Məhkəmə qərarları › İş №e-2(050)-2834/2024

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-2834/2024

15.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-2834/2024 15.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, uşaqları xx.xx.2010-ci il təvəllüdlü X6, xx.xx.2011-cü il təvəllüdlü X7 və xx.xx.2013-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə el adəti qaydasında ailə qurmuşlar, nikahlarını rəsmiləşdirmişlər. Lakin, sonradan xasiyyətləri düz gəlmədiyindən nikahları məhkəmə qaydasında pozulmuşdur. Birgə nikahlarından üç nəfər, xx.xx.2010-ci il təvəllüdlü X6, xx.xx.2011-cü il təvəllüdlü X7 və xx.xx.2013-ci il təvəllüdlü X4 adlı uşaqları olmuşdur. Sonradan xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra üç nəfər uşaqlar onun himayəsində qalmışdır. O, təkbaşına üç nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Cavabdehlə mediasiya prosesində aralarında olan mübahisəni həll etmək mümkün olmamış, ona arayış verilmişdir. Odur ki, iş üzrə Cavabdeh oğlundan üç nəfər uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat, üç uşağa görə cəmi 705 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçıya məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, lakin ərizə ilə müraciət edərək, iddianı müdafiə etdiyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə heç bir məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamələrdən görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X2, xx.xx.2011-cü il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır. Atalığın müəyyən edilməsi haqqında şəhadərtnamədən görünür ki, xx.xx.2010-ci il təvəllüdlü X2 atası Cavabdeh hesab edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X5 arasında olan nikah qeydi Masallı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Cavabdehin iş yerinin olub-olmaması ilə bağlı Elektron Məhkəmə Sistemi vasitəsi ilə axtarış aparılmış, cavabdehin rəsmi iş yerinin olmadığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmalarını, fiziki cəhətdən inkişaflarını, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşaqların cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, xx.xx.2010-ci il təvəllüdlü X2, xx.xx.2011-cü il təvəllüdlü X3 və xx.xx.2013-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay bir uşaq üçün 140 manat, cəmi 420 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçı aliment tələbi ilə bağlı məhkəməyə 05 iyul 2024-cü il tarixdə müraciət etmiş, həmin iddia ərizəsi üzrə iş baxılmamış saxlanılmış, daha sonra yenidən 16 avquat 2024-cü il tarixdə eyni tələblə məhkəmə müraciət etdiyindən alimentin tutulmasına iddiaçının ilk dəfə məhkəməyə müraciət etdiyi vaxtdan 05 iyul 2024-cü il il tarixdən başlanmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. 05 iyul 2024-cü il tarixdən başlayaraq xx.xx.2010-ci il təvəllüdlü X6, xx.xx.2011-cü il təvəllüdlü X7 və xx.xx.2013-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün Cavabdeh hər ay 140 manat olmaqla, cəmi 420 (dörd yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. İddia ərizəsinin verilməsi üçün ödənilməli olan 70.40 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Mediasiya xərci kimi ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar