Azərbaycan Respublikası adından QƏTNAMƏ Masallı rayonu İş № e-2(050)-839/2024 04.03.2024 MASALLI RAYON MƏHKƏMƏSİ Masallı Rayon Məhkəməsinin hakimi X1, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı «əsassız varlanma» tələbinə dair iddia ərizəsi üzrə mülki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Sığorta Şirkəti ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ““BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 2350.80 manat pulun və ödənilmiş 43.52 manat dövlət rüsumunun İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışa əsasən, xx.xx.2023-cü il tarixdə Ağayev Fərrux Faiq oğlu tərəfindən idarə olunan “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yolnəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol-nəqliyyat hadisəsində iş materiallarına da əlavə edilmiş İXP seriyalı ******* nömrəli protokola və TP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən, “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X2 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinmişdir. Nəqliyyat hadisəsi zamanı zərərçəkən “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi **********0 nömrəli sığorta müqaviləsi əsasında xx.xx.2023-cü ildən xx.xx.2024-cü ilə qədər İddiaçı Sığorta Şirkəti ASC-də nəqliyyat vasitələrinin könüllü sığortası üzrə sığortalı olmuşdur. Nəqliyyat vasitəsinin mülkiyyətçisi Ağayev Fərrux Faiq oğlu olsa da, nəqliyyat vasitəsi “Nas Project BOKT”-un girovluğunda olmuş, sığorta müqaviləsi məhz sonuncu ilə bağlanmışdır. Zərərvuran “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi icbari sığorta bürosundan çıxarışdan göründüyü kimi hadisə zamanı “Meqa” SŞ-da icbari qaydada sığortalı olmuşdur. xx.xx.2023-cü il tarixli dəymiş zərərin qiymətləndirilməsi aktına və 124878 nömrəli sığorta aktına uyğun olaraq “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə 4000 manat ziyan dəymişdir. İddiaçı Sığorta Şirkəti baş vermiş yol-nəqliyyat hadisəsini sığorta hadisəsi kimi tanımış və könüllü sığortalı “X6 Olmayan Kredit Təşkilatına” 8431 nömrəli ödəniş tapşırığına əsasən, 2350.80 manat pul ödəmişdir. “Nas Project BOKT” da öz növbəsində həmin məbləği maşının mülkiyyətçisi Ağayev Fərrux Faiq oğlunun hesabına köçürmüşdür. xx.xx.2023-cü il tarixli BD1 nömrəli ödəniş tapşırığı bunu təsdiq edir. Sonradan məlum olmuşdur ki, zərərçəkən “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi Ağayev Fərrux Faiq oğluna həmçinin zərərvuran nəqliyyat vasitəsinin icbari sığorta şirkəti olan "xxxx" ASC tərəfindən də ayrıca 3200 manat sığorta ödənişi ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli İB********** 000097 230726 nömrəli ödəniş tapşırığı bunu təsdiq edir. Göründüyü kimi, Ağayev Fərrux Faiq oğlu həm zərərvuranın icbari sığortasından, həm də öz könüllü (kasko) sığortasından ödəniş almışdır. Halbuki, Mülki Məcəllənin 931-ci maddəsinə əsasən, bir sığorta hadisəsi üzrə dəyən zərərin və (və ya) yaranan itkilərin əvəzinin ödənilməsi üçün iki və ya daha çox sığorta müqaviləsi ilə bir və ya bir neçə sığortaçının öhdəlikləri yarandıqda əvvəlcə icbari sığorta müqavilələri üzrə sığorta ödənişləri verilməlidir. Bu zaman könüllü sığorta müqaviləsi bağlamış sığortaçı sığortalı (sığorta olunan və ya faydalanan şəxs) qarşısındakı öhdəliklərini öz istəyi ilə icbari sığorta müqaviləsi bağlamış sığortaçıdan əvvəl yerinə yetirə bilər. İcbari qaydada "xxxx" ASC tərəfindən zərərin əvəzi tam şəkildə ödənildiyindən könüllü sığorta müqaviləsi bağlamış sığortaçının öhdəliyi qalmır və ikinci dəfə Cavabdeh ödənilmiş 2350.80 manat pul ödənişi öhdəlikdən kənar ödənmişdir və əsassızdır. Təşkilat tərəfindən cavabdeh Ağayev Fərrux Faiq oğluna həm şifahi, həm də yazılı qaydada müraciət olunmasına baxmayaraq tələb olunan məbləğin geri qaytarılması ilə bağlı heç bir tədbir görülməmişdir. Hazırda 2350.80 manat pul Cavabdeh İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 23-1-ci fəslində təsbit edilmiş müddəaları rəhbər tutaraq, iddianın qiymətini nəzərə alıb, ərizəyə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxmışdır. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5ci maddəsinin tələblərinə uyğun olaraq iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədlərin təqdim olunması barədə bildiriş cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə göndərilmiş, lakin cavabdeh tərəfindən iddiaçının tələbinə dair hər hansı münasibət bildirilməmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 26 yanvar 2024-cü il tarixli 124878 saylı Sığorta aktından görünür ki, “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi sığortalamışdır. xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Şəhidlər Xiyabanı ərazisində sığorta hadisəsi baş vermişdir. Bu zaman “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Nəticədə “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 2350.80 manatdır. “Nas Project" Bank Olmayan Kredit Təşkilatına ASC-yə sığorta üzrə 2350.80 manat sığorta ödənişi verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, 8431 nömrəli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASC tərəfindən “Nas Project" Bank Olmayan Kredit Təşkilatına ASC-nin hesabına 2350.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, BD1 nömrəli ödəniş tapşırığından görünür ki, “Nas Project" Bank Olmayan Kredit Təşkilatına ASC tərəfindən Cavabdeh kart hesabına 2350.80 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, İB********** 000097 230726 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh hesabına 3200 manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. İş materiallarında olan Bakı şəhər DYPİ tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarxili, 184956 Kasko nömrəli cədvəldən görünür ki, “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinə dəymiş zərərin ümumi məbləği 4000 (dörd min) manat müəyyən edilmişdir. İş materiallarında olan İddiaçı Sığorta Şirkəti ASC-nin 07 fevral 2023-cü il tarixli **********0 saylı Sığorta şəhadətnaməsindən görünür ki, “Nas Project" Bank Olmayan Kredit Təşkilatı ASC xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixə kimi sığortalamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 1091-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.2-ci maddəsinə əsasən əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. 1093.1-ci maddəsinə əsasən öhdəliyin icrası üçün deyil, varlanmış şəxsin hər hansı hərəkəti yerinə yetirməsi və ya yerinə yetirməməsi üçün varlanmış şəxsə nə isə verən məhrum olan, varlanmış şəxsin əməli gözlənilən məqsədə uyğun olmadıqda verdiyini geri tələb edə bilər. Göründüyü kimi, Cavabdeh xx.xx.2023-cü il tarixdə idarə etdiyi “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Şəhidlər Xiyabanı ərazisində “X5” markalı, ** GT *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yolnəqliyyat hadisəsi olmuşdur və nəticədə avtomaşına ziyan dəymişdir. İddiaçı sığorta müqaviləsinə uyğun olaraq zərərçəkmişə dəymiş maddi ziyana görə sığorta məbləği həddində 2350.380 manat sığorta ödənişi etmiş və hal hazırda həmin pulu subroqasiya qaydasında cavabdehdən tələb edir. İddia tələbi tam əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 284-5.4-cü maddəsi ilə nəzərdə tutulmuş işə iddia icraatı qaydasında baxılması əsasları aşkar olunmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir; 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər; 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verərək, təqdim edilmiş sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etdiyindən, habelə iddiaçının tələbi aşkar və əsaslandırılmış olduğundan hesab edir ki, iddia təmin edilməli, Cavabdeh ““BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 2350.80 manat pul və ödənilmiş 43.52 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulmalıdır. Qeyd olanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 119, 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh “BMW 530L” minik markalı, ** HT *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə görə əsassız olaraq ödənilmiş 2350.80 manat pul və ödənilmiş 43.52 manat dövlət rüsumu alınaraq İddiaçı Sığorta Şirkəti ASC-nin xeyrinə tutulsun. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Masallı Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zeynal Zeynalov
Məhkəmə qərarları › İş №e-2(050)-839/2024
Masallı Rayon Məhkəməsi Qətnamə — İş №e-2(050)-839/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver