Məhkəmə qərarları › İş №e-2(050)-593/2025

Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-593/2025

13.02.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-593/2025 13.02.2025 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi Abbasova Ellara Həsən qızı, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə müəyyən etdi: İddia ərizəsində qeyd edilən işin halları: “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa (forma 4) əsasən xx.xx.2024cü il tarixdə Cavabdeh tərəfindən idarə olunan “Hyundai Elantra” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi “VAZ 21065” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmiş, nəticədə X4 az ağır dərəcəli bədən xəsarəti almışdır. 129681, 129682 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışa əsasən hadisə zamanı “Hyundai Elantra” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. Daha sonra İXP seriyalı ******* nömrəli protokola, xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” Qərara, Masallı rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli Qərarına əsasən Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış nəqliyyat vasitəsini etibarnamə ilə, ancaq sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyinə görə İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. Həmçinin tərəflərin polis orqanlarına verdikləri izahatlardan, cavabdehin məhkəməyə verdiyi izahatlardan nəqliyyat vasitəsinin sürücülük vəsiqəsi olmadan idarə edilməsi faktı təsdiq olunur. Həmçinin hadisə nəticəsində zərərçəkən X1 az ağır zərərvurmaya aid edilən bədən xəsarətləri də yetirmişdir. Məhkəmənin qərarı ilə Cavabdeh 500 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı SŞ dəymiş zərərlə bağlı zərərçəkən X3 İcbari Sığortalar haqqında qanunun 14.2-ci maddəsinə uyğun olaraq 1500 (bir min beş yüz) manat sığorta ödənişi həyata keçirmişdir. Sığorta hadisəsi nəticəsində “VAZ 21065” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2024-cü il tarixli hesabata əsasən, 2645 manat zərər dəymişdir. Lakin yol-nəqliyyat hadisəsi hər iki sürücünün təqsirli hərəkətləri nəticəsində baş verdiyindən əmlaka dəyən zərər mütənasib olaraq ödənilmiş, zərərçəkənə 1322.50 manat sığorta ödənişi edilmişdir. Nəticədə cavabdeh icbari qaydada sığortalamış nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Cavabdeh həm pretenziya qaydasında, həm də şifahi müraciət olunsa da, o borcu ödəməkdən imtina etmişdir. İddiaçının tələbi: Cavabdeh X2 az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat və “VAZ 21065” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1322.50 manat sığorta ödənişinin, ümumilikdə 2822.50 manat (iki min səkkiz yüz iyirmi iki manat əlli qəpik) pulun və bu iddianın verilməsi üçün ödənilmiş 48.23 manat (qırx səkkiz manat iyirmi üç qəpik) dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti Sığorta Şirkəti ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən İddiaçı Sığorta Şirkəti ASC-nin iddiasına qarşı əsaslandırılmış yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İş materiallarına əlavə edilmiş sənədlər: 129681, 129682 nömrəli sığorta aktlarından və icbari sığorta bürosundan (İSB) çıxarışdan görünür ki, hadisə zamanı “Hyundai Elantra” markalı, ** MZ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi İddiaçı Sığorta Şirkəti Sığorta Şirkətində xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər müddətdə mülki məsuliyyətin icbari sığortası növü üzrə sığortalı olmuşdur. İXP seriyalı ******* nömrəli protokol, xx.xx.2024-cü il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi haqqında” Qərar, Masallı rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli Qərarından görünür ki, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı sığortalanmış nəqliyyat vasitəsini etibarnamə ilə, ancaq sürücülük hüququ (sürücülük vəsiqəsi) olmadan idarə etdiyinə görə İXM-nin 332.4-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilmişdir. xx.xx.2024-cü il tarixli hesabatdan görünür ki, Sığorta hadisəsi nəticəsində “VAZ 21065” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə, 2645 AZN zərər dəymişdir. 14 aprel 2024-cü il tarixli pretenziyanın surətindən görünür ki, İddiaçı Sığorta Şirkəti Sığorta Şirkəti ASC Cavabdeh sığorta məbləğinin ödənilməsi ilə bağlı xəbərdarlıq etmişdir. xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, "xxxx" Sığorta Şirkəti ASC tərəfindən X3 1500 manat və 1322.5 manat sığorta ödənişi ödənilmişdir. Ödəniş qəbzindən görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 48.23 manat dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Həmin qanunun 14.2, 142.4-cü bəndlərinə əsasən sığorta hadisəsi nəticəsində sığorta olunanın və ya üçüncü şəxsin sağlamlığına vurulan zərərin əvəzi sığorta məbləği əlillik müəyyən olunmadan az ağır və ya ağır xəsarət almasına – 30 faiz ödənilir. Həmin qanunun 58.3–2-ci bəndinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına zərər vurulduğu hallar istisna olmaqla, sığorta hadisəsinin baş verməsində sığorta olunanla yanaşı, üçüncü şəxsin də təqsiri müəyyənləşdirilərsə, vurulmuş zərərə görə sığorta ödənişi üçüncü şəxsin təqsirinin dərəcəsinə mütənasib məbləğdə azalır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşə baxan məhkəmənin mövqeyi: Göstərilən maddi hüquq normalarına əsasən məhkəmə qeyd edir ki, baş vermiş sığorta hadisəsi ilə Cavabdeh təqsirli hərəkətləri arasında səbəbli əlaqə vardır. Odur ki, ödənilmiş sığorta məbləği subroqasiya qaydasında ondan tutulmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 48,23 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıdakılara əsasən və MPM-in 216-220, 227, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin iddiası təmin edilsin. Cavabdeh X2 az ağır dərəcəli bədən xəsarətinə görə ödənilmiş 1500 manat və “VAZ 21065” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə ödənilmiş 1322.50 manat sığorta ödənişi, ümumilikdə 2822.50 manat (iki min səkkiz yüz iyirmi iki manat 50 qəpik) pul və 48.23 (qırx səkkiz manat, 23 qəpik) manat dövlət rüsumu tutularaq, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamə təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində, ondan Masallı Rayon Məhkəməsi vasitəsilə və “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetində yerləşdirməklə, Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Ellara Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar