Məhkəmə qərarları › İş №e-2(051)-1924/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1924/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1924/2024 03.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızının sədrliyi, Məhkəmə iclas katibi Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İddia tələbi : İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh ilə birgə nikahdan doğulmuş xx.xx.2015-ci il təvəllüdlü Xumarə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay sabit pul məbləğində 300 (üç yüz) manat pulun tutulub ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Cavabdeh ilə 11 noyabr 1995-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan Aytac və Xumarə adlı uşaqları doğulmuşdur. 20 may 2015-ci il təvəllüdlü Xumarə yetkinlik yaşına çatmamışdır. Onlar ailəlikcə Rusiya Federasiyasının Tümen vilayətində yaşamışlar. Ailə münasibətləri alınmadığından Rusiya Federasiyası Tümen şəhəri Lenin İD 8 saylı məhkəmə sahəsinin sülh hakiminin 10 oktyabr 2016-cı il tarixli qərarı ilə onların arasındaki nikah pozulmuşdur. Rusiya Federasiyası Tümen şəhəri Lenin İD 8 saylı məhkəmə sahəsinin sülh hakiminin 20 fevral 2017-ci il tarixli məhkəmə əmrinə əsasən qızı Xumarə Allahverdiyevanın saxlanması üçün Cavabdeh aylıq qazancının ¼ hissəsi aliment kimi tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Ancaq Cavabdeh Rusiya Federasiyasından köçüb Mingəçevir şəhərinə gəldiyi üçün 01 noyabr 2019-cu ildən iddiaçıya aliment borcu yaranmağa başlamışdır. Hazırda həmin məhkəmə əmrinin tanınması ilə bağlı sənədlərin Azərbaycan Respublikası Ali Məhkəməsinə təqdim edilməsi üçün sənədlər toplayır. Ancaq Cavabdeh gəlirlərini gizlətdiyi üçün qızı Xumarənin saxlanması üçün sabit pul məbləğində aliment təyin olunmasını istəyir. Eyni zamanda həmin məbləğ uşağın saxlanması üçün çox cüzi məbləğdir. Həmçinin yaşayış minimumu məbləğindən xeyli azdır. Bununla əlaqədar iddiaçı mediasiya ilə bağlı qarşı tərəfə təklif göndərmişdir. Ancaq cavabdeh mediasiyada da iştirak etməmişdir. Qızı Xumarənin doğulan gündən həm tərbiyəsi, həm də yaşayışı iddiaçının üzərindədir. İş materialları : RF Tümen Vilayəti, Tümen şəhəri administrasiyası inzibati departament vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı komitəsi tərəfindən verilmiş İİ-ФР № 598407 saylı “doğum haqqında şəhatənamə”nin surətindən görünür ki, RF, Tümen vilayəti, Tümen şəhərində xx.xx.2015-ci il tarixdə doğulmuş X2 atası- Cavabdeh və anası İddiaçıdır. “Nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, RF, Tümen şəhərinin Leninski Məhkəmə Rayonunun 8 nömrəli məhkəmə sahəsinin sülh hakiminin nikahı pozulması haqqında məhkəmə qərarına əsasən Cavabdeh və İddiaçı xx.xx.2016-ci il tarixdə nikahları pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında qeydlər kitabında xx.xx.2016-cı il, 3544 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra arvada “Allahverdiyeva” soyadı verilmişdir. “Mediasiya Şurası” Mingəçevir 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞM/MT031/2024-00482 nömrəli “Mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh iştirak etməmişdir. İddiaçı tərəfindən 60 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafisəi Nazirliyi tərəfindən verilmiş 474547 nömrəli arayışa əsasən Cavabdeh İİ qrup əlildir. Bərdə Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş AZ-İİ seriyalı, 167497 nömrəli nikah haqqında şəhadətnaməyə əsasən Cavabdeh ilə X10 arasında xx.xx.2017-cü il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 203 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra ərə Allahverdiyev, arvada Allahverdiyeva soyadı verilmişdir; Mingəçevir Regional “Asan Xidmət” X7 tərəfindən verilmiş AZ-İV seriyalı, 250425 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X4 xx.xx.2019-cu il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X3r; Yevlax şəhəri İBH-nin Ərəbbəsrə kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş AZ-İİİ seriyalı, 994061 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2017-ci il tarixdə Mingəçevir şəhərində doğulmuşdur, atası – Cavabdeh, anası – X3r; Tərəflərin izahatları : Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin məzmununa uyğun izahat verərək,məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı ilə 11 noyabr 1995-ci ildə nikaha girməklə ailə qurmuşlar. Birgə nikahdan Aytac və Xumarə adlı uşaqları doğulmuşdur. Aytac artıq yetkinlik yaşına çatmışdır. İddiaçı ilə aralarındakı nikah pozulmuşdur. Onun uşaqları uzun müddətdir ki, Rusiya Federasiyasında yaşayırdı, bu ilin yay aylarında Azərbaycana gəlmişlər və təkrar geri qayıtmışlar. O, imkan daxilində uşaqları ilə görüşmüş, qızı Xumarəyə müxtəlif hədiyyələr, o cümlədən qızıl sırğa hədiyyə etmişdir. Hazırda cavabdeh ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki azyaşlı övladı var. Özü də 2-ci qrup əlildir, 368 manat məbləğində pensiya alır. İddiaçının qeyd etdiyi alimenti ödəməyə imkanı çatmır, 50 (əlli) manat aliment ödəyə bilər. İşin faktiki halı : İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh 11 noyabr 1995-ci il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahlarından Aytac və Xumarə adlı iki övladları doğulmuş, Aytac yetkinlik yaşına çatmışdır. İddiaçı və cavabdehin nikahları 2016-cı ildə RF, Tümen şəhərinin Leninski məhkəmə rayonunun 8 nömrəli məhkəməsi tərəfindən pozulmuş və uşaqlar anasının himayəsindədir. İddiaçı hazırki iddia tələbi ilə məhkəmədən cavabdehdən azyaşlı övladı xx.xx.2015-ci il təvəllüdlü Xumarə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində aliment təyin edilməsini xahiş edir. Cavabdeh isə iddia tələbini qəbul etməyərək hər ay 50 (əlli) manat aliment ödəyə biləcəyini bildirir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa müvafiq olaraq 2024-cü il üçün minimum yaşayış həddi uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bu zaman uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının “Uşaq Hüquqları” haqqında Qanunu: Maddə 3. Uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 234-cü maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir; “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir Məhkəmənin mövqeyi Məhkəmə cavabdehin iddia tələbinə etirazı ilə bağlı qeyd edir ki, uşağı saxlamaq vəzifəsi daşıyan valideynin gəlirlərinin az olması onu uşaq üçün qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə uşaq yetkinlik yaşına çatanadək iddiaçının cavabdehdən hər ay 300 manat sabit pul məbləğində aliment tutulması tələbi ilə bağlı qeyd edir ki, iddiaçı cavabdehin daha yüksək gəlirləri barədə hər hansı sübut təqdim etməmişdir. Eyni zamanda uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması nəzərə alınmalı, iddia tələbi qismən təmin edilməlidir. Beləliklə məhkəmə işin hallarını və uşağın mənafeyini nəzərə alaraq, hesab edir ki, xx.xx.2015-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir. Alimentin tutulması iddia ərizəsinin məhkəməyə təqdim edildiyi gündən, yəni xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hesab edir ki, hazırki mülki iş üzrə tutulacaq aliment üzrə (illik 2400 manat) ödənilməli olan dövlət rüsumu 44 (qırx dörd) manat məbləğində müəyyən edilməli və iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunduğundan həmin məbləğ Cavabdeh tutularaq dövlət nəfinə alınmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. 20 may 2015-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Aliment xx.xx.2024-cü il tarixdən hesablansın. Mediasiya xərci 60 (altmış) manat Cavabdeh tutularaq iddiaçıya verilsin. İddia qalan hissədə təmin edilməsin. Ödənilməmiş dövlət rüsumu 44 (qırx dörd) manat Cavabdeh tutularaq dövlət nəfinə alınsın. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinetdən Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar