Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2078/2023 24.10.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Paşayev Nemət Şirkət oğlunun sədrliyi Abbasova Gülşən Elxan qızının katibliyi İddiaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment məbləğinin dəyişdirilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı aliment məbləğinin təyin edilməsi tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, xx.xx.2013-cü il tarixdə doğulmuş Mehdi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 220 manat sabit pul məbləğində alimentin tutulması haqqında qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi xx.xx.2023-cü il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni məhkəməyə təqdim edərək, birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş Mehdi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının dəyişdirilərək, cavabdehdən hər ay uşaq üçün 220 manat sabit pul məbləğində alimentin alınıb iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclası zamanı iddia tələbini müdafiə etdi, əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, təmsil etdiyi şəxs Cavabdeh ilə 2012-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmişlər. Birgə nikahdan xx.xx.2013-cü il tarixdə Mehdi adlı uşaqları doğulmuşdur. Uzun müddətdir ki, boşanmışlar. Birgə nikahdan doğulmuş uşaq təmsil etdiyi şəxsin yanında qalır. Mingəçevir Şəhər Məhkəməsinin 2(051)-181/2016 saylı xx.xx.2016-cı il tarixli qətnaməsinə əsasən uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda cavabdeh işləmir və onun qazancısabit deyildir. Ona görə də cavabdehin ödədiyi aliment uşağın tələbatını ödəmir. Hesab edir ki, cavabdehin qazancının qeyri-müntəzəm olması və həmin vaxtdan orta aylıq əmək haqqının dəfələrlə qalxması səbəbindən sabit pul məbləğində aliment təyin olunmalıdır. Uşağın böyüməsinə və xərclərinin artmasına baxmayaraq, cavabdeh lazımi qaydada kömək etməmişdir. Uşaq böyüdükcə, onun tələbatları da artır. Odur ki, məhkəmədən iddianın təmin edilməsi haqqında qətnamə çıxarılmasını xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə isə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işdə olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2013-cü il tarixdə Mehdi adlı uşaqları doğulmuşdur. İşdə olan Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-181/2016 saylı qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2012-ci il tarixdə Mingəçevir şəhəri Nikah evində 349 nömrə ilə qeydə alınmış nikah pozulması, boşanmadan sonra birgə nikahdan xx.xx.2013-cü il tarixdə doğulmuş Mehdi adlı uşağın anası-İddiaçı yanında qalmasının müəyyən edilməsi, uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh qazancının ¼ (dörddə bir) hissəsi miqdarında alimentin tutulub, İddiaçı verilməsi qət edilmişdir. İşdə olan nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin aprel ayının 01 günündə 59 № ilə qeyd edilmişdir. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər rəsmi nikah bağlamaqla evlənmiş, birgə nikahdan xx.xx.2013-cü il tarixdə Mehdi adlı uşaqları doğulmuşdur. Ailə münasibətləri pozulduğundan boşanmışlar. Boşandıqdan sonra uşaq iddiaçının yanında qalmışdır. Əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin tutulub iddiaçıya verilməsi qət edilmişdir. Hazırda İddiaçı təyin edilmiş alimentin məbləğinin sabit pul məbləğinə dəyişdirilməsini xahiş edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi Ailə Məcəlləsinin 112.1–ci maddəsi alimentin miqdarının artırılmasını (azaldılmasını) tərəflərin maddi və ya ailə vəziyyətində dəyişikliyin baş verməsi ilə bağlamışdır. İş materiallarının əlaqəli təhlili və işin müəyyən olunmuş halları məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, ödənilən alimentin miqdarının dəyişdirilib yaşayış minumumu həddi daxilində sabit pul məbləğində müəyyən edilməsi tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, Mehdi adlı uşaq iddiaçının yanında yaşayır və onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Nəzərə alsaq ki, 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmiş, hazırda cavabdehin qazancı qey-müntəzəm olduğundan, onun qazancının ¼ hissəsi miqdarında aliment uşağın əvvəlki təminatının səviyyəsinə uyğun deyildir. Bu da onu deməyə əsas verir ki, aliment məbləğinin dəyişdirilməsi ilə bağlı iddia tələbi Ailə Məcəlləsinin 112.1–ci maddəsində göstərilən əsasları ehtiva edir. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, hər iki tərəfin maddi və ailə vəziyyəti, uşağın üstün mənafeyi və iddiaçının himayəsində yaşaması, habelə digər hallar nəzərə alındıqda, aydın şəkildə görünür ki, hazırda uşaq üçün ödənilən alimentin miqdarı, onun üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır. Bundan başqa, ötən müddətdə uşaq böyüməklə onun maddi tələbatı da artmışdır. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər. Ona görə də məhkəmə belə nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin məbləğinin artırılması üçün Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1–ci maddəsində nəzərdə tutulmuş əsaslar vardır. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərin hər biri tərəfindən ödənilməlidir. Valideyn heç bir halda (hətta başqası ilə evləndikdə belə) uşağın normal maddi təminatını ödəmək vəzifəsindən azad edilmir və qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki tərəflərin maddi vəziyyəti və diqqətəlayiq olan digər hallarla müqayisədə uşağın mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan hər ay cavabdehin qazancının ¼ hissəsi miqdarında alimentin alınmasının müəyyən edilməsi, hazırda uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın maddi tələbatlarını tam təmin etmir. Bundan başqa məhkəmə hesab edir ki, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin miqdarının artırılaraq hər ay 180 manat sabit pul məbləğində müəyyən edilməsi uşağın mənafeyinə uyğundur, həmçinin yuxarıda qeyd olunduğu kimi uşağı saxlamaq hər iki valideynin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaq barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, uşağın mənafeyini və iddiaçının himayəsində yaşamasını, habelə digər diqqətəlayiq halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 180 manat sabit pul məbləğində alimentin alınması uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin hesab edir ki, cavabdehin daha yüksək maddi vəziyyətə malik olmasını, hər ay kifayət qədər qazanc əldə etməsini iddiaçı sübuta yetirə və bu barədə mötəbər sübutu məhkəməyə təqdim edə bilmədiyindən, iddia qalan hissədə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM–in 77.1–ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 233.4–cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, həmçinin məhkəmə xərclərinə aid olan dövlət rüsumunun bölüşdürülməsi ilə bağlı qeyd edir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM–in 112.1.3-cü maddəsinə əsasən dövlət rüsumunun məbləği aliment alınması haqqındakı iddialarda—bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdehdən bir il ərzində 1 uşağa görə tutulmalı olan alimentin məbləği hər ay 180 manat olduğundan, həmin məbləğdə tutulmalı olan dövlət rüsumunun miqdarı 41.6 (qırx bir manat, altmış qəpik) manat təşkil edir. Azərbaycan Respublikası MPM–in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Belə olan halda məhkəmə hesab edir ki, Cavabdeh 41.6 (qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 234 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq, xx.xx.2013-cü il tarixdə doğulmuş Mehdi adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün əvvəllər Mingəçevir Şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2(051)-181/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarı dəyişdirilərək, hər ay 180 (yüz səksən) manat sabit pul məbləği həddində müəyyən edilsin və Cavabdeh alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 41.6 (qırx bir manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutulub elektron hökumət portalına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Paşayev
Məhkəmə qərarları › İş №e-2(051)-2078/2023
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2078/2023
24.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver