Məhkəmə qərarları › İş №e-2(051)-1547/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1547/2024

29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1547/2024 29.08.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddaçı: İddiaçı və onun nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, xx.xx.2019-cu il tarixdə doğulmuş Elcan və xx.xx.2023-cü il tarixdə doğulmuş Narin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa 300 manat olmaqla, cəmi 600 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, Cavabdeh ilə 2018-ci ildə faktiki ailə münasibətlərinə girməklə ailə quraraq Rusiya Federasiyasına köçmüşdür. xx.xx.2019-cu il tarixdə Elcan, xx.xx.2023-cü il tarixdə Narin adlı uşaqları doğulmuşdur. Sonradan aralarında nikah rəsmiləşsə də, nikah haqqında şəhadətnamənin əsli onda mövcud deyildir. Onun səhhətində narahatçılıq yaranan kimi cavabdeh onun orada yaşamasına imkan verməmiş, onun müalicə olunmasını istəməmişdir. Belə ki, 30 yaşı olmasına baxmayaraq, onkoloji xəstədir. Bu səbəbdən atası onu məcburən öz yanına aparmışdır. Hazırda uşaqları onun himayəsindədir. Cavabdeh isə uşaqların saxlanılması üçün heç bir köməklik göstərmir. O və uşaqları atasının himayəsinə sığınmaq məcburiyyətində qalmışlar. Cavabdeh Rusiya Federasiyasında valideynləri ilə birlikdə böyük biznesə sahibdir. Bunu isə müxtəlif istəklərinə xərcləsə də, övladlarına görə heç bir vəsaiti könüllü ödəmir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclası zamanı İddiaçı ilə eyniməzmunlu izahat verərək onun göstərdiyi halları təsdiq etdi və məhkəmədən iddianın təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, məhkəmə bildirişinin ona çatdırılması mümkün olmamışdır. Ona görə də təkrar məlumat verilməsi üçün cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə 08 saylı Mənzil İstismar Sahəsinə məhkəmə bildirişi ünvanlanmış, cavabdehin qeydiyyatda olduğu ünvanda yaşamasıbarədə qeyd yazılmış bildiriş məhkəməyə daxil olmuşdur. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, xx.xx.2019-cu il tarixdə doğulmuş Elcan və xx.xx.2023cü il tarixdə doğulmuş Narin adlı uşaqların anası İddiaçı, atası Cavabdehdur. İşdə olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh İddiaçı xx.xx.2019-cu il tarixdə doğulmuş Elcan adlı uşağın atası olmasıqəbul olunmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki ailə münasibətlərinə daxil olmuş, sonra aralarındakı nikah rəsmiləşmiş, xx.xx.2019-cu il tarixdə Elcan, xx.xx.2023-cü il tarixdə Narin adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı Elcan və Narin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən aliment tələb edir. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, uşaqlar iddiaçının yanında yaşayırlar və onların bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumunun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşaqların mənafelərini və iddiaçının yanında yaşamalarını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin alınması uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı tərəf istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2019-cu il tarixdə doğulmuş Elcan və xx.xx.2023-cü il tarixdə doğulmuş Narin adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 220 (iki yüz iyirmi) manat olmaqla, cəmi 440 (dörd yüz qırx) manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar