Məhkəmə qərarları › İş №e-2(051)-1818/2025

Mingəçevir Şəhər Məhkəməsi Qərardad — İş №e-2(051)-1818/2025

28.10.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Mingəçevir şəhəri İş № e-2(051)-1818/2025 28.10.2025 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı xx xxxx 1943-cü ildə anadan olmuş, 82 yaşı vardır. Qeyd etmişdir ki, onun Yaqub Rüstəmovla olan evliliyindən 3 övladı - Vaqif, Rüstəm, Gülnarə adlı uşaqları olmuşdur. Oğlu Rüstəm 01 iyul 2023-cü ildə Rusiya Federasiyasında vəfat etmişdir. O, qızı Gülnarəyə və oğlu Rüstəmə ali təhsil alması üçün valideyn olaraq maddi dəstək olmuşdur. Oğlu Rüstəm vəfat etdikdən sonra ona məlum olmuşdur ki, qızı Gülnarə ona məxsus əmlakları mənimsəmiş və hazırda əmlaksız qalmışdır. Digər oğlu Vaqif isə ali təhsilli olmadığından işləmir. Ancaq Vaqif ona qayğı göstərməkdən imtina etmir. Ahıl yaşında olsa da Gülnarə onun yaşayışı ilə maraqlanmır. Ona qayğı görsətmir. Cavabdeh həkimdir. Aylıq məvaciblə bərabər bir neçə yerdə mənzil sahibidir. Hansı ki, həmin mənzilləri ona iddiaçı bağışlamışdır. Gülnarə onun mənzilləri hesabına yüksək gəlir əldə etsə də onun səhhəti ilə, maddi vəziyyəti ilə maraqlanmır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə izahat verərək, mülki işin ərazi aidiyyəti üzrə baxılması məsələsi barədə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 izahat verərək, mülki işin aidiyyəti üzrə baxılması məsələsi barədə qərarı məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, mülki iş icraata götürülən zaman aidiyyət qaydaları pozulmuşdur. Belə ki, cavabdeh yaşayış yeri üzrə ünvan 1 ünvanında qeydiyyatda olduğundan, iddiaçının cavabdehə qarşı aliment tələbinə dair iddiası Mingəçevir Şəhər Məhkəməsində baxılmalı deyil və ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinin səlahiyyətinə aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin aşağıdakı maddələrinə əsasən: 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.3-cü maddəsinə əsasən işin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Cavabdeh ünvan 1 ünvanında qeydiyyatdadır. Həmçinin İddiaçı özü də həmin ünvanda qeydiyyatdadır. Beləliklə məhkəmə hesab edir ki, Cavabdeh ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olduğundan, hazırki mülki iş baxılması üçün ərazi aidiyyəti üzrə Səbail Rayon Məhkəməsinə göndərilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi üzrə mülki iş ərazi aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Mingəçevir Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar