Məhkəmə qərarları › İş №e-2(051)-1844/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1844/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1844/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkil) Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı yetkinlik yaşına çatmayan uşağın digər valideynin razılığı olmadan ölkədən getməsinə icazənin verilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı Mingəçevir Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, məhkəmədən xx.xx.2019-cu il təvəllüdlü X3 atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birgə respublikadan kənara aparılmasına, bununla bağlı hərəkətlərin aparılmasına icazə verilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 13 sentyabr 2019-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək atası Cavabdeh Sahəli oğlunun icazəsi olmadan anası İddiaçı ilə birlikdə xarici dövlətlərə sərbəst getməsinə icazə verilməsi, həmçinin tərəfindən hüquqi yardım göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun hesabına ödənilmiş 400 (dörd yüz) manat pulun və 100 (bir yüz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs cavabdehlə 07 oktyabr 2018-ci ildə ailə qurmuşlar. Birgə nikahlarından 13 sentyabr 2019-cu ildə Fatimə adlı uşağı doğulmuşdur. İddiaçı ilə cavabdeh bir müddət səmimi ailə münasibətlərində yaşasalar da, sonradan onların münasibətləri korlanmışdır. Tərəflərin ailə münasibətlərini davam etdirərək birgə nikahda yaşamaları mümkün olmadığından İddiaçı nikahın pozulması barədə iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət etmişdir. Şəki Şəhər Məhkəməsinin qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış nikahın pozulması, onların birgə nikahdan olan uşağı Fatimənin anasının yanında saxlanılması, uşağın saxlanılması üçün 150 manat olmaqla alimentin cavabdehdən tutularaq iddiaçıya verilməsi qət edilmişdir. Bundan sonra 2024-cü ilin aprel ayında alimentin məbləği artırılaraq 175 (bir yüz yetmiş beş) manat olmuşdur. İddiaçı cavabdehlə faktiki olaraq ayrıldıqları vaxtdan cavabdeh doğma övladı ilə maraqlanmamış, valideyinlik vəzifəsini yerinə yetirməmişdir. Övladı anadan olduğu gündən onun maddi təminatı və tərbiyəsi ilə İddiaçı məşğul olmuşdur. Cavabdeh Abdullayev X2 Şəhər Məhkəməsinin qətnaməsi ilə alınması qət edilmiş alimenti belə axır vaxtlarda ödəməmişdir. Bir valideyn kimi İddiaçı himayəsində olan qızı Fatimənin hərtərəfli inkişafını, onun dünya görüşünün və savadının artırılması üçün əlindən gələni edir. Cavabdeh isə öz valideynlik vəzifələrini yerinə yetirməmək bir yana qalsın, Fatimənin dünya görüşünün və məntiqi təfəkkürünün artırılması üçün İddiaçı ilə birlikdə gəzinti məqsədi ilə qısa müddətlik xarici ölkələrə getməsinə də maneçilik törədir. Bildiyiniz kimi qanunvericiliyə əsasən uşaq yetkinlik yaşma çatmadığı üçün onu atanın razılığı olmadan xarici dövlətə aparmaq mümkün deyildir. İddiaçı dəfələrlə cəhd etməsinə baxmayaraq Cavabdeh belə bir razılığın alınması mümkün olmamışdır. İddiaçı hesab edir ki, himayəsində olan övladı Fatimənin xarici ölkələrə aparmaq, onun normal inkişafında, dünya görüşünün artmasında, şəxsiyyət kimi formalaşmasında birmənalı olaraq müsbət əhəmiyyət kəsb edəcəkdir. Ona görə də məhkəmədə iddia qaldırmağa məcbur olmuşdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh məhkəmə iclasında izahat verərək, iddia tələbini qəbul etmədiyini və o, uşağının xarici ölkəyə getməyinə narazı olduğunu bildirmişdir. Odur ki, məhkəmədən iddianın rədd edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2019-cu il təvəllüdlü X5 adlı uşağı doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, iddiaçı ilə cavabdehin birgə nikahlarından xx.xx.2019-cu il təvəllüdlü X5 doğulmuşdur. Tərəflər arasında olan münasibətlər pozulmuş və bundan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. O, uşağı ilə birlikdə xarici ölkəyə getmək üçün cavabdehin razılığı olmadığına görə Azərbaycan Respublikasından kənara çıxa bilmir. O səbəbdən də iddiaçı məhkəmədə iddia qaldırmışdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçı tələbində haqlıdır. İddiaçının özü və uşağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar. İddiaçı uşağını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki uşağın atasından razılıq ərizəsi alınması mümkün deyildir. Nəticədə, uşağın sərbəst hərəkət etmək azadlığı pozulur və o, mənsub olduğu dövlətdən başqa ölkəyə sərbəst gedib–gələ bilmir ki, bu da onun hüquqlarının məhdudlaşmasına səbəb olur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 11.1–ci maddəsində göstərilmişdir ki, bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər. Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Göründüyü kimi iddia tələbinin qanuni əsasını təşkil edən normanın tələbinə görə valideynlərdən birinin razılığı olmadan yetkinlik yaşına çatmayan uşağın ölkədən getməsi məsələsi yalnız məhkəmənin qərarı əsasında həll edilir. Məhkəmə işin məhkəmə tərəfindən müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, iddiaçının özü və uşağı Azərbaycan Respublikasının vətəndaşlığına mənsubdurlar. İddiaçı uşağını başqa ölkəyə aparmaq istəsə də, buna nail ola bilmir, çünki digər valideyn tərəfindən razılıq ərizəsi verilməmişdir. Ona görə də mübahisə məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmə hesab edir ki, belə olan halda uşağın sərbəst hərəkət etmək azadlığı pozulur və onlar mənsub olduğu dövlətdən başqa ölkəyə sərbəst gedə bilmir ki, bu hal isə onların hüquqlarının məhdudlaşmasına səbəb olur. Azərbaycan Respublikasının Konstitusiyasının 52–ci maddəsində göstərilmişdir ki, Azərbaycan dövlətinə mənsub olan, onunla siyasi və hüquqi bağlılığı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının vətəndaşlarından doğulmuş şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Valideynlərindən biri Azərbaycan Respublikasının vətəndaşı olan şəxs Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının qoşulduğu “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının 10–cu maddəsinin İ hissəsində göstərilmişdir ki, bu Konvensiya ilə üzv olan dövlətlər, ailə hüquqlarını həyata keçirmək məqsədilə uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinin ərazisinə daxil olmağa və ya tərk etməsinə pozitiv, humanist yanaşmalı və bunu operativ şəkildə təmin etməlidirlər ki, bu hal uşaq və ya onun ailəsi üçün hər hansı xoşagəlməz halla nəticələnməsin. Konvensiyanın həmin maddəsinin İİ hissəsində isə qeyd edilmişdir ki, qanunla uşağın və ya onun valideynlərinin üzv dövlətlərdən hər hansı birinə giriş–çıxışını məhdudlaşdıran hal yoxdursa, konvensiyanı təsdiq etmiş ölkələr, valideynləri müxtəlif ölkələrdə yaşayan uşağın üzv dövlətlərdən hər hansı birinin ərazisini tərk etməyi və ya daxil olmağı təmin etməlidirlər. Avropa İnsan Hüquqları Konvensiyasının 8–ci maddəssinin 1–ci hissəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin maddənin 2–ci hissəsinə əsasən milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Konvensiyanın 4 saylı Protkolunun 2–ci maddəsinin tələbinə görə hər kəs öz ölkəsi də daxil olmaqla hər hansı ölkəni tərk etməkdə azaddır. Bu hüquqların həyata keçirilməsinə milli təhlükəsizlik və ictimai asayiş maraqları naminə, ictimai qaydanı qorumaq üçün, cinayətin qarşısını almaq üçün, sağlamlığın və mənəviyyatın qorunması üçün və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olanlardan başqa heç bir məhdudiyyət qoyula bilməz. Sadalanan Konstitusiya normalarının və beynəlxalq konvensiyanın tələblərindən də göründüyü kimi uşağın başqa dövlətin ərazisinə getməsinə, öz ölkəsinə qayıtmasına əsassız və qanunla nəzərdə tutulmadığı hallarda məhdudiyyətlər qoyula bilməz. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçının uşağının atasının razılıq verməməsi, uşağın hüquqlarının digər valideyn tərəfindən həyata keçirilməsinə maneə ola bilməz. Məhkəmə nəzərə alır ki, uşağın ölkədən gedə bilməməsi, atasının buna razılıq verməsi ilə əlaqədardır. Uşağın və ya onunla birlikdə yaşayan iddiaçının bu məsələdə heç bir təqsiri yoxdur. Həmçinin qeyd edilməlidir ki, atanın razılığı olmadan uşağın başqa ölkəyə getməsi uşağın öz mənafelərinə xidmət edir və burada atanın mənafeləri əleyhinə yönələ biləcək hal müəyyən olunmur. Eləcə də, BMT–nin 1959–cu il tarixdə qəbul etdiyi “Uşaq Hüquqları Haqqında” Bəyənnamənin 2–ci maddəsində göstərilmişdir ki, qanunla və başqa vasitələrlə uşağın sosial müdafiəsi təmin edilməli, uşağın əqli, fiziki, mənəvi və sosial baxımdan sağlam, normal, azad və ləyaqətli inkişafı üçün bütün şəraitlər yaradılmalıdır. Həmçinin, Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında qeyd etmişdir ki, hərəkət etmək azadlığı hüququ milli təhlükəsizliyin, ictimai asayişin, əhalinin sağlamlığının və mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi kimi müstəsna hallarda məhdudlaşdırıla bilər. Hazırki iddiada qeyd edilən istisna hallardan heç biri müəyyən edilməmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi “Pençevi Bolqarıstana qarşı” xx.xx.2015–ci il tarixli Qərarında bir daha qeyd etmişdir ki, valideynləri müxtəlif dövlətlərdə yaşayan uşağın, xüsusi hallar istisna olmaqla, hər iki valideynlə müntəzəm şəxsi münasibətlər və birbaşa əlaqələr saxlamaq hüququ vardır. Bu məqsədlə “Uşaq hüquqları haqqında” BMT– nin Konvensiyasının 9–cu maddəsinin 2–ci bəndi üzrə öhdəliyinə uyğun olaraq iştirakçı dövlətlər uşağın və onun valideynlərinin istənilən ölkəni, o cümlədən öz ölkəsini tərk etmək və öz ölkəsinə qayıtmaq hüququna hörmət bəsləməlidirlər. İstənilən ölkəni tərk etmək hüququ barəsində yalnız elə məhdudiyyətlər qüvvədədir ki, onlar qanunla müəyyən edilmişdir və dövlət təhlükəsizliyinin, ictimai qaydanın (ordrepublic), əhalinin sağlamlığının və ya mənəviyyatının və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün zəruridir və bu Konvensiyada tanınan başqa hüquqlarla bir araya sığır. İştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. “Uşağın ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 13 saylı qərarının 7.16-cı bəndində izah edilmişdir ki, məhkəmələr tərəfindən nikahda olan və ya nikahda olmayan şəxslərin analoji iddialarına baxılarkən, işdə olan sübutlara ölkəni tərk etmək üçün icazəni verməyən valideyn ilə uşaq arasında həqiqi münasibətlər, ünsiyyət, uşağın ictimai-sosial həyatında onun rolu, valideynlik vəzifələrinin yerinə yetirilibyetirilməməsi, yaxud aliment ödəməklə kifayətlənməsi kimi halların mövcudluğu baxımından qiymət verilməli, uşağın həyatında faktiki heç bir rol oynamayan valideynin səfərin uşağın mənafeyinə zidd olması ilə bağlı konkret sübutlara əsaslanmayan etirazı əsassız hesab edilməlidir. Həmin Qərarın 7.17-ci bəndində isə qeyd edilmişdir ki, uşağın digər valideynin razılığı olmadan ölkədən çıxarılmasına dair iddia tələbi ilə məhkəməyə müraciət edən valideyn iddia ərizəsində uşağın ölkə hüdudlarından kənara çıxarılmasının məqsədi ilə bağlı (uşağın xarici ölkələrdə daha etibarlı və düzgün müalicə almaları, eləcə də onların dünya görüşlərinin artırılması, xarici dövlətlərdə yaşayan qohumları ilə əlaqələrin bərpa və inkişaf etdirilməsi, təhsil alması, istirahətinin təşkili və.s) aydın mövqe sərgiləməlidir. Belə ki, bu qaydaya riayət edilməklə verilən iddia tələbi uşağın xarici ölkəyə aparılmasının onun mənafeyinə uyğunluğunu yoxlamağa imkan verir Ona görə də məhkəmə qeyd olunan normalara istinadən yuxarıda sadalanan Azərbaycan Respublikasının Konstitusiyasının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun, “Uşaq hüquqları haqqında” Avropa Konvensiyasının, habelə beynəlxalq hüquq normalarının tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, uşağın digər valideyni olan iddiaçı ilə birlikdə Azərbaycan Respublikasından başqa ölkəyə getməsi hər hansı başqa şəxsin, xüsusən razılıq verməyən atanın mənafelərinə qarşı yönəlməmişdir. Hazırki tələb iddiaçının və onun uşağının Qanunla nəzərdə tutulmuş sərbəst hərəkət etmək və istədiyi yerdə istirahət etmək və yaşamaq hüquqlarını həyata keçirmək zərurətindən yaranmışdır. Ali Məhkəmənin “Uşağın ölkədən getməsinə icazənin verilməsi ilə əlaqədar valideynlər arasında yaranan mübahisələr üzrə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 24 dekabr 2021-ci il tarixli 13 №-li Plenum Qərarının 7.9-cu maddəsinə əsasən Qanunvericilikdə bu kateqoriya işlər üzrə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsini və yaxud müvafiq rəyinin alınmasını tələb edən hər hansı imperativ norma mövcud deyildir. Belə ki, Ailə Məcəlləsinin 73.1-ci maddəsinə əsasən, uşağın yalnız tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Qanunvericilikdə buna dair hər hansı tələbin olmadığı halda, işə yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının cəlb edilməsi və yaxud onların müvafiq rəyinin alınması, xüsusiyyətinə görə əslində daha çevik yanaşmanı tələb edən bu kateqoriya işlərin baxılması müddətlərinin lüzumsuz olaraq uzadılması ilə nəticələnir. Məhkəmə hazırkı mübahisə üzrə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının rəyinin alınmasını lüzumsuz hesab etmişdir. Ona görə də məhkəmə hesab edir ki, yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının rəyinin alınması işin baxılması müddətinin lüzumsuz olaraq uzadılması ilə nəticələnər. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2019-cu il təvəllüdlü X3, həmin uşağın atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə birlikdə Azərbaycan Respublikası hüdudlarından kənara getmələrinə icazə verilməlidir. İddia vəkilə etdikləri kömək üçün ödənilən xərclərin ödənilməsi hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 115-ci maddəsinin mənasından da görünür ki, məhkəmə məsrəfləri işə məhkəmədə baxılması ilə əlaqədar olmalıdır. Məhkəmə hesab edir ki, məhkəmədən kənar vəkillərə etdikləri kömək üçün ödənilən xərclərbu bu məsrəflərə aid deyildir. Azərbaycan Respublikası MPM-in 119-cu maddəsinə əsasən, iddiaçının məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 (bir yüz) manat məbləğində pul vəsaiti də cavabdehdən tutulub iddiaçıya ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 233 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2019-cu il təvəllüdlü X3 anası İddiaçı ilə birlikdə atası Cavabdeh razılığı olmadan Azərbaycan Respublikasının hüdudlarından kənara getməsinə və gəlməsinə icazə verilsin. Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi olan 100 (bir yüz) manat məbləğində pul alınıb, iddiaçı X4 verilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar