Məhkəmə qərarları › İş №e-2(051)-255/2023

Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-255/2023

01.03.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-255/2023 01.03.2023 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kərimova Məhburə Kərim qızının sədrliyi, Ağakişiyeva Aləmzər Həmid qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Sığorta Şirkəti ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair mülki işə Mingəçevir Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: İddiaçı Sığorta Şirkəti ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin nümayəndəsinin iddia ərizəsinə əlavə edilmiş ərizəsində iştirakları olmadan işə baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Sığorta Şirkəti ASC-nin məhkəməyə göndərdiyi iddia ərizəsində göstərilmişdir ki, Cavabdeh xx.xx.2021-ci il tarixdə “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər yetirmişdir. xx.xx.2021-ci il tarixdə yolnəqliyyat hadisəsi zamanı Cavabdeh nəqliyyat vasitəsini müvafiq etibarnamə olmadan idarə etdiyinə görə ona qarşı subroqasiya hüququ yaranmışdır. Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata uyğun olaraq, “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 500 manat ziyan dəymişdir. 099098 və 099097 saylı sığorta aktlarına əsasən İddiaçı Sığorta Şirkəti ASC ümumilikdə 2000 (iki min) manat sığorta ödənişi həyata keçirmişdir. xx.xx.2021-ci il tarixli yol nəqliyyat hadisəsi zamanı Cavabdeh təqsirli olması DYPŞ-nin inzibati tənbeh vermə haqqında qərarında öz əksini tapmışdır. Ona görə də iddianın təmin olunması, “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 500 manat, ümumilikdə 2000 (iki min) manat sığorta ödənişi məbləği və dövlət rüsumu kimi ödənilmiş 40.4 manat pulun Cavabdeh tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə ödənilməsi barədə qətnamə çıxarılması xahiş olunur. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, xx.xx.2021-ci il tarixdə “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən baş vermiş yolnəqliyyat hadisəsi zamanı “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələrinə zərər yetirmişdir. Müəyyən edilmiş ziyan məbləğləri ilə razıdır. xx.xx.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərara görə o, İXM-nin 327.2-ci maddəsinə əsasən 60 manat inzibati cərimə olunmuşdur. Maddi imkanı olmadığına görə sığorta ödənişi məbləğini ödəyə bilməmiş, hissə-hissə ödəyəcəkdir. İşə əlavə olunmuş inzibati tənbeh vermə haqqında qərardan görünür ki, Abbasov X1 şəhəri, N.Nərimanov küçəsi ilə 20 yanvar küçəsinin kəsişməsində idarə etdiyi avtomobili etibarnaməsiz idarə edərək svetoforun qırmızı işığında hərəkət edib “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitələri ilə toqquşmuş və İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 60 manat məbləğində cərimə olunmuşdur. İşə əlavə edilmiş 099098 №-li Sığorta Aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində, Cavabdeh məxsus sığortalanmış “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 1500(bir min beş yüz) manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 1500 manat təşkil edir. İşdə olan xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı Sığorta Şirkəti ASCdən xx.xx.2021-ci il tarixli 099098 №-li sığorta aktına əsasən X2 1500 manat sığorta ödənişi edilmişdir. İşə əlavə edilmiş 099097 №-li Sığorta Aktından görünür ki, xx.xx.2021-ci il tarixdə Mingəçevir şəhərində, Cavabdeh məxsus sığortalanmış “Opel Vectra” markalı, ** ES *** dövlət qeydiyyat nişanlı avtomobil “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 500(beş yüz) manat dəyərində qiymətləndirilmişdir. İşə əlavə olunmuş Nəqliyyat vasitələrinin yol nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə hesabata əsasən “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərər cəmi 500 manat təşkil edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materialını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə hesab edir ki, tərəflər arasında olan mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin və deliktlərdən əmələ gələn öhdəlikləri nizamlayan 59-cu fəslinin müddəaları əsasında həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunla və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 1096.1-ci maddəsində verilmiş tərifə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsində deyilir ki, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1108.1-ci maddəsinə görə ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.5-ci maddəsinə əsasən sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin qanunvericiliyə əsasən dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. «İcbari Sığorta haqqında» Azərbaycan Respublikası Qanununun 63.1-ci maddəsində göstərilmişdir ki, bu Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, 25-ci maddəsinə əlavə olaraq avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur. Məhkəmə iş materiallarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalı, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində vurulmuş maddi zərərin aradan qaldırılması üçün iddiaçı tərəfindən ödənilmiş “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 manat və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 500 manat, ümumilikdə 2000 (iki min) manat sığorta ödənişi məbləği cavabdehdən alınıb iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən dövlət rüsumu kimi ödənilmiş 40.4 manat cavabdehdən alınıb iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qətetdi: İddia təmin olunsun. Cavabdeh “Volkswagen Passat” markalı ** DK *** dövlət qeydiyyat nişanlı avtomobilə görə 1500 (bir min beş yüz) manat və “Vaz 21063” markalı, ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərə görə 500 (beş yüz) manat, ümumilikdə 2000 (iki min) manat sığorta ödənişi məbləği və dövlət rüsumu kimi ödənilmiş 40.4 (qırx manat qırx qəpik) manat pul tutularaq İddiaçı Sığorta Şirkəti ASC-yə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Məhburə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar