Məhkəmə qərarları › İş №e-2(051)-1208/2025

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1208/2025

22.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1208/2025 22.07.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi və vəkili Vəkil1 Cavabdeh: Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi və aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları

1. İddiaçı Cavabdeh qarşı barışıq sazişinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi və aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehlə aralarında xx.xx.2025-ci il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında bağlanmış barışıq sazişinin 3-cü və 6-cı bəndlərinin etibarsız hesab edilməsi və xx.xx.2021-ci il tarixdə birgə nikahdan doğulmuş Ediz adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 250 manat sabit pul məbləğində alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2021-ci il tarixdə rəsmi nikah qeyd etdirməklə evlənmişdir. xx.xx.2021-ci il tarixdə Ediz adlı uşaqları doğulmuşdur. Nikahlarının ilk və sonrakı zamanlarında cavabdehlə münasibətlər normal olsa da, son dönəmlərdə ailə münasibətləri tamamilə pozulmuş və iddiaçı nikahın pozulması üçün müvafiq addımlar atmaq məcburiyyətində qalmışdır. İddiaçının bildirdiyinə görə tərəflər ilkin olaraq məsələnin mediasiya sessiyasında həll olunması üçün razılaşmış və bununla bağlı barışıq sazişi imzalanmışdır. Belə ki, 06 yanvar 2025-ci il tarixdə Mingəçevir 1 saylı Mediasiya Təşkilatında imzalanmış barışıq sazişinə əsasən tərəflərin AZ-İİ № 430050, xx.xx.2021-ci ildə bağlanmış nikahın pozulmasına razı olmaları, birinci tərəfin (İddiaçı) xx.xx.2021-ci ildə doğulan övladının (X4) öz himayəsində qalmasına razı olması, birinci tərəfin (İddiaçı) ikinci tərəfin (Cavabdeh) aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) xx.xx.2021-ci il tarixdə doğulan övladı X2 birinci tərəfin (İddiaçı) himayəsində qalmasına etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyi ilə bağlı tərəflər razılığa gəlmişlər. Eyni zamanda tərəflər arasında bağlanmış barışıq sazişi İddiaçı aldadılması ilə bağlanmışdır. Belə ki, İddiaçı bildirdiyinə görə o, mediasiya sessiyasında sadəcə nikahın pozulmasına dair razılığını bildirmişdir. Alimentdən imtina ilə bağlı o konkret olaraq fikir bildirməmiş və onu yanıltmaqla qeyd olunan sənədin imzalanmasına nail olunmuşdur. Tərəflər nikahın pozulması ilə bağlı Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmiş və həmin məhkəmənin 06 mart 2025-ci il tarixli, 2(051)-459/2025 saylı qətnaməsinə əsasən tərəflər arasında nikah pozulmuşdur. Tərəflər arasında ailə münasibətləri pozulduqdan sonra cavabdeh bu günə qədər uşağın saxlanması üçün hər hansı maddi dəstək olmamışdır. İddiaçı hal-hazırda uşağa baxmaqda çətinlik çəkir. Belə olan halda isə uşağın ehtiyacları qarşılanmamaqla dolayısı ilə uşağın hüquqları pozulur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

İddiaçı nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclası zamanı iddianıqəbul etmədi və göstərdi ki, 06 yanvar 2025-ci il tarixdə bağlanmış barışıq sazişinə əsasən tərəflərin AZ-İİ № 430050, xx.xx.2021-ci ildə bağlanmış nikahın pozulmasına razı olmaları, birinci tərəfin (İddiaçı) xx.xx.2021-ci ildə doğulan övladının (X4) öz himayəsində qalmasına razı olması, birinci tərəfin (İddiaçı) ikinci tərəfin (Cavabdeh) aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) xx.xx.2021-ci ildə doğulan övladı X2 birinci tərəfin (İddiaçı) himayəsində qalmasına etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyi ilə bağlı tərəflər razılığa gəlmişlər. Tərəflər arasında bağlanmış barışıq sazişi İddiaçı aldadılması ilə bağlanmamış, heç bir yanılmadan söhbət gedə bilməz. Odur ki, məhkəmədən izahatında göstərilən halların nəzərə alınmasını və iddianın rədd edilməsini xahiş edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin müvafiq bəndlərinin etibarsız hesab edilməsi və aliment tələbinə dair mülki iş üzrə Mingəçevir 1 saylı Mediasiya Təşkilatının mediatoru X1 üçüncü şəxs qismində işə cəlb edilmişdir. Üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Ali Məhkəməsinin “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 01/2024 nömrəli 23 fevral 2024-cü il tarixli qərardadından görünür ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 324.1–ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 339.6–cı maddəsinə əsasən bu Məcəllənin 339.1–339.4–cü maddələrində göstərilən əsaslar üzrə əqd zərərçəkənin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Həmin Məcəllənin 339.2–ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Həmin Məcəllənin 339.3–cü maddəsinə əsasən aldatma yolu ilə bağlanmış əqdin mübahisələndirilməsi üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər bu əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqd mübahisələndirilə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdi mübahisələndirsin və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Həmin Məcəllənin 337.2–ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Həmin Məcəllənin 337.4–cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu N.Əsədovanın şikayəti üzrə xx.xx.2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, yalnız etibarlı əqd tərəflərin arzu etdikləri hüquqi nəticələri yarada bilər. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında, əqdin subyekt tərkibinə dair şərtlər, əqdin məzmununa dair şərtlər, əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər və əqdin formasına dair şərtlər dörd kateqoriyada qruplaşdırılmışdır. Konstitusiya Məhkəməsinin Plenumu həmin qərarında qeyd edir ki, hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu

Həmin Qanunun 33.3-cü maddəsinə əsasən Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.1-ci maddəsinə əsasən 18 yaşına (yetkinlik yaşına) çatmayan və tam fəaliyyət qabiliyyəti əldə etməyən şəxslər uşaq hesab olunurlar. 49.2. Hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və onların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd olan hallar istisna olmaqla, onlarla birgə yaşamaq hüququna malikdir. 49.3. Uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. 50.2. Valideynlərinin nikahının pozulması və ya etibarsız sayılması, valideynlərinin ayrı yaşaması uşağın hüquqlarına təsir etmir. 50.3. Valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. 50.4. Valideynlər müxtəlif dövlətlərdə yaşadıqda da uşaq öz valideynləri ilə ünsiyyətdə olmaq hüququna malikdir. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir. 55.2. Aliment, pensiyalar, müavinətlər şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olur, onlar tərəfindən uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənir. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.3. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Həmin Məcəllənin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

«Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu

“Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

«Uşaq hüquqları haqqında» Konvensiya 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” 20 dekabr 2024-cü il tarixli 15 nömrəli Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 1.2.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında 8.4-cü bəndə 8.4-1, 8.4-2 və 8.4-3-cü yarımbəndlər əlavə edilərək göstərilmişdir ki, 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.

Məhkəmənin mövqeyi

Məhkəmə tərəflərin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə doğulmuş Ediz adlı uşağın anası İddiaçı, atası Cavabdehdur. İş materiallarına əlavə edilmiş, Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli barışıq sazişindən görünür ki, tərəflərin AZ-İİ № 430050, xx.xx.2021-ci ildə bağlanmış nikahın pozulmasına razı olmaları, birinci tərəfin (İddiaçı) xx.xx.2021-ci ildə doğulan övladının (X4) öz himayəsində qalmasına razı olması, birinci tərəfin (İddiaçı) ikinci tərəfin (Cavabdeh) aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) xx.xx.2021-ci il tarixdə doğulan övladı X2 birinci tərəfin (İddiaçı) himayəsində qalmasına etiraz etməməsi, ikinci tərəfin (Cavabdeh) övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyi ilə bağlı iddiaçı ilə cavabdeh arasında saziş bağlanmışdir. Mingəçevir Şəhər Məhkəməsinin 06 mart 2025–ci il tarixli 2(051)–459/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixdə Mingəçevir regional “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsində bağlanmış və 232 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydinin pozulması qət edilmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində Mediasiya Şurasının xx.xx.2025-ci il tarixli barışıq sazişinə əsasən xx.xx.2021-ci il tarixdə doğulmuş Ediz adlı uşağın saxlanması üçün cavabdehin aliment ödəməməsi ilə bağlı tərəflər arasında saziş olduğuna görə məhkəmə uşağın saxlanması üçün cavabdehdən aliment tutulması məsələsini müəyyən etməmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmişlər. xx.xx.2021-ci il tarixdə Ediz adlı uşaqları doğulmuşdur. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-459/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən aralarındakı nikah pozulmuşdur. Ediz adlı uşağın ananın yanında qalması, Cavabdeh aliment ödəməməsi və Cavabdeh uşaqla görüşdən imtina etməsi ilə bağlı iddiaçı ilə cavabdeh arasında xx.xx.2025-ci il tarixdə “barışıq sazişi” bağlanmışdır. Hazırda iddiaçı barışıq sazişinin 3-cü və 6-cı bəndlərinin etibarsız hesab olunmasını və uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. İşin müəyyən olunmuş hallarından görünür ki, tərəflər arasında barışıq sazişi bağlandıqda formal tələblərə əməl olunsa da, iddiaçının alimentdən imtina etməsi, cavabdehin isə aliment ödəməmək şərtilə uşaqla görüşdən imtina etməsinə dair müqavilə şərtləri, azyaşlı uşağın qanuni maraqlarına və üstün mənafeyinə uyğun olmadığına görə qanunvericiliyə zidd hesab edilməlidir. Məhkəmə öz mövqeyini onunla əsaslandırır ki, işin müəyyən edilmiş hallarına uyğun olaraq hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1–ci maddəsində göstərilən şərtlər məcmu halında mövcuddur və iddianın düzgün həll olunması üçün hüquqi əsasdır. Belə ki, İddiaçı Cavabdeh aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, Cavabdeh övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyinə dair hissədə mübahisəli barışıq sazişi azyaşlı uşağın saxlanması üçün vəsait (aliment) almaq və valideynləri ilə ünsiyyətdə olmaq hüququnun pozulması yolu ilə bağlanmış, çünki nəinki iddiaçının, ümumiyyətlə heç bir valideynin alimentdən imtina etmək hüququ qanunda nəzrədə tutulmamışdır. Belə ki, Ailə Məcəlləsinin 55-ci maddəsinə görə uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait (aliment) almaq hüququna malikdir. Aliment şəklində uşağa ödənilən məbləğ valideynlərin (onları əvəz edən şəxslərin) sərəncamına daxil olsa da, onlar tərəfindən yalnız uşaqların saxlanmasına, tərbiyəsinə və təhsilinə xərclənməlidir. Göründüyü kimi uşağa digər valideyn tərəfindən ödənilməli olan aliment məbləği uşağın saxlanması, tərbiyəsi və təhsili üçün nəzərdə tutulmuşdur. Belə olan halda iddiaçının alimentdən imtina etməsi uşağın qanunla qorunan hüquqlarına və mənafelərinə ziddir. Eyni zamanda uşağın öz valideynləri ilə ünsiyyətdə olmaq hüququ da qanunla qorunan hüquqların dairəsinə daxil edilmişdir. Ona görə də cavabdeh tərəfin uşaqla ünsiyyətdə olmaqdan imtina etməsi də, uşağın qanunla qorunan hüquqları və mənafeləri ilə ziddiyyət təşkil etmişdir. Halbuki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşaqların normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşaqların zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Bütün bu hallar o nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında bağlanmış barışıq sazişinin, alimentdən imtina etməsi, uşağı ilə görüşdən imtina etməsi şərtləri qanunvericiliyə zidd olmuşdur. Bununla da həmin hissədə barışıq sazişi bağlanan zaman Mülki Məcəllədə müəyyən olunmuş şərtlər pozulmuşdur. Ona görə də iddiaçının cavabdehə qarşı barışıq sazişinin 3-cü və 6-cı bəndlərinin etibarsız hesab edilməsini tələb etmək hüququ yaranmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, İddiaçı Cavabdeh aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, Cavabdeh övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyinə dair hissədə barışıq sazişinin etibarsızlığı üçün yetərincə əsaslar olduğundan, İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış barışıq sazişinin 3-cü və 6-cı bəndləri etibarsız hesab edilməlidir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,5 misli (400 x 0,5 = 200 manat) həddində sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının yanında yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay sonrakı artımlar nəzərə alınmaqla, 2025-ci il üzrə minimum əmək haqqı məbləğinin 0,5 misli (400 x 0,5 = 200 manat) həddində sabit pul məbləğində alimentin tutulması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq (hər təqvim ili üzrə müəyyən edilmiş minumum əmək haqqına münasibətdə) sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin qeyd edir ki, iddiaçı cavabdehin yüksək maddi vəziyyətə malik olması və hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında mediasiya prosesi nəticəsində xx.xx.2025-ci il tarixdə bağlanmış, İddiaçı Cavabdeh aliment ödəməmək şərtilə, uşaqla görüşdən imtina etməsinə etiraz etməməsi, Cavabdeh övladı (X4) ilə görüşdən imtina etməsi, bu şərtlə ki, övladı X3 aliment ödəməyəcəyinə dair barışıq sazişinin 3-cü və 6-cı bəndləri etibarsız hesab edilsin. xx.xx.2025-ci il tarixdən başlayaraq, xx.xx.2021-ci il tarixdə doğulmuş Ediz adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər təqvim ili üzrə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar