olan dövlət rüsumunun məbləği 100 manat müəyyən edildiyindən və həmin məbləğ iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcindən artıq olduğundan, məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən iddiaçı 50 manat dövlət rüsumu ödəmişdir.
32. İlkin mediasiya sessiyasında cavabdeh iştirak etməmişdir və bunun səbəbinin üzrlü olması iş materiallarından görünmür. Bu halda iddiaçı tərəfindən ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin əvəzi və məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Mediasiya xidməti ilə bağlı iddiaçı tərəfindən ödənilmiş 10 (on) manat məbləğində pul məhkəmə xərci kimi qiymətləndirilməli və cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
Nəticə:
33. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 23 iyul 2018-ci il tarixdə Masallı şəhərində anadan olmuş X1 atası olması müəyyən edilməli, 09 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh 23 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulmalıdır. İddia tələbi digər hissədə təmin edilməməlidir. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir.
34. Yuxarıda qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 234, 235, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət etdi:
İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 iyul 2018-ci il tarixdə Masallı şəhərində anadan olmuş X1 atası olması müəyyən edilsin. Qətnamə qeyd edilən vətəndaşlıq vəziyyəti aktları qeydiyyatının aparılaraq doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. 09 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh 23 iyul 2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi digər hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Cavabdeh ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pul, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pul və 10 (on) manat məbləğində məhkəmə xərci tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Masallı Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet üzərindən) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədirlik edən: Elşən Hüseynov