Məhkəmə qərarları › İş №e-2(051)-2465/2024

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2465/2024

10.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2465/2024 10.12.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyeva Güləndam Gündüz qızı İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair kiçik iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbi”nə dair (kiçik iddialara dair işlər üzrə icraat qaydasında) iddia ərizəsi ilə Mingəçevir Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdеh Cavabdeh 260 manat məbləğində sığorta ödənişi və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun (cəmi 290 manat) alınaraq, iddiaçı "xxxx" ASC-nin hеsabına köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar : İddia tələbi onunla əsaslandırılmışdır ki, “Mecedes Benz 180” markalı, 50DL625 dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2020-ci il tarixli, PSS**********-1 №-li “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığorta şəhadətnaməsinə əsasən cəmiyyətimizdə sığortalanmışdır. Cavabdeh (bundan sonra Cavabdeh) xx.xx.2021-ci il tarixində həmin avtomobili Bakı şəhəri, Sabunçu rayonu ərazisində idarə edərkən “Tofash Şahin” markalı, 99SD456 dövlət qeydiyyat nişanlı avtomobili vuraraq zədələmiş və hadisə yerindən yayınmışdır. Sabunçu DYPŞ-nin “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə arayışın”dan, Sabunçu rayon DYPŞ Axtarış üzrə insektor polis leytenantı X4 ******* saylı İnzibati xəta haqqında protokolundan və Sabunçu rayon DYPŞ Polis mayoru X3 ******* saylı İnzibati Tənbeh vermə haqqında Qərarından görünür ki, xx.xx.2021-ci il tarixində saat 18:40 dəqiqədə Bakı şəhəri, Sabunçu rayonu ərazisində yolnəqliyyat hadisəsi baş vermişdir. Yol nəqliyyat hadisəsinin növü toqquşmadır. Cavabdeh hadisə yerindən yayındığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Zədələnmiş “Tofash Şahin” markalı, 99SD456 dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı xx.xx.2021-ci il tarixli Qüsur aktına əsasən qiymətləndirilərək 260 (iki yüz altmış) manat məbləğində müəyyən edilmişdir. 5. xx.xx.2022-ci il tarixli İ-101/22 saylı sığorta ödəniş aktına və xx.xx.2022-ci il tarixli 25012022-9300-382 saylı ödəniş tapşırığına əsasən 260 (iki yüz altmış) manat sığorta ödənişi faydalanan şəxsin bank hesabına köçürülmüşdür. Faydalanan şəxsə ödənilmiş 260 (iki yüz altmış) manat məbləği Cavabdeh tərəfindən cəmiyyətə qaytarılmalıdır. Cavabdehə bu barədə xx.xx.2024-cü il tarixli, 24/394 saylı pretenziya məktubu da göndərilmiş, lakin müsbət nəticəsi olmamışdır. İş materialları :

2. “İcbari sığorta müqaviləsinə dair məlumat”dan görünür ki, **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobil xx.xx.2021-ci il tarixdə yol - nəqliyyat baş vermişdir və "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən vurulan zərərə görə 260 manat sığorta ödənişi nəzərdə tutulmuşdur.

3. Bakı şəhəri Sabunçu rayon DYPİ-si tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli TP seriyalı ******* nömrəli “inzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180 minik” markalı avtomobili idarə edərkən yol-nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilmişdir.

4. “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” arayışın surətindən görünür ki, xx.xx.2021-ci il tarixində saat 18:40 dəqiqədə toqquşma növlü yol-nəqliyyat hadisəsi baş vermişdir. Yol-nəqliyyat hadisəsinin baş verməsində təqsiri olan şəxslər barədə məlumatdan görünür ki, yol-nəqliyyat hadisəsini törətmiş avtonəqliyyat vasitəsinin sürücüsü və mülkiyyətçisi Cavabdeh, avtonəqliyyat vasitəsinin markası “Mercedes Benz 180 minik”, dövlət qeydiyyat nişanı-**-DL-***-dir. Sürücü barədə başlanmış icraatın növü inzibati icraat və tarixi xx.xx.2021-ci ildir. Hadisə nəticəsində “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymişdir. Hadisə zamanı “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsini X5 idarə etmişdir. Həmin avtonəqliyyat vasitəsinin mülkiyyətçisi də X1r.

5. 1-101/22 nömrəli, sığorta aktından görünür ki, xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “Tofash Şahin” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə 260 manat məbləğində zərər dəymişdir. X2 məxsus hesaba 260 manat köçürmə üsulu ilə sığorta ödənişi həyəta keçirilmişdir.

6. "xxxx" MMC tərəfindən tərtib edilmiş “yekun aktı”nın surətindən görünür ki, “Tofaş Şahin” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər ümumilikdə 260 manat təşkil edir.

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində 260 manat məbləğində sğıorta ödənişi həyata keçirilmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokolda hadisə yerindən yayındığı qeyd edildiyindən “İcbari sığortalar haqqında” AR Qanununun 63.1-ci maddəsinə əsasən zərərçəkənə ödənilmiş sığorta ödənişinin ondan tutulacağına dair xəbərdar edilmişdir.

8. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu və 0.4 qəpik bank xidmət haqqı ödənilmişdir. İşin faktiki halı :

9. Cavabdeh mülkiyyətində olan **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobil iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2020-ci il tarixli, PSS********** nömrəli müqavilə üzrə “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” ilə sığortalanmışdır.

10. xx.xx.2021-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180 minik” markalı avtomobil ilə Bakı şəhəri, Sabunçu rayonu E.Mehdiyev küçəsində hərəkət edən zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla yol hərəkət qaydalarını pozmuş, nəticədə, “X10” markalı, **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobili vurmuş və hadisə yerindən yayınmışdır.

11. Hadisədən sonra **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobili idarə edən Cavabdeh barəsində “inzibati tənbeh vermə haqqında” qərar qəbul edilmiş və o, həmin qərarla Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir.

12. Hadisə nəticəsində “Mercedes Benz E240” markalı, **-VE-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin miqdarı "xxxx" MMC tərəfindən qiymətləndirilərək 260 manat məbləğində müəyyən edilmişdir. Həmin məbləğdə sığorta ödənişi iddiaçı "xxxx" ASC tərəfindən faydalananan şəxs X2 ödənilmişdir. Tətbiq edilən hüquq

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. 284-1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat Mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 284-6.1. İşə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir..

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi : 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 936.5. sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 18.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununun: 63.1. Bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur. 53.1. Mülkiyyətində avtonəqliyyat vasitəsi olan, yaxud avtonəqliyyat vasitəsinə faktiki sahibliyi həyata keçirən, yəni onu icarə və ya digər əşya hüquqlarına dair müqavilə və ya etibarnamə əsasında idarə edən, yaxud digər qanuni əsaslarla istismar edən şəxslər bu Fəslin məqsədləri üçün avtonəqliyyat vasitəsinin sahibi hesab olunurlar. 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Məhkəmənin mövqeyi : 19.Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia tələbi təmin edilməlidir. 20.Məhkəmə ilk növbədə qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 21.İcbari sığorta üzrə subroqasiya hüququnun yaranma əsaslarından biri “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 63-cü maddəsində müəyyən edilmişdir. Həmin normada sadalanan əsas hazırki mülki işin faktiki halına uyğun gəldiyi üçün iddiaçı "xxxx" ASC həmin əsasla icbari sığorta məbləğini geri tələb etmişdir. Həmin əsas-avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ halıdır. 22.İşin məhkəmə tərərfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC-də “icbari sığorta müqaviləsi” üzrə sığortalanmış Cavabdeh mülkiyyətində olan **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı avtomobil Cavabdeh tərəfindən idarə edilərkən “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuş, hadisəsi nəticəsində “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və Cavabdeh hadisə yerindən yayınmışdır. Baş vermiş yolnəqliyyat hadisəsində Cavabdeh təqsirli olduğu müəyyən edilərək, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində inzibati cərimə növündə iznibati tənbeh tətbiq edilmişdir. 23.Baş vermiş sığorta hadisəsi nəticəsində “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 260 manat məbləğində sığorta ödənişi edilmişdir. 24.“İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin həmin Qanunun 10.2, 13.1, 13.2, 52.1 və 58.3-cü maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 aprel 2023-cü il tarixli Qərarında qeyd edilir ki, sığorta hadisəsi sığorta təminatı altına alınmış riskin reallaşmasıdır ki, onun baş verməsi ilə sığorta ödənişini tələb etmək hüququ yaranır. 25.Subroqasiya hüququnu tənzimləyən yuxarıda qeyd edilmiş maddi hüquq normalarının tələblərindən göründüyü kimi, subroqasiya hüququnun yaranmasının əsas şərtlərindən biri baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olmasıdır ki, Cavabdeh hadisə yerindən yayınması işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar (inzibati tənbeh vermə haqqında qərar, özünün izahatı) ilə müəyyən edilmişdir. 26.Məhkəmə həmçinin qeyd edir ki, subroqasiya hüququ sığorta ödənişi etmiş sığortaçının dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı geriyə tələb hüququdur. 27.Bu mənada subroqasiya hüququna söykənməklə irəli sürülmüş tələbin əsaslı olması üçün bu tələbin yönəldiyi şəxsin vurulmuş zərərə görə məsuliyyət daşıması müəyyən edilməlidir. 28.Məhəkəmə qeyd etməyi zəruri hesab edir ki, subroqasiya zərərvurmadan irəli gələn məsuliyyətin labüdlüyü və zərərin əvəzinin tam ödənilməsi prinsiplərinin həyata keçirilməsinə xidmət edən hüquqi vasitələrdən biridir. Belə ki, sığortalı (faydalanan şəxs) əksər hallarda ona vurulmuş zərəri əhatə edən sığorta ödənişini almaqla, sonrakı tutulmaya marağını itirir. Nəticədə zərər vuran şəxs məsuliyyətdən yayına bilər. Yalnız subroqasiya zərər vuran şəxsdən zərərin əvəzinin tutulmasını təmin edir. Mahiyyətcə, subroqasiya tələb hüququnun güzəştidir (sessiya). Ona görə də sığortaçıya keçən hüquq sığortalı (faydalalan şəxs) ilə zərərə görə məsuliyyət daşıyan şəxs arasında münasibətləri tənzimləyən qaydalara, yəni delikt haqqında normalara riayət etməklə həyata keçirilir. Beləliklə, tərəflər arasında öhdəliyin əmələ gəlmə əsası mülki hüquq pozuntusunun (deliktin) törədilməsidir. 29.MM-nin 1096-cı, 1097.1-ci və 1108.1-ci maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir. 30.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 18 aprel 2022-ci il tarixli Qərarında qeyd edilir ki, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: - törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; -əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; -törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; -zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır. 31.Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. 32.Məhkəmə qeyd edir ki, Cavabdeh baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində dəymiş zərərə görə mülki hüquqi məsuliyyət daşıması işdə olan və məhkəmə tərəfindən tədqiq edilmiş sübutlar (“inzibati tənbeh vermə haqqında” qərar, qüsur aktı və d) ilə müəyyən edilmişdir. 33.Məhkəmə qeyd edir ki, Cavabdeh təqsirli hərəkətləri nəticəsində baş vermiş sığorta hadisəsinə görə sığorta ödənişi edən iddiaçı ödədiyi sığorta ödənişi məbləğini Cavabdeh subroqasiya qaydasında tələb etməkdə haqlıdır. 34.Belə ki, mülki qanunvericiliyə əsasən yüksək təhlükə mənbəyinin fəaliyyəti nəticəsində vurulmuş zərərə görə zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 35.Məhkəmə qeyd edir ki, işdə olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlar Cavabdeh **-DL-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz 180” markalı nəqliyyat vasitəsinə qanuni əsaslarla sahiblik etdiyi müəyyən edilmişdir. 36.Dəymiş zərərin məbləği ilə bağlı məhkəmə qeyd edir ki, mülki qanunvericiliyə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 37.İşdə olan və məhkəmə tərəfindən tədqiq edilən sübutlara (qüsur aktı, şığorta ödənişi aktı, ödəniş tapşırığı) əsasən müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC tərəfindən “X10” markalı **-SD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərə görə 260 manat sığorta ödənişi edilmişdir. 38.Məhkəmə qeyd edir ki, Cavabdeh məhkəmə bildirişini almasına baxmayaraq mülki işə lazımi prosessual maraq göstərməmiş, ona qarşı irəli sürülmüş iddia tələbinə etiraz etməmiş, tələb edilən məbləği mübahisələndirməmişdir. 39.Belə olan halda, məhkəmə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində dəymiş zərərin və iddiaçı tərəfindən ödənilmiş sığorta ödənişinin məbləğini işin mübahisələndirilməyən halı kimi qəbul etmişdir. Məhkəmə xərcləri : 40.İddiaçı "xxxx" ASC tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun əvəzinin tutulması tələbi irəli sürülmüşdür. 41.İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı "xxxx" ASC tərəfindən məhkəməyə müraciət etmək üçün 30 manat dövlət rüsumu ödənilmişdir. 42.Məhkəmə qeyd edir ki, iddia təmin edildiyinə görə Azərbaycan Respublikası MPMin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaiti Cavabdeh iddiaçının xeyrinə tutulmalıdır. Nəticə : 43.Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, iddia təmin edilməli, Cavabdeh ödənilmiş 260 manat sığorta ödənişinin, 30 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməlidir. 44.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi: İddia tələbi təmin edilsin. Cavabdeh 260 (iki yüz altmış) manat sığorta ödənişi, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat məbləğində pul vəsaiti olmaqla, cəmi 290 (iki yüz) manat məbləğində pul vəsaiti tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Mingəçevir Şəhər Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim : Güləndam Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar