Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3307/2024 31.10.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 12 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay bir uşağa görə 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinə görə ödənilmiş 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti qaydasında ailə qurmuşlar, nikahlarını xx.xx.2013-ci ildə rəsmiləşdirmişlər. Birgə nikahlarından iki nəfər, xx.xx.2012-ci il təvəllüdlü X4, xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqları olmuşdur. Sonradan cavabdeh onu arvadı kimi saymadığından və xasiyyətləri düz gəlmədiyindən ayrılmışlar. Cavabdehlə ayrıldıqdan sonra iki nəfər uşaqlar onun himayəsində qalmışdır. O, tək başına iki nəfər yetkinlik yaşına çatmayan uşaqları böyüdüb saxlamaqda çətinliklər çəkir. Uşaqların gündəlik tələbatını qarşılamağa kömək etmək ata kimi cavabdehin də borcudur. Cavabdeh əmək qabiliyyətli olmaqla aylıq yaxşı gəlir əldə edir. Birgə yaşadıqları müddətdə anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X4 adlı uşağın atalığı müəyyən edilmədiyindən ona qarşı aliment tələbi sonra irəli sürəcəkdir. Cavabdeh mediasiya prosesinə gəlmədəyindən onunla aralarında olan mübahisəni həll etmək mümkün olmamış, ona ilkin mediasiya sesiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. Odur ki, iş üzrə Cavabdeh bir nəfər xx.xx.2015-cü il təvəllüdlü X6 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanılmasından ötrü hər ay hər bir uşağa görə 235 manat məbləğində alimentin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş, lakin ərizə ilə müraciət edərək, himayəsində balaca uşaqları olduğundan məhkəmə baxışı iclasında iştirak edə bilməyəcəyini, iddianı müdafiə etdiyini, məhkəmə baxışı iclasının onun iştirakı olmadan keçirilməsini, iddiasının təmin olunması, cavabdehdən alimentin alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq, məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında 18 mart 2013-cü il tarixdə Masallı rayonu Təzə Alvadı kənd ərazi nümayəndəliyində bağlanmış nikah, 20 № ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə (arvada) Səlimov (a) soyadı verilmişdir. Doğum haqqında şəhadətnamələrdən görünür ki, 20 iyul 2012-ci il təvəllüdlü X2 və 12 fevral 2015-ci il təvəllüdlü X3 atası Cavabdeh, anası İddiaçıdır. Ödəniş qəbzindən görünür ki, İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 manat rüsum ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşaqlarını saxlamağa borcludur, cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, uşağın cavabdehlə yanaşı iddiaçıdan da maddi təminat almaq hüququnun olmasını, yaşayış minimumunun Azərbaycan Respublikasında bir uşağın saxlanması üçün zəruri olan minimal məbləği ehtiva etməklə, özü-özlüyündə aliment məbləğinin bu həddə müəyyən edilməsi anlamına gəlməməsini, məhkəmə qətnaməsinin icra olunması üçün çıxarılmasını, qətnamənin digər tərəfə sitəm verilməsi üçün deyil, ədalətli balansı bərpa etmək üçün olmasını, məhkəmə qətnaməsi çıxarılarkən tərəflərin əsaslı mənafelərinin nəzərə alınmalı olmasını əsas tutub hesab edir ki, 12 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşağa görə 235 manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 30 sentyabr 2024-cü il il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 30 sentyabr 2024-cü il tarixdən başlayaraq 12 fevral 2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 41.6 manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət gəlirlərinə alınsın. Mediasiya xərci kimi ödənilmiş 50 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3307/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3307/2024
31.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver