Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-3331/2024 21.11.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Səfərli İbrahim İqrar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Cavabdeh arasında 10 avqust 2017-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış, 376 saylı nikah akt qeydinin pozulması, uşaqları 21 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin həmçinin mediasiya təşkilatına ödənilmiş 60 manat və məhkəmə rüsumuna görə ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixdə ailə həyatı qurmuş, nikahlarını isə xx.xx.2017-ci il tarixdə 376 № ilə Masallı regional “ASAN xidmət” mərkəzində qeyd etdirmişlər. Birgə nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Cavabdehlə ilk əvvəllər mehriban olsalar da, sonradan məlum olmuşdur ki, Cavabdeh bir neçə dəfə məhkumluq həyatı yaşamış, ağır cinayətlər məhkəməsinin hökmü ilə həbs edilmiş, hazırda da, kafelərdə əyyaşlıq həyatı sürən bir şəxsdir. Onun bu həyatı onun müəllimlik nüfuzuna xələl gətirir. Bundan da əlavə, o, ailədə hegemonluq edir, onun ölümlə hədələyir, sonuncu xx.xx.2024-cü il tarixdə şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı onu döyərək, dərəcəsi təyin olunmayan xəsarət yetirmişdir. Beləliklə də, Masallı Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(050)-1792/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinərək, 30 (otuz) gün müddətə inzibati qaydada həbs edilməsi qərara alınmışdır. Göründüyü kimi cavabdehlə yaşamaq mümkün deyil. Odur ki, nikahın pozulması və aliment tələbi barədə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, əlavə olaraq bildirdi ki, nikahın pozulmasında fikri qətidir. Cavabdehlə barışması mümkün deyil. Cavabdeh Janna adlı bir qadınla yaşayır. Sonda İddiaçı iddianın təmin edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəməyə gəlməmiş, lakin ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 21 dekabr 2017-ci il təvəllüdlü X2 övladlığından imtina edir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini, iddianın nikahın pozulması hissəsində təmin edilməsini, qalan hissədə rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki prosessual qanunvericiliyə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verməklə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: Nikah haqqında arayışdan görünür ki, Cavabdeh ilə X1 arasında 10 avqust 2017-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində 376 № ilə qeyd edilmiş nikah bağlanmış, nikah bağlandıqdan sonra ərə (arvada) Məmmədov (a) soyadı verilmişdir. Doğum haqqında arayışdan görünür ki, 21 dekabr 2017-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya sistemindən çıxarışdan görünür ki, İddiaçı müəllim işləyir və əmək haqqısı 1086.67 manatdır. Ödəniş qəbzlərindən görünür ki, İddiaçı məhkəmədə iddia qaldırmaq üçün 50 manat, mediasiya prosesinin keçirilməsi üçün 60 manat pul ödəmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə müvafiq olaraq bu Məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, ər-arvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur. Tərəflərdən birinin nikahın pozulması haqqında razılığı olmadıqda, məhkəmə ər-arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər. Barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur (maddə 19.1, 20.2). Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldığını, uşaqların və ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin saxlanması üçün vəsaitin ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Qanunvericiliyin göstərilən müddəalarını rəhbər tutmaqla məhkəmə hesab edir ki, tərəflərin birgə yaşaması, ailənin saxlanması qeyri-mümkün olduğundan, iddiaçı nikahın pozulmasında israrlı olduğundan, cavabdeh də buna razı olduğundan, cavabdeh eyni zamanda uşaqdan imtina etdiyini bildirdiyindən İddiaçı ilə Cavabdeh arasında Masallı regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış, 376 saylı saylı nikah pozulmalı, yetkinlik yaşına çatmayan uşağın mənafeyi nəzərə alınmaqla 21 dekabr 2017ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2-ci maddəsinə əsasən ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, eləcə də uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: - 75.1-ci maddəsinə əsasən valideynlər övladlarını saxlamağa borcludurlar. - 78.1-ci maddəsinə əsasən aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu hallarda, habelə uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq, qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. - 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh valideyn kimi uşağını saxlamağa borcludur, cavabdeh məhkəməyə ünvanladığı ərizəsində uşaqdan imtina etdiyini bildirməsinə baxmayaraq, o, valideynlik hüququndan məhrum edilməmiş, uşağın onun olmamasını mübahisələndirməmişdir. Cavabdeh hazırda uşağın atası olduğundan valideyn kimi uşağın saxlanması üçün məsuliyyət daşıyır. Cavabdehin aylıq qazancının müntəzəm, dəyişməyən olması müəyyən edilməmişdir, buna görə də cavabdehdən iddiaçının xeyrinə aliment sabit pul məbləğində tutulmalıdır. Məhkəmə yetkinlik yaşına çatmayan uşağın mənafeyini, onun normal, yəni, qida rassionlarına uyğun şəkildə qidalanmasını, fiziki cəhətdən inkişafını, təhsili ilə bağlı xərcləri, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını və digər hallarını əsas tutub hesab edir ki, 21 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. Məhkəmə araşdırması zamanı cavabdehin həmin məbləğdə aliment ödənilməsini istisna edən hər hansı bir hal (işləməsinə maneə olacaq xəstəliyi, yaşının kifayət qədər çox olması və sair hallar) müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı yetkinlik yaşına çatmayan uşağının saxlanılması üçün hər ay sabit pul məbləği ilə bir uşaq üçün 235 manat aliment tutulub ona verilməsini xahiş etsə də, cavabdehin tələb edilən məbləğə mütənasib qazanc əldə etməsini təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. MPM-in 234.2 və 234.2.1-ci maddələrinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunmalıdır. İddiaçının aliment ödənilməsi barədə ərizəsi məhkəməyə 01 oktyabr 2024-cü il tarixdə daxil olduğundan aliment də həmin vaxtdan tutulmalı və qətnamə alimentin tutulması hissəsində dərhal icra edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın qismən təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş 25 manat dövlət rüsumu və mediasiya xərci kimi ödənilmiş 60 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233,234 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında 10 avqust 2017-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsində bağlanmış 376 saylı nikah pozulsun. 21 dekabr 2017-ci il təvəllüdlü X3 anası İddiaçı yanında saxlanılsın. 01 oktyabr 2024-cü il tarixdən başlayaraq 21 dekabr 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qətnamə alimentin tutulması hissədə dərhal icra edilsin. İddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq 25 manat dövlət rüsumu və 60 manat mediasiya xərci Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-3331/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-3331/2024
21.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver