Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-35/2025 21.01.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Coşqun Şamil oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Səfərli İbrahim İqrar oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair mülki işə, Masallı rayon məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə İddiaçı MMC Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 2709.33 manat və mediasiya xərci üçün ödənilmiş 50 manat pulun cavabdehdən tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxaılmasını xahiş etmişdir. İddiaçının dəlilləri İddia ərizəsi üzrə tələb onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən Cavabdeh 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və X1 haqqında müqavilə bağlanmışdır. xx.xx.2020-ci il tarixli 248 saylı əmrlə administrator vəzifəsinə keçirilmiş və X1 haqqında müqavilə bağlanmışdır. xx.xx.2022-ci il tarixli 511 saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində Oba – Keşlə 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində aparılmış “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği cəmi 3500.06 manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə dövriyyəsinə uyğun olaraq müvafiq dövriyyə güzəşti edilmişdir. Ümumi kənarlaşma məbləğindən bir hissəsi şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Beləliklə, Cavabdeh yekun olaraq qalıq borcu 2709.33 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Odur ki, ziyanın ödənilməsi barədə məhkəməyə müraciət edilmişdir. İddiaçı MMC-nə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Etirazın dəlilləri Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Lakin, məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ilə müraciət edərək, ərizəsində göstərmişdir ki, sözügedən mağazada 2 işçi ilə işləmişdir. Mağazada kassaya nəzarət etmək qeyri- mümkün olmuşdur. Dəfələrlə müştərilər tərəfindən oğurluq halları aşkarlanmış, bu barədə kamera görüntüləri olmuş və bölgə müdirinə məlumat vermişdir. Həmçinin işçilərdən birinin kassadan pul götürməsi, digər işçinin də kameranı söndürməsi kameralara düşmüşdür. Yəni, ziyanın hansı işçi tərəfindən vurulması müəyyən deyildir. Əsassız olaraq ondan ziyan tələb olunur. Həmçinin iddiaçı ona qarşı iddia etdiyi ziyanı vurmasını xx.xx.2022-ci il tarixdə müəyyən etdiyindən ona qarşı bir il ərzində, yəni xx.xx.2023-cü il tarixədək iddia qaldırmalı idi. Lakin, həmin müddət ərzində məhkəməyə müraciət edilmşəmiş, iddia müddəti ötürülmüşdür. Odur ki, bir illik iddia müddətinin ötürülməsinə görə iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə iş materiallarında olan və tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar aşağıdakı sübutları tədqiq etmişdir: İş materiallarına əlavə olunmuş əmək müqaviləsindən və X1 haqqında müqavilənin surətindən görünür ki, İddiaçı MMC ilə Heydərova (Musazadə) Aytac Mail qızı arasında xx.xx.2019-cu ildə əmək müqaviləsi bağlanmış və o, satıcı kassir vəzifəsinə işə qəbul olunmuş, həmin tarixdə onunla “X1” haqqında müqavilə bağlanmışdır. xx.xx.2020-ci tarixli 248 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh administrator vəzifəsinə keçirilmişdir. xx.xx.2022-ci il tarixli 511 saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh işdən azad edilmişdir. xx.xx.2021-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Keşlə 4” mağazada 914.57 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Keşlə 4” mağazada 161.93 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixdə tərtib olunmuş İnvertarizasiya aktına əsasən yoxlama zamanı Cavabdeh işlədiyi “Keşlə 4” mağazada 2423.56 manat dəyərində mal əskikliyinin olması qeyd olunmuşdur. xx.xx.2022-ci il tarixli imtina aktına əsasən Cavabdeh, xx.xx.2022-ci il tarixli İnvertarizasiya aktını imza etməkdən imtina etmişdir. Maliyyə arayışından məlum olur ki, Cavabdeh adına 2709.33 manat ziyan hesablanmışdır. Borcun ödənilməsi barədə xəbərdarlıq məktubundan görünür ki, borcun ödənilməsi barədə Cavabdeh xəbərdarlıq edilmişdir. Kommersiya qurumunun Dövlət Resyestr çıxarışından məlum olur ki, «Oba Market” MMC 17 iyun 2016-cı il tarixdə qeydiyyata alınmışdır. Əsaslandırma hissəsi İşin faktiki halları müəyyən olunur ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən cavabdeh satıcı-kassir vəzifəsinə işə qəbul olunmuşdur. xx.xx.2020-ci il tarixində “Administrator” vəzifəsinə keçirilmiş və “X1” haqqında müqavilə imzalanmışdır. xx.xx.2022-ci il tarixli 511 saylı əmrlə işdən azad edilmişdir. xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində İddiaçı MMC-nin – OBA Keşlə 4 mağazasında çalışdığı zaman aparılmış inventarizasiyalar nəticəsində Cavabdehnun Cəmiyyətə zərər vurması müəyyən edilmiş, xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixli “İnventarizasiya Nəticələrinə” dair aktlara əsasən yekun ziyan məbləği 2709.33 manat məbləğində müəyyən edilmişdir. Maliyyə arayışından da məlum olur ki, Cavabdehnun hal-hazırda İddiaçı MMC-yə ümumilikdə 2709.33 manat borcu qalmaqdadır. Cavabdeh iddia müddətinin tətbiqi ilə bağlı ərizəsində göstərmişdir ki, onun tərəfindən xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə onun marketə ziyan vurması aşkar edilmiş, xx.xx.2022-ci il tarixdə işdən azad olunmasına baxmayaraq ona qarşı bir il üç aydan sonra ziyan tələbi barədə iddia qaldırılmışdır. Əmək məcəlləsinə əsasən əmək münasibətləri prosessində əmək müqaviləsi üzrə işəgötürən və öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə qarşılıqlı maddi məsuliyyəti ziyanın vurulduğu aşkar edildiyi andan başlayır. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar ziyanın vurulması aşkar edildiyi gündən 1 (bir) il müddətinə müraciət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı sonuncu dəfə ziyan vurulma faktını xx.xx.2022-ci il tarixdə aşkar etmiş, 1 (bir) ildən artıq müddət keçdikdən sonra, yəni 16 yanvar 2024-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə cavabdehin etirazlarını və iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə hüquqi qiymət verməklə, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Əmək məcəlləsinin 296-cı maddəsinə əsasən işəgötürən bu məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin. 294 və 296-cı maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2021-ci il tarixli qərarıda qeyd etmişdir ki, fərdi əmək mübahsiələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən Mülki məcəlləni 375-ci maddəsinə əsasən, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materialarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil-təslim işlərinin nəticəsi olaraq xx.xx.2021-ci il, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə hesabında 2709.33 manat çatışmazlıq müəyyən edilmişdir. Lakin, iddiaçı işəgötürənə vurulmuş ziyanın ödənilməsinin tələb edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bir illik iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Məhkəmə hesab edir ki, iddia müddətinin tətbiqi ilə bağlı cavabdehin etirazı və iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərclərin ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə qətnaməni çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla əsaslandıraraq belə hüquqi nəticəyə gəlir ki, iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə əsasən iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddiaçı MMC-nin Cavabdeh qarşı 2709.33 (iki min yeddi yüz doqquz manat, otuz üç qəpik) manat maddi ziyan və mediasiya xərci üçün ödənilmiş 50 manat pul tələbinə dair iddiası təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Masallı Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Coşqun Abdullayev
Məhkəmə qərarları › İş №e-2(050)-35/2025
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-35/2025
21.01.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver