Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1543/2024 24.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin halları 1.İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdehlə arasında olan nikahın pozulması, birgə nikahdan 09 mart 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşağın onun yanında saxlanılması, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 235 manat sabit pul məbləğində alimentin, ödənilmiş məhkəmə xərclərinin cavabdehdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 2.İddiaçı tələbini belə əsaslandırmışdır ki, o, cavabdehlə xx.xx.2016-cı il tarixdə nikah bağlamaqla evlənmiş, birgə nikahlarından 09 mart 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Nikah bağlayandan sonra cavabdehlə birgə yaşayış zamanı məlum olmuşdur ki, onunla xasiyyətləri tamamilə bir-birinə ziddir. Fikirləşmişdir ki, zaman keçdikcə hər şey düzələr, xasiyyətində uyğunluq yaranar. Ümid etmişdir ki, ailədə qarşılıqlı anlaşma, hörmət və inam hissi formalaşacaq. Lakin bu olmamışdır. Belə ki, ailə münasibətləri artıq formal xarakter daşıyır və birlikdə yaşamaqları mümkün deyildir. Faktiki olaraq ayrıldıqdan bu günə kimi anasının köməkliyi ilə uşağın maddi ehtiyaclarını ödəyir. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri Cavabdeh iddia ərizəsinə etiraz təqdim etməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçıya və cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, bununla belə məhkəməyə ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, cavabdehə isə məhkəmə bildirişinin çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 04 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV-cü bəndinə əsasən uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2–ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqda razılığı olmadıqda, məhkəmə ər–arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər, barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Həmin Məcəllənin 22.2.1–ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. Həmin Məcəllənin 22.2-ci maddəsinə əsasən bu Məcəllənin 22.1-ci maddəsində göstərilən məsələlər üzrə ər-arvadın arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin marağını pozduqda məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını və uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsaitin tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də 76-cı maddəyə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Həmin Məcəllənin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının Qanunu «Uşaq hüquqları» haqqında Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Həmin Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəraitində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsində deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 8-ci maddəsinə görə hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya «Uşaq hüquqları haqqında» Konvensiyanın 3-cü maddəsinə görə sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında AR Qanunu “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikası MPM-in 234.2.1-ci maddəsinə əsasən aliment alınması haqqında qətnamə dərhal icra olunur. Məhkəmənin mövqeyi Məhkəmə işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X1 arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində rəsmi nikah bağlanmış və həmin nikah 225 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “İmamverdiyeva” soyadı verilmişdir. İşdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 09 mart 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. İş materialları ilə müəyyən edilmişdir ki, tərəflərə barışıb ailəni bərpa etmələri üçün 3 ay vaxt verilsə də, onların barışmaları mümkün olmamışdır. Məhkəmə təqdim edilmiş sübutların tədqiqi nəticəsində müəyyən etdi ki, tərəflər xx.xx.2016-cı il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş və onların birgə nikahından 09 mart 2017-ci il tarixdə Hüseyn adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmış və onların arasında ailə münasibətləri faktiki olaraq kəsilmişdir. Tərəflər ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Tərəflər ər–arvad kimi yaşamamaqla, birgə təsərrüfatı idarə etmirlər və ayrı yaşayırlar. Tərəflərin arasında olan nikah artıq formal xarakter daşıyır. İddiaçının boşanmaq fikri qətidir və o, nikahın pozulmasında təkid edir. Eyni zamanda uşağın saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə tərəfindən barışmaq üçün verilmiş 3 ay vaxt ərzində də tərəflərin barışmaları mümkün olmamışdır. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. İşin müəyyən olunmuş hallarından görünür ki, birgə nikahdan doğulmuş, yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında qalmışdır. Odur ki, məhkəmə hesab edir ki, tərəflərin birgə nikahından doğulmuş Hüseyn adlı uşağın iddiaçının yanında qalması müəyyən edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay cavabdehdən aliment alınıb iddiaçıya verilməlidir. Məhkəmə hesab edir ki, iddiaçının aliment tələbi qismən əsaslıdır, iddiaçı cavabdehin daha çox gəlirə malik olması barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün aliment iddiaçının tələb etdiyi miqdarda deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və digər diqqətəlayiq hallara uyğun olaraq təyin edilməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın üstün mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, ərizə verildiyi, yəni xx.xx.2024-cü il tarixdən başlayaraq, cavabdehdən hər ay 190 manat məbləğində alimentin alınması yetkinlik yaşına çatmamış uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Belə ki, yetkinlik yaşına çatmamış uşaq iddiaçının yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Ona görə də məhkəmə alimentin məbləğinin iddiaçının tələb etdiyi məbləğdə deyil, işin müəyyən olunmuş hallarına əsasən uşağın mənafeyinə və diqqətəlayiq hallara uyğun olaraq təyin edilməsini, işin həqiqi hallarına uyğun hesab edir. Məhkəmə, həmçinin iddiaçının ödədiyi 50 manat mediasiya xərcinə münasibətdə qeyd edir ki, ilkin Mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, cavabdeh xx.xx.2024-cü il tarixdə keçirilməsi nəzərdə tutulmuş ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməmişdir. İddiaçı mediasiya sessiyasının keçirilməsi üçün 50 (əlli) manat məbləğində mediasiya xərci ödəmişdir. Ona görə də ilkin mediasiya xərci olan 50 manat məbləğində pul cavabdehdən tutulub iddiaçıya verilməlidir. Belə ki, Azərbaycan Respublikasının “Mediasiya haqqında” Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, MPM-in 119-cu maddəsinə əsasən, iddiaçı məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 50 manat məbləğində pul vəsaiti iddiaçıya aid edilməlidir. Belə ki, cavabdeh 50 manat mediasiya xərcini ödədiyinə görə həmin hissədə dövlət rüsumunu ödəməkdən azad edilir. Ona görə də cavabdehə münasibətdə dövlət rüsumunun tutulması istisna edilir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bundan başqa məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9– cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqdan 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə bağlı iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 213, 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə Mingəçevir şəhər Qeydiyyat Şöbəsində bağlanmış və 225 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından 09 mart 2017-ci il tarixdə doğulmuş Hüseyn adlı uşağın İddiaçı yanında qalması müəyyən edilsin və xx.xx.2024-cü il tarixdən başlayaraq, həmin uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 190 (bir yüz doxsan) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddiaçı ilkin mediasiyaya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində pul Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə alimentlə bağlı hissədə dərhal icra edilsin. Tərəflərə, nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-1543/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1543/2024
24.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver