Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-1996/2023 11.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmənin hakimi Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi və Ağayeva Aynurə Nizami qızının katibliyi, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «aliment tələbinə» dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmədə iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, Cavabdeh ilə 2007-ci ildə ailə qurmuş, birgə nikahdan 24 iyul 2008-ci il tarixdə Fatimə, 11 oktyabr 2010-cu il tarixdə Aysu və 04 iyul 2014-cü il tarixdə Yusif adlı uşaqları olmuşdur. Ailə münasibətləri pozulduğu üçün aralarındakı nikah məhkəmə qaydasında ləğv edilmişdir. Ayrıldıqdan sonra cavabdeh uşaqların saxlanması üçün köməklik etmir. Cavabdehin yetərincə qazancı vardır və aliment təyin olunarkən uşaqların maddi təminatı nəzərə alınmaqla təyin edilməlidir. Qızı Fatimə hazırda atasının yanındadır. Cavabdeh uşağı ilə ünsiyyət yaratmasına mane olduğu üçün müvəqqəti təminat tədbiri tətbiq edilməsi barədə ərizə ilə müraciət etmiş və məhkəmənin 25 iyun 2023-cü il tarixli qərardadına əsasən onun qızı Fatimə ilə ünsiyyət hüququ müəyyən edilmişdir. İşləmir, maddi imkanı olmadığına görə uşaqların saxlanmasında çətinlik çəkir və aliment tələbi ilə bağlı məhkəməyə müraciət etmək niyyətindədir. Lakin iddia ərizəsi verilənədək iş mediasiya mərhələsidən keçməlidir. Həmin prosedur isə müəyyən müddət ərzində həyata keçirilir. Cavabdeh isə uşaqlarına maddi yardım göstərmir. Ona görə də müvəqqəti təminat tədbirinin tətbiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Odur ki, məhkəmədən ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra, iddiaçının vəkili iddianın həcmini azaldılması barədə məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, 24 iyul 2008-ci il tarixdə doğulmuş Fatimə atası ilə birgə yaşadığı üçün, Cavabdeh 24 11 oktyabr 2010-cu il tarixdə Aysu və 04 iyul 2014-cü il tarixdə Yusif adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər uşağa hər ay 250 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq heç bir üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, iddiaya öz münasibətini bildirməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını və mübahisənin mahiyyəti üzrə həll edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməldidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından 24 iyul 2008-ci il tarixdə Fatimə, 11 oktyabr 2010-cu il tarixdə Aysu və 04 iyul 2014-cü il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 27 aprel 2023- cü il tarixdə, №55 ilə qeyd edilmişdir. Beləliklə məhkəmədə müəyyən olundu ki, tərəflərin birgə nikahlarından 24 iyul 2008ci il tarixdə Fatimə, 11 oktyabr 2010-cu il tarixdə Aysu və 04 iyul 2014-cü il tarixdə Yusif adlı uşaqları doğulmuşdur. 24 iyul 2008-ci il tarixdə doğulmuş Fatimə adlı uşaq hazırda atası Cavabdeh yanındadır. Bununla belə ərizəçi hazırda iki uşağın saxlanması üçün aliment tələb etmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların saxlanılması üçün cavabdehdən alimentin tutulması əsaslıdır. Odur ki, məhkəmə hesab edir ki, birgə nikahdan doğulmuş iki uşağın saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə aliment tutulmalıdır. Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşağın maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, alimentin məbləğinin hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində müəyyən edilməsi tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaqlar ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–ci il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən əsaslıdı olduğundan qismən təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 11 oktyabr 2010-cu il tarixdə doğulmuş Aysu və 04 iyul 2014-cü il tarixdə doğulmuş Yusif adlı uşaqların saxlanılması üçün Cavabdeh hər ay hər uşaq üçün 175 (bir yüz yetmiş beş) manat olmaqla, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment alınıb İddiaçı verilsin. İddianın alimentə dair hissəsi dərhal icra edilsin. Alimentin tutulmasına xx.xx.2023-cü ildən başlansın. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM Ələkbər Hüseynov
Məhkəmə qərarları › İş №e-2(051)-1996/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-1996/2023
11.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver