Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2773/2024 24.09.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay Cavabdeh bir uşağa görə 235 manat, cəmi 470 manat alimentin, uşaqların 3 yaşına çatana kimi özünün saxlanılması üçün cavabdehdən hər ay 200 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuşlar, nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahlarından iki nəfər, xx.xx.2022-ci il təvəllüdlü X3, xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Sonradan cavabdeh onu arvadı kimi saymadığından və xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra uşaqlar onun himayəsində qalmışdır. O, tək başına iki nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdüb saxlamaqda çətinliklər çəkir. Bir nəfər 2024-cü il təvəllüdlü Rəşad adlı uşaq isə körpədir, heç 1 yaşı olmamışdır. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Cavabdeh mediasiya prosesinə gəlmədəyindən onunla aralarında olan mübahisəni həll etmək mümkün olmamış, ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iş üzrə Cavabdeh iki nəfər xx.xx.2022-ci il təvəllüdlü X3 və xx.xx.2024-cü il təvəllüdlü X4 adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat, iki uşağa görə cəmi 470 manat məbləğində alimentin, uşaqların 3 yaşınadək çatana kimi onun saxlanılması üçün 200 manat alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş olunur. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir, lakin ərizə ilə müraciət edərək işə onun iştirakı olmadan baxılaraq iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məlumat verməmişdir, lakin ərizə ilə müraciət edərək hər ay bir uşaq üçün 235 manat aliment ödəməyə maddi imkanının olmadığını, heç bir yerdə işləmədiyini, iddia tələbinin onu çətinliyə salacağını bildirmişdir. Bundan əlavə iddiaçının uşağın 3 yaşınadək saxlanılması üçün ondan tələb etdiyi hər ay 200 manat aliment pulu istəməsinin əsassız olduğunu, hər ay bir uşaq üçün 100 manat, cəmi 200 manat aliment ödəyə biləcəyini, iddinın qalan hissəsi ilə razı olmadığını bildirmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında arayışdan və doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında arayışdan və atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X5 və xx.xx.2024-cü il təvəllüdlü X2 atası Cavabdeh hesab edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı 60 manat mediasiya xərci ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin hal-hazırda ayrı yaşaması, onların yetkinlik yaşına çatmayan uşaqlarının anasının yanında qalması və onun saxlanılması üçün vəsait tələb olunduğu, uşağın mənafeləri, habelə cavabdehin rəsmi gəlirləri barədə məhkəməyə hər hansı sənədin təqdim olunmadığı nəzərə alınaraq cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, təhsili ilə bağlı xərcləri, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmalarını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmalarını, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxararkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını, ölkə üzrə uşaqlar üçün 2024-cü ildə yaşayış minimumunun hər ay 235 manat həddində müəyyən edilməsinin bu məbləğin Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini əsas tutub hesab edir ki, iddia qismən təmin edilməklə xx.xx.2022-ci il təvəllüdlü X1 və xx.xx.2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 12 avqust 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə dərhal icra edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə iddiaçının özü üçün cavabdehdən hər ay 200 manat pulun alınıb ona verilməsi barədə tələbinə münasibətdə bildirir ki, iddia bu hissədə də əsassızdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84-cü maddəsinə əsasən ər və arvad birbirinə maddi cəhətdən kömək etməlidirlər. Bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda aşağıdakılar buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdirlər: əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan ər və ya arvad; hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad;sağlamlıq imkanları məhdud ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad-uşaq 18 yaşına çatana qədər; 18 yaşından yuxarı İ dərəcə əlilliyi olan ümumi uşağa qulluq edən və ehtiyacı olan ər və ya arvad. Normanın məzmunundan görünür ki, maddi yardımın tələb olunması üçün digər tərəfin zəruri vəsaitə malik olması əsas şərt kimi qeyd olunmuşdur. Lakin iddiaçı cavabdehin maddi yardımın göstərilməsi üçün zəruri vəsaitə malik olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 12 avqust 2024-cü il tarixdən başlayaraq 07 avqust 2022-ci il təvəllüdlü X1 və 05 fevral 2024-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay bir uşaq üçün 150 manat, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Cavabdeh mediasiya xərci qismində ödənilmiş 60 manat pul İddiaçı, dövlət rüsumu kimi ödənilməli olan 56 manat pul isə tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-2773/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2773/2024
24.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver