Məhkəmə qərarları › İş №e-2(051)-1925/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1925/2024

21.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1925/2024 21.10.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddaçının nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması və uşaq 3 yaşına çatanadək ana üçün vəsait tələbinə dair məhkəmədə iddia qaldıraraq, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqların saxlanmasına görə hər ay hər birinə 300 manat olmaqla, cəmi 600 manat alimentin və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşağın üç yaşına çatana kimi əlavə xərclərdə iştirakı ilə bağlı hər ay 200 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə Cavabdeh xx.xx.2019-cu il tarixdə ailə qurmuşlar. Onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqları doğulmuşdur. Münasibətləri pozulmuş, artıq faktiki olaraq ayrılmışlar. Hazırda ailə münasibətlərinin bərpası qeyri-mümkündür, artıq uzun müddətdir ki, nikahları formal xarakter daşıyır və barışıb bir ailə kimi yaşamaqları mümkün deyil. Cavabdeh könüllü olaraq aliment ödəməkdən yayınmışdır. Ona görə də, birgə nikahlarından doğulmuş azyaşlı uşaqlarının atası Cavabdeh aliment və digər xərclərə cəlb olunmasını tələb edir. Odur ki, iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan, qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2019-cu il tarixdə bağlanmışdır. İşdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqları doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər xx.xx.2019-cu il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaqları doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. Nilufər adlı uşağın doğulduğu gündən 3 il müddət keçməmişdir. Cavabdeh uşaqların saxlanmasında iddiaçıya maddi yardım göstərmir, nə də onlar arasında uşaqların saxlanması üçün alimentin ödənilməsi barədə saziş bağlanmamışdır. Ona görə də iddiaçı sabit pul məbləğində aliment və Nilufər adlı uşağın 3 yaşına çatanadək çatanadək ana üçün vəsait tələb edir. Azərbaycan Respublikası MPM–in 88–ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə tələbin alimentlə bağlı hissəsini araşdıraraq belə nəticəyə gəlir ki, iddiaçının aliment tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalıdır. Belə ki, iddiaçının aliment tələbi haqlı olsa da, onun tələb etdiyi miqdarda alimentin alınması cavabdehin real maddi və əmlak vəziyyəti ilə uzlaşmır. Ona görə də iddia həmin hissədə qismən təmin olunmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. Məhkəmə tərəflərin maddi və əmlak vəziyyəti barədə iddia ərizəsində göstərilən məlumatları, tərəflərin rəsmi nikah bağlamaqla ər-arvad olmalarını, habelə iddiaçının məhkəmə iclası zamanı verdiyi izahatını, o cümlədən azyaşlı uşaqların ananın yanında olmasını, onların qulluğa və qayğıya daha çox ehtiyacının olmasını və Nilufər adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 30 manat sabit pul məbləğində vəsaitin alınıb iddiaçıya verilməsini əsaslı sayır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 180 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın yanında yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Eləcə də, məhkəmə qeyd edir ki, uşaları saxlamaq hər iki valideynin vəzifəsidir və onun maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Hazırda cavabdeh uşaqların atası kimi onu saxlamağa borcludur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1–ci maddəsinə əsasən ər və arvad bir–birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2–ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər–arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda, ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində arvad buna zəruri vəsaitə malik olan ərdən aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2024–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşaqların mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 180 manat olmaqla, 360 manat sabit pul məbləğində alimentin və Nilufər adlı uşağın 3 yaşına çatanadək baxılması üçün cavabdehdən hər ay 30 manat məbləğində vəsaitin alınması azyaşlı uşaqların qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Barış və xx.xx.2023cü il təvəllüdlü Nilufər adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat sabit pul məbləğində aliment və xx.xx.2023-cü il təvəllüdlü Nilufər adlı uşaq 3 yaşına çatanadək baxılması üçün hər ay 30 manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar