Məhkəmə qərarları › İş №e-2(051)-2517/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-2517/2023

14.12.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-2517/2023 14.12.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Ələkbər Məmmədtağı oğlunun sədrliyi Ağayeva Aynurə Nizami qızının katibliyi İddaçı: İddiaçı nümayəndəsi (vəkili) Vəkil Cavabdeh: Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində tutulması tələbinə dair məhkəmədə iddia qaldıraraq, 3 illik müddət həddində alimentin və xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı nümayəndəsi (vəkili) Vəkil məhkəmə iclası zamanı iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, iddiaçı ilə cavabdeh 2018-ci ildə rəsmi nikah qeyd etdirməklə ailə qurmuşdurlar. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağı doğulmuşdur. Ailə münasibətləri pozulduğu üçün təmsil etdiyi şəxslə cavabdeh faktiki olaraq ayrılmışlar. Cavabdeh uşaq doğulandan ona heç bir maddi yardım etməmişdir. Ona görə də 3 illik müddət həddində aliment də tələb edir. Cavabdeh uşağına baxmır. İddiaçı mövcud vəziyyətdə azyaşlı uşağın saxlanmasında tək başına çətinlik çəkir. Odur ki, iddianın təmin edilməsi və 3 illik müddət həddində alimentin və xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay 500 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı izahat verərək bildirdi ki, tələb olunan alimentin miqdarı ilə razı deyil. Belə ki, heç bir yerdə işləmir və onun hər ay 500 manat aliment ödəmək imkanı yoxdur. Həmçinin bildirdi ki, iddia tələbi də 3 illik müddət həddində aliment tələb etməsi də əsassızdır. İddiaçı iddia edir ki, o aliment ödəməkdən imtina etmişdir. Bildirir ki, iddiaçı Rusiya Fedlerasiyasında yaşayanda imkanı çatdıqca iddiaçıya uşaq üçün pul göndərmişdir. Mingəçevir şəhərində isə uşağ xəstələnəndə iddiaçıya imkanı çatdığı dərəcədə pul ödəmişdir. Odur ki, iddianın qismən təmin edilməsi haqda qətnamə çıxarılmasının məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, işdə olan sənədləri və digər iş materiallarını tam və hərtərəfli araşdıraraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, işdə olan doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq olunmuş surətlərindən görünür ki, Cavabdeh ilə İddiaçı birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağı doğulmuşdur. Beləliklə, məhkəmə iclası zamanı müəyyən edildi ki, tərəflər faktiki olaraq evlənməklə, 2018-ci ildə rəsmi nikah qeyd etdirmişdir. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağı doğulmuşdur. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar və ayrıldıqdan sonra azyaşlı uşaq iddiaçının yanında qalmışdır. Məhkəmə iddia tələbinə hissəvi ollaraq qiymət verərək ilk növbədə idda tələbinə 3 illik müddət həddində alimentin tutulması hissəsinə hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır. Belə ki, həmin münasibəti tənzimləyən Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100-cü maddəsinin mənasından da görünür ki, aliment almaq hüququ olan şəxs o vaxt 3 illik müddət həddində aliment tutulması barədə məhkəməyə müraciət edə bilər ki, alment ödənilməsi barədə tərəflər arasında saziş olsun və ya aliment almaq üçün məhkəməyə müraciət edənədək hər hansı bir tədbirlər görülsün və bu tədbirlərə baxmayaraq aliment ödəməli olan şəxs bundan boyun qaçırsın və bunun nəticəsində aliment alınmasın. İş materiallarından da görünür ki, tərəflər arasında məhkəmədən kənar alimentin ödənilməsi barədə hər hansı bir saziş mövcud olmamışdır, iddiaçı aliment almaq üçün məhkəməyə müraciət edənədək hər hansı bir tədbirlər görməmiş və cavabdeh bundan boyun qaçırmamışdır. İddiaçı bu sadalanan xüsusatlar barəsində məhkəməyə sübutlar təqdim edə bilməmişdir. Əksinə məhkəmədə müəyyən olundu ki, cavabdeh uşağın saxlanılması üçün öz təşəbbüsü ilə bir neçə dəfə müxtəlif vaxtlarda iddiaçıya pul göndərmişdir. Odur ki, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi 3 illik müddət həddində aliment tutulması hissədə əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.1-ci maddəsinə əsasən Aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.3-cü maddəsinə əsasən Məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Məhkəmə iddia tələbinə sabit pul məbləğində alimenti tələbi hissəsnə qiymət verərək aşağıdakı nəticəyə gəlir: Məhkəmə işin müəyyən olunmuş hallarına qiymət verərək hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1–ci maddəsinə əsasən uşaqların maddi cəhətdən saxlanması, tərbiyəsi və normal inkişafının təmin edilməsi hər iki valideynin vəzifəsi hesab edilmişdir. Bu zaman qanunvericilik sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsini tərəflərin maddi və ailə vəziyyətindən, əmlak vəziyyətindən və diqqətəlayiq mənafelərdən asılı etmişdir. İş materiallarının əlaqəli təhlili məhkəməyə belə nəticəyə gəlməyə əsas verir ki, cavabdehdən hər ay 185 manat sabit pul məbləğində alimentin tutulması tərəflərin maddi və əmlak vəziyyətinə, xüsusən iddiaçının diqqətəlayiq mənafelərinə uyğundur. Belə ki, azyaşlı uşaq ananın himayəsində yaşayır, onun bütün xərcləri mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1–ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi ilə bağlı saziş yoxdursa, eləcə də aliment ödəməyə borclu olan valideynin qazancı (gəliri) qeyri–müntəzəm, dəyişkən olarsa, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2–ci maddəsinə görə alimentin sabit pul məbləğində tutulmasının miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanununun 8–ci maddəsinə əsasən hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmə hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13–cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qaqnunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanununun 19–cu maddəsində göstərilir ki, uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. 12 noyabr 1989–cu ildə qəbul olunmuş “Uşaq Hüquqları Haqqında” Birləşmiş Millətlər Təşkilatının Konvensiyasının 3–cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları həyata keçirilib–keçirilməməsindən asılı olmayaraq uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 26–cı maddəsinin 1–ci bəndində göstərilir ki, iştirakçı dövlətlər hər bir uşağın, sosial sığorta da daxil olmaqla, sığorta təminat imtiyazlarından istifadə etmək hüququnu tanıyır və öz milli qanunvericiliyinə uyğun olaraq bu hüququn tamamilə həyata keçirilməsinə nail olmaq üçün lazımi tədbirlər görürlər. “Yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2023–cü il üçün yaşayış minimumun məbləği uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Odur ki, məhkəmə hər iki tərəfin maddi və ailə vəziyyətini, azyaşlı uşağın mənafelərini və iddiaçının himayəsində yaşamasını, habelə digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən hər ay 185 manat sabit pul məbləğində alimentin alınması azyaşlı uşağın qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Məhkəmə, həmçinin qeyd edir ki, cavabdehin yüksək maddi vəziyyətə malik olması, hər ay kifayət qədər qazanc əldə etməsi ilə bağlı iddiaçı istinad etdiyi dəlilləri məhkəmə iclasında sübuta yetirə bilmədiyindən, sabit pul məbləğində aliment tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1–ci maddəsinə görə işdə iştirak edən şəxslər üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2–ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2020-ci il təvəllüdlü Səidə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 185 manat sabit pul məbləğində aliment tutulub İddiaçı verilsin. İddia tələbi qalan hissələrdə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ələkbər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar