Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1776/2024 30.09.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddaçının nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması, əlavə xərc və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması, əlavə xərc və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü İsmayılov Ömər ismayıl oğlu və xx.xx.2022-ci il təvəllüdlü ismayılzadə Uğur ismayıl oğlunun saxlanmasına görə hər ay hər birinə 250 manat olmaqla, cəmi 500 manat alimentin, xx.xx.2022-ci il təvəllüdlü İsmayılzadə Uğur ismayıl oğlunun üç yaşına çatana kimi əlavə xərclərdə iştirakı ilə bağlı hər ay 100 manat pulun və xx.xx.2016-cı il təvəllüdlü İsmayılov Ömər ismayıl oğlunun sağalana kimi xəstəliyi ilə bağlı əlavə xərclərdə iştirakı ilə bağlı hər ay 100 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə Cavabdeh arasında xx.xx.2015-ci ildə bağlanmış nikah AR Ədliyyə Nazirliyi Mingəçevir Şəhər Nikah Evində qeydə alınmışdır (№ 55 ilə qeyd edilmişdir). Nikahları rəsmi olmasa da, faktiki olaraq pozulmuşdur, xasiyyətlərinin tutmaması, müxtəlif mübahisələr səbəbindən birgə yaşamaqları mümkün olmamışdır, artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Belə ki, birgə nikah dövründə aralarındakı münasibətlər kəskinləşmişdir, mütəmadi olaraq münaqişələri olmuşdur. Münasibətlərinin kəskin pisləşməsi səbəbindən bir neçə dəfə ayrılmaq həddinə qədər çatmış, lakin valideynlərinin tövsiyə xarakterli söhbətləri ilə ayrılmaqlarının qarşısı alınmışdır. O, ailə münasibətlərinin yaxşılaşdırılmasına, normal ailə kimi birgə yaşamağa cəhd göstərmişdir. Lakin, Cavabdeh ona qarşı öz aqressiv davranışları ilə ailədə münaqişəli hərəkətlərini davam etdirmişdir. Hazırda ailə münasibətlərinin bərpası qeyrimümkündür, artıq uzun müddətdir ki, nikahları formal xarakter daşıyır və barışıb bir ailə kimi yaşamaqları mümkün deyil. Hazırda azyaşlı övladları ilə birgə Bərdə rayonunda valideynlərinin evində yaşayır. Birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü İsmayılov Ömər ismayıl oğlu və xx.xx.2022-ci il təvəllüdlü İsmayılzadə Uğur ismayıl oğlu anadan olmuşdur. Cavabdehin rəsmi və ya qeyri-rəsmi gəlirləri barədə konkret, sənədli bir məlumatı yoxdur. Əvvəllər cavabdeh “Bakcell" Mingəçevir Filialında və X4 kompyuter mühəndisi işləyən zaman aylıq gəliri təxminən 1000-1200 manat olmuşdur. O, işləmir və hazırda atası evində yaşayır, ata və anası ona və uşaqlarına maddi dəstək göstərir. Uşaqların normal böyüməsi, təhsil alması, məişət və sağlamlıq qayğılarının çəkilməsi üçün maddi xərclər tələb olunur. Qeyd edir ki, Ömərin 8 yaşı var, autizm sindromlu uşaqdır. Mingəçevir Psixo-X1biliyyətinin enməsi diaqnozu ilə qeydiyyatda olan xəstədir. Bundan əlavə, AR Səhiyyə Nazirliyi Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Tibbi Rəyinə əsasən Binokulyar ağır görmə pozğunluğu, H35.4-Periferik retinal degenerasiya diaqnozu da təyin edilmişdir. Ömərin xəstəliyi ilə bağlı hər 3 aydan bir Bakı şəhərində "Kəpəz Hospital” adlı klinikaya müalicəyə aparır. Bundan əlavə müntəzəm dərmanlar qəbul edir, normal uşaqlardan fərqli məktəbə gedir, məktəbi də Bakı şəhərindədir, daimi həkim nəzarətində olmalıdır. Ömərin təxminən bir ay ərzində yalnız müalicə və müayinəsinə 250 manat pul xərclənir. Uğurun 2 yaşı var, südəmər körpədir, qida əlavələrinə ehtiyacı var, eyni zamanda onun da müntəzəm həkim müayinələrinə aparır. Ona görə də, birgə nikahlarından doğulmuş azyaşlı uşaqlarının atası Cavabdeh aliment və digər xərclərə cəlb olunmasını tələb edir. Cavabdehin gəlirlərinin qeyrimüntəzəm, dəyişən olmasını, uşaqların maddi və mənəvi tələbatlarını, xəstəliyini, daimi müalicə və müayinəyə ehtiyacı olması, ölkədə real iqtisadi vəziyyəti nəzərə alaraq cavabdehdən hər bir uşağın saxlanması üçün 250 manat sabit pul məbləğində alimentin, eyni zamanda Uğurun üç yaşına çatana kimi əlavə xərclərdə iştirakı ilə bağlı hər ay 100 manat pulun və Ömərin 18 yaşina çatana kimi xəstəliyi ilə bağlı əlavə xərclərdə iştirakı ilə bağlı hər ay 100 manat pulun tutulması tutulmasını ağlabatan hesab edir. Onu da qeyd edir ki, 31 iyul 2024-cü il tarixdə Mingəçevir şəhərində yerləşən 1 saylı X5 mediasiya prosesi baş tutdu, lakin prosesin davam etdirilməsi və barışıq əldə olunması mümkün olmadı. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və izahatında göstərdi ki, iddia ərizəsində göstərilən məbləğdə aliment ödəməyə imkanı yoxdur. Hazırda işsizdir. Hər ay hər uşaq üçün 150 manat aliment və hər uşaq üçün 50 manat əlavə xərc ödəyə bilər Odur ki, məhkəmədən iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci il tarixdə Mingəçevir Şəhər Nikah Evində rəsmi nikah bağlanmış və həmin nikah 55 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2016-cı il təvəllüdlü Ömər və xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Psixo-Nevroloji Dispanserinn xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.2016-cı il təvəllüdlü Ömər xx.xx.2023-cü il tarixdən Albinizim-Görmə qabiliyyətinin enməsi diaqnozu ilə dispanserdə qeydiyyatdadır. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2015-ci il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü Ömər və xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Uğur adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Eyni zamanda Ömər adlı uşaq xəstə oduğu üçün onun əlavə xərcə ehtiyacı vardır. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment, Ömər adlı uşağın müalicə xərcləri üçün əlavə xərc və Uğur adlı uşağın 3 yaşına çatanadək çatanadək ana üçün vəsait tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatları, tərəflərin rəsmi nikah bağlamaqla ər-arvad olmalarını, habelə iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatını, o cümlədən azyaşlı uşaqların ananın yanında olmasını, onların qulluğa və qayğıya daha çox ehtiyacının olmasını, Ömər adlı uşağın autizm xəstəsi olmasını və bu səbəbdən də ananın işləmək imkanının olmamasını nəzərə alaraq və Ailə Məcəlləsinin 84-cü maddəsinin zəruri şərtlərinə əsaslanaraq, tərəflərin birgə nikahlarından doğulmuş Ömər adlı uşağın müalicə xərcləri üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində vəsaitin və Uğur adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 50 manat sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı sayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 175 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Eləcə də, məhkəmə qeyd edir ki, uşaları saxlamaq hər iki valideynin vəzifəsidir və onun maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Hazırda cavabdeh uşaqların atası kimi onu saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat olmaqla, 350 manat sabit pul məbləğində alimentin, Ömər adlı uşağın müalicə xərcləri üçün 50 manat və Uğur adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 50 manat məbləğində vəsaitin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2016-cı il təvəllüdlü Ömər və xx.xx.2022ci il təvəllüdlü Uğur adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 manat olmaqla, cəmi 350 manat sabit pul məbləğində aliment, həmçinin xx.xx.2016-cı il təvəllüdlü Ömər adlı uşağın müalicə xərcləri üçün 50 manat məbləğində əlavə xərcin və xx.xx.2022-ci il təvəllüdlü Uğur adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 50 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1776/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1776/2024
30.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver