Məhkəmə qərarları › İş №e-2(051)-2107/2022

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2107/2022

31.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2107/2022 31.10.2022 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzar Həmid qızının katibliyi İddiaçı nümayəndəsi,vəkil Nümayəndə, Cavabdeh, onun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair işə Mingəçevir şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı Cavabdeh qarşı sabit pul miqdarında aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi,vəkil Nümayəndə iddianı müdafiə edərək izahatında bildirdi ki, İddiaçı Cavabdeh ilə 07 oktyabr 2015-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 12 avqust 2016-cı il təvəllüdlü Tufan, 23 aprel 2021-ci il təvəllüdlü Adəm adlı iki uşaqları olmuşdur. Nikahlarının ilk vaxtlarında tərəflər arasında ailə münasibətləri normal olmuş və mehriban yaşamışlar. Lakin bir müddət sonra tərəflər arasında ailə münasibətləri pozulmuşdur. Buna səbəb cavabdehin ailəsi ilə maraqlanmaması, uşaqların saxlanması üçün iddiaçıya heç bir kömək göstərməməsi, iddiaçıya münasibətinin dəyişməsi olmuşdur. İddiaçı ilə cavabdeh ayrılmışlar. Cavabdeh uşağı ilə maraqlanmamış, uşağın saxlanmasında iddiaçıya maddi kömək göstərməmişdir. İddiaçı uşağın tələbatını ödəməkdə çətinlik çəkir. Uşaqları saxlamaq hər iki valideynin borcudur. “Azərbycan Respublikasında 2022-ci il üçün yaşayış minimumun haqqında” qanuna görə uşaqlar üçün yaşayış minimumun məbləği 193 manat müəyyn edilmişdir. Ona görə də 12 avqust 2016-cı il təvəllüdlü X4, 23 aprel 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay hər uşağa 200 manat alimentin və Adəm adlı uşağın 3 yaşına çatana kimi saxlanması üçün 200 manat pulun alınıb iddiaçıya verilməsini xahiş edir. Cavabdeh iddianı qismən qəbul edərək məhkəmə iclasında izahatında bildirdi ki, iddaçı ilə 07 oktyabr 2015-ci ildə nikahlarını rəsmi qeyd edtirməklə ailə qurmuşlar. Onların birgə nikahlarından 12 avqust 2016-cı il təvəllüdlü Tufan, 23 aprel 2021-ci il təvəllüdlü Adəm adlı iki uşaqları olmuşdur. İddiaçı əsaslı səbəb olmadan uşaqları da götürüb valideynlərinin yanına getmişdir. O, ailəsini bərpa etməyə çalışmışdır. Uşaqların saxlanması üçün pul vermiş, lakin iddiaçı qəbul etməmiş, eləcə də onun uşaqlarla görüşməsinə şərait yaratmamışdır. Uşaqlarına baxmaqdan imtina etmir, lakin tələb olunan qədər aliment ödəməyə maddi imkanı yoxdur. Mingəçevir şəhərində yerləşən "xxxx" MMC-də satıcı işləyir. Aylıq əmək haqqı 300 manat təşkil edir. Digər hər hansı gəliri, qazancı yoxdur. Daha yüksək əmək haqqısı olan iş də tapa bilmir. Hələlik 100 manat aliment ödəyə bilər. Cavabdeh vəkili Vəkil məhkəmə iclasında bildirdi ki, cavabdeh ailənin dağılmasını, ailəsindən, uşaqlarından ayrılmaq istəmir və uşaqlarını saxlamaqdan da boyun qaçırmır. Lakin iddiaçı cavabdehin maddi vəziyyətini nəzərə almadan, yüksək miqdarda aliment tələb edir və bunu da hazırda qanunla uşaqlar üçün yaşayış minimum məbləğinin 193 manat olması ilə əsaslandırır. Həmin qanuna görə də əmək qabilyyətli böyüklər üçün yaşayış minimum 220 manat müəyyən edilmişdir. Cavabdeh 300 manat əmək haqqı alır. Cavabdeh də işləmək üçün qidalanmalı, geyimlə təmin olunmmalıdır. Lakin aldığı əmək haqqı ilə həm tələb olunan alimenti ödəmək, həm də öz tələbatını qismən də olsun ödəmək mümkün deyil. Ona göə də alimentin miqdarını müəyyən edərkən cavabdehin maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir. Məhkəmə tərəfləri dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflər arasında 07 oktyabr 2015-ci ildə rəsmi nikah qeydə alınmışdır. İşə əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, 12 avqust 2016-cı il təvəllüdlü X4, 23 aprel 2021-ci il təvəllüdlü X3 valideynləri Cavabdeh və İddiaçıdır. İşdə olan əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Sədiyev X1 şəhərində "xxxx" MMC-də satıcı işləyir, əmək haqqı məbləği 300 manatdır. Azərbaycan Respublikası “Uşaq Hüquqları haqqında” Qanunun 3-cü maddəsinə görə uşaqlar barəsində dövlət siyasəti hər bir uşağın zəruri maddi və məişət şəratində böyüyüb tərbiyə olunmasının, mütərəqqi tələblər əsasında təhsil almasının, layiqli vətəndaş kimi formalaşmasının təmin edilməsinə yönəldilir. Həmin Qanunun 5-ci maddəsinə deyilir ki, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Qanunun 19-cu maddəsinə görə uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideyinlərin əsas vəzifəsidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsində göstərilir ki, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddələrinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Sadalanan qanunların mənasından göründüyü kimi uşaqlara qayğı göstərmək, onların maddi və mənəvi tələbatlarının təmin edilməsi valideynlərin əsas vəzifəsidir. Həmin vəzifəni yerinə yetirməyən valideyndən uşağın saxlanması üçün vəsaitin tutulması məhkəmə qaydasında həyata keçirilir. Məhkəmə qaydasında isə aliment müəyyən edilərkən tərəflərin maddi vəziyyəti nəzərə alınmaqla bərabər, uşağın maddi təminatının səviyyəsinin maksimal saxlanması əsas tutulur. Məhkəmə tədqiqi zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahından iki nəfər uşağı olmuşdur. Tərəflər ayrılmışlar. Ayrıldıqdan sonra Tufan və Adəm adlı uşaqlar iddiaçının yanında qalmışdır. Birgə nikahdan doğulmuş uşaqların saxlanılması üçün tərəflər razılığa gələ bilməmişlər. Ona görə də məhkəmə hesab edir ki, iddiaçı aliment tələbində haqlıdır. Lakin iddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə cavabdehin maddi imkanı olması sübut edilmədi. Odur ki, məhkəmə tərəflərin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən hər ay hər uşağa 120 (bir yüz iyirmi) manat aliment alınıb Tufan və Adəm adlı uşaqlatın yetkinlik yaşına çatana kimi saxlanması üçün iddiaçıya verilməlidir. Azərbaycan RespublikasıAilə Məcəlləsinin 84.2.2-ci maddəsinə əsasən hamiləliyi dövründə və ümumi uşaqların doğulduğu üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir. Lakin cavabdehin zəruri vəsaitə malik olması məhkəmə iclasında sübut olunmadı. Ona görə də məhkəmə hesab edir ki, iddia iddiaçının uşağın 3 yaşına çatana kimi saxlanması üçün aliment ödənilməsi tələbinə dair hissədə təmin olunmamalıdır. Ailə Məcəlləsinin 100.2-ci maddəsində göstərilir ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamə dərhal icra edilməlidir. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 29 sentyabr 2022-ci il tarixdən tutulmalı və qətnamə dərhal icra edilməlidir. Mülki Prosessual Məcəllənin 112.1.3-cü və 119.2-ci maddələrinə əsasən cavabdehdən 30 manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutub, məhkəmə Qət etdi: İddia qismən təmin olunsun. 12 avqust 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120(bir yüz iyirmi) manat, 23 aprel 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün 120(bir yüz iyirmi) manat sabit pul məbləğində aliment hər ay Cavabdeh tutulub, İddiaçı verilsin. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan, 29 sentyabr 2022-ci il tarixdən tutulsun və qətnamə dərhal icra edilsin. İddia tələbi uşağın 3 yaşına çatana kimi saxlanması üçün aliment ödənilməsi hissəsində təmin olunmasın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutulub, dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar