Azərbaycan Respublikası adından QƏTNAMƏ Mingəçevir şəhəri İş № e-2(051)-44/2024 16.04.2024 MİNGƏÇEVİR ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Cəbrayılzadə Elza Vaqif qızının sədrliyi Nəzirov Elzamin Çingiz oğlunun katibliyi İddiaçı, etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil1, Cavabdeh Möhübbət oğlunun və etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2, Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Orqanın nümayəndəsi X1 iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların alınması və aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların alınması və aliment tələbinə dair Mingəçevir Şəhər Məhkəməsində iddia qaldıraraq, Cavabdeh arasında olan nikah qeydinin pozulması, azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, hər iki uşağının cavabdehdən alınıb ona verilməsi, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi əsasən onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2013-ci il tarixində ailə qurub evlənməklə nikahlarını rəsmiləşdirmişlər. Bu nikahdan xx.xx.2014-cü il təvəllüdlü X5, xx.xx.2015-ci il təvəllüdlü X6 adında övladlarımız dünyaya gəlmişdir. Hər iki uşağı atasının yanındadır. Uşaqları verilmədiyi üçün ala bilmir. Cavabdehlə aralarında olan ailə münasibətlərinin pozulmasının səbəbi sözlərinin bir-birinə uyğun gəlməməsi, birlikdə yaşamaqlarının qeyri mümkünlüyü, eləcə də onların heç bir vaxt ailənin yenidən bərpa olunacaq ümidinin olmamasıdır. Bu şəkildə ailəni saxlamaq mümkün deyildir. O, bu baxımdan da bu ailədə yaşamaq istəmir. Aralarında olan nikah qeydinin pozulmasından sonra xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması, bundan sonra azyaşlı uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün cavabdehden 200 manat sabit pul məbləğində alimentin tutulmasını istəyir. İddiasında həm alimentə, həmdə nikah qeydinin pozulmasına münasibətində israrlıdır. Məhkəmə qərar qəbul edərkən, uşaqların onun himayəsində saxlanılmasını aralarında olan nikah qeydinin pozulmasının və uşaqlarının saxlanılması üçün hər ay hər uşaq üçün cavabdehdən 200 manat sabit pul məbləğində alimentin tutulmasında qəti və israrlıdır. Hər iki uşağı cavabdehdədir. Uşaqları ona verilmir. Ona görə də Cavabdeh arasında olan nikah qeydinin pozulması, azyaşlı uşaqları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 onun himayəsində saxlanılması, hər iki uşağının cavabdehdən alınıb ona verilməsi, onların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün sabit pul məbləğində 200 manat alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclası zamanı iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstərdi ki, onlara barışmaları üçün 3 ay vaxt verilməsinə baxmayaraq heç bir nəticəsi olmamışdır. Hazırda onun uşaqları cavabdehdədir. Lakin cavabdeh uşaqları ona göstərmir. Dəfələrlə qarşı tərəfdən uşaqları onunla görüşməsinə şərait yaradılmasını xahiş etsə də, cavabdeh tərəf bundan imtina etmişdir. Hətta görüntülü görmək istəsə də yenə onunla uşaqlarına görüşməsi üçün maneələr yaradırlar. Onun cavabdehlə barışmaq niyyəti yoxdur. Nikahın pozulmasında yenə də israrlıdır. Lakin buna baxmayaraq o, cavabdehdə qalan uşaqlarını görmək istəyir. Cavabdeh isə ona öz uşaqları ilə görüşməyinə imkan vermir. O, nikah pozularkən uşaqların onun yanında saxlanılması təqdirdə cavabdeh tərəfdən aliment tələb etməyəcək. Sadəcə olaraq nikahın pozulmasını və cavabdehdə qalan uşaqlarının onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. İddiaçının nümayəndəsi (vəkili) Vəkil1 məhkəmə iclası zamanı əsasən iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq verdiyi izahatında bildirdi ki, iddianı müdafiə edirlər, nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların iddiaçının yanında qalmasını istəyirlər. Lakin bununla bağlı qeyd edir ki, Qəyyumluq və Himayəçilik Orqanının uşaqların atasının himayəsinə verilməsi ilə bağlı rəyi ilə razı deyildir. Belə ki, hesab edir ki, Qəyyumluq və Himayəçilik orqanı rəy verərkən müəyyən məqamları nəzərə almamışlar. Belə ki, nəzərə alınmalıdırki uşaqlar uzun müddətdir ki, atalarının yanındadırlar və məlumdur ki, bu müddət ərzində uşaqlar təsir altında olublar. Onlara atası tərəfindən müəyyən təsirlər ola bilər. Lakin yenə də nikah pozularsa, uşaqlar atalarının yanında qalarsa onlar iddiaçı tərəf kimi razıdırlar ki, cavabdeh tərəf uşaqlarla bağlı iddiaçının görüşməsi üçün barışıq sazişi bağlayarsa onlar uşaqların atasının yanında qalmasına etiraz etmirlər. Bundan əlavə nikah pozularkən uşaqların kimin yanında qalmasından asılı olmayaraq qarşı tərəfin aliment tələbindən imtina etdikləri üçün, onlar da iddianın aliment tələbinə dair hissəsindən imtina edirlər. Odur ki, izahatlarında qeyd olunan halların nəzərə alınmasını xahiş edir. Cavabdeh məhkəmə iclası zamanı ona qarşı irəli sürülmüş iddianı qismən qəbul etdi və əlavə olaraq göstərdi ki, o, nikahın pozulmasına razıdırlar. Lakin nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqların onun yanında qalmasını istəyir. Uşaqlar onun yanında qalacağı təqdirdə iddiaçının uşaqları ilə görüşməsinə də heç bir etirazı yoxdur. Həmçinin uşaqlar onun yanında qalarsa qarşı tərəfdən aliment tələbi yoxdur. Odur ki, izahatında qeyd olunanların nəzərə alınmaqla qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin etibarnamə üzrə nümayəndəsi (vəkili) Vəkil2 məhkəmə iclası zamanı verdiyi izahatında göstərdi ki, təmsil etdiyi şəxs nikahın pozulmasına razıdırlar. Bundan əlavə hesab edir ki, nikah pozularkən yetkinlik yaşına çatmayan uşaqlar atalarının yanında qalmasını istəyirlər. Qəyyumluq və Himayəçilik Orqanının rəyindən də görünür ki, komissiya yetkinlik yaşına çatmayan uşaqların atalarının yanında qalmaları uşaqların mənafeyi naminə hesab edilmişdir. Hesab edir ki, komissiyanın rəyi düzgündür və bundan əlavə uşaqların özləri də ataları ilə qalmalarını istəyirlər. Həmçinin təmsil etdiyi şəxs uşaqların onun yanında qalacağı təqdirdə qarşı tərəfdən alimentdə tələb etmir və ananın istədiyi zaman uşaqları ilə görüşməsinə də heç bir etiraz etmir və gələcəkdə də heç bir maneə yaratmayacaqlar. Odur ki, izahatında qeyd olunanların nəzərə almaqla qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə iclası zamanı X1 iştirakı ilə dindirilən X6 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, o, yanvar ayından atasının yanındadır. Anası üçün darıxmır. Anası onları atıb getmişdir. Bundan əvvəl onlar anasının yanında olarkən anası onlara yaxşı baxmamışdır. Onlara vaxtında yemək vermirdi. Hazırda o atası ilə birgə yaşayır. Ona nənəsi baxır. Dərslərini hazırlamaqda ona nənəsi kömək edir. O, istəyərdi ki, anası atası barışsın bir yerdə yaşasınlar. Anası onla sadəcə telefonla danışdırdı onu görməyə gəlmirdi. O, atasını çox istəyir və atası ilə qalmaq istəyir. Məhkəmə iclası zamanı X1 iştirakı ilə dindirilən X5 məhkəmə iclası zamanı verdiyi izahatında bildirdi ki, o, 4-cü sinifdə oxuyur. Anası gedəndən sonra 2023-cü ili yanvar ayının səkkizindən atasının yanındadır. Atası ilə qalmaq istəyir. Anası ilə qalmaq istəmir. Ona nənəsi baxır. Dərslərini hazırlamaqda nənəsi kömək edir. Anası qayıtsa belə o, yenə anası ilə qalmaq istəmir. Məhkəmə iddia ərizəsini, işdə iştirak edən şəxslərin izahatını, o cümlədən iş materiallarını əlaqəli şəkildə təhlil edərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli və tərəflər arasında bağlanmış rəsmi nikah qeydi pozulmalıdır. Belə ki, işdə olan X7 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh ilə İddiaçı arasında Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 30 avqust 2014-cü ildə rəsmi nikah bağlanmış və həmin nikah 292 nömrə ilə dövlət qeydiyyatına alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Rəhimova” soyadı verilmişdir. İşdə olan X7 Xidmət Mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş arayışlardan görünür ki, X5 xx.xx.2014-cü il tarixdə X6 isə xx.xx.2015-ci il tarixdə anadan olmuşlar, anaları İddiaçı, atalarıCavabdehdur. İşdə olan Mingəçevir Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyasının xx.xx.2024–cü il tarixli 5-3-3/2-44/2024 nömrəli rəyindən görünür ki, Qəyyumluq və Himayəçilik Komissiyası xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2015-ci il təvəllüdlü X3 atası Cavabdeh yanında qalması uşaqların mənafeyi naminədir. İşdə olan X5 və X3 Mingəçevir şəhər İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik orqanını tərəfindən alınan izahatından görünür ki, onlar atalarının yanında qalmaq istədiyini bildirmişlər. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər xx.xx.2014-cü il tarixdə rəsmi nikah bağlamaqla evlənmiş, onların birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 adlı uşaqları vardır. Tərəflər aralarında olan narazılığa görə faktiki olaraq ayrılmışlar, ər-arvad kimi yaşamamaqla birgə təsərrüfatı idarə etmirlər. Onlar arasında olan nikah formal xarakter daşıyır və iddiaçı cavabdehlə aralarında olan nikahın pozulmasına təkid edir. Birgə nikahdan doğulmuş uşaqlar hazırda cavabdehin yanında yaşayırlar. Cavabdeh uşaqların saxlanması üçün iddiaçıdan aliment tələb etmir. Məhkəmə tərəfindən barışmaq üçün verilmiş 3 ay vaxt ərzində də tərəflərin barışmaları mümkün olmamışdır. Hazırda iddiaçı və cavabdeh nikahın pozulmasında təkid edirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1–ci maddəsinə əsasən ər–arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri–mümkünlüyü məhkəmə tərəfindən müəyyən edilikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 20.2–ci maddəsinə əsasən tərəflərdən birinin nikahın pozulması haqda razılığı olmadıqda, məhkəmə ər–arvadın barışması üçün 3 ay müddət müəyyən etməklə işi təxirə sala bilər, barışıq olmadıqda və ya onlar (onlardan biri) nikahın pozulmasında təkid etdikdə nikah pozulur. Ona görə məhkəmə hesab edir ki, tərəflər arasında olan nikah pozulmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.1-ci maddəsinin tələblərinə görə nikah məhkəmə qaydasında pozularkən məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qaldığını müəyyən etməlidir. İddiaçının və cavabdehin məhkəmə iclası zamanı verdikləri izahatları ilə müəyyən olunur ki, tərəflər faktiki olaraq ayrıldıqdan sonra birgə nikahlarından xx.xx.2014-cü il tarixdə X5 və xx.xx.2015-ci il tarixdə anadan olmuş X6 adlı uşaqlar cavabdehin yanında qalmışlar. Eyni zamanda məhkəmə iclası zamanı uşaqların izahatları ilə, həmçinin Qəyyumluq və Himayəçilik orqanının rəyi ilə müəyyən olunmuşdur ki, uşaqlar atalarının yanında qalmaq istəyirlər. Odur ki, məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 22–ci maddəsinə əsasən tərəflərin birgə nikahından doğulan Günel və Murad adlı uşaqların cavabdehin yanında qalmaları müəyyən edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsində göstərilmişdir ki, məhkəmə boşanmadan sonra uşaqlar üçün hansı valideyndən və hansı miqdarda aliment tutulduğunu müəyyən etməlidir. Məhkəmə aliment tutulması ilə bağlı qeyd edir ki, uşağın saxlanması üçün cavabdeh tərəf iddiaçıdan aliment tələb etmir. Ona görə də məhkəmə iddiaçıdan uşaqların saxlanması üçün aliment tutulmasını müəyyən etmir. Bundan başqa məhkəmə, həmçinin qeyd edir ki, “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1–ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 iyul 2019–cu il tarixli Qərarında müvafiq icra hakimiyyəti orqanına və məhkəmələrə tövsiyə olunmuşdur ki, nikaha xitam verilərkən tərəflərə onların nikah dövründə əldə etdikləri ümumi əmlaka dair paylarının bölünməsi məsələsinin Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsində göstərilən müddət çərçivəsində həll edilməsinin məqsədə müvafiqliyi izah edilsin. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9–cu maddəsinə əsasən nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Odur ki, məhkəmə hesab edir ki, tərəflərə nikah pozulduqda 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbi ilə iddia qaldırmaq hüquqlarının olması izah edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasl MPM–in 216–220, 235 və 360–cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏTETDİ: İddia qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında Mingəçevir şəhər Qeydiyyat Şöbəsində 30 avqust 2014-cü ildə bağlanmış və 292 nömrə ilə dövlət qeydiyyatına alınmış rəsmi nikah qeydi pozulsun. Boşanmadan sonra tərəflərin birgə nikahından doğulmuş, xx.xx.2014-cü il təvəllüdlü X5 və xx.xx.2015-ci il təvəllüdlü X6 adlı uşaqların Cavabdeh yanında qalmaları müəyyən edilsin. İddia qalan hissə də təmin edilməsin. Tərəflərə, nikahın pozulması haqqında hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən başlayaraq 3 il müddətində birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü tələbinə dair iddia qaldırmaq hüquqlarının olması izah edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Mingəçevir Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan Elektron kabinetdən istifadə edilməklə) Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Məhkəmənin hakimi: Elza Cəbrayılzadə
Məhkəmə qərarları › İş №e-2(051)-44/2024
Mingəçevir Şəhər Məhkəməsi Qətnamə — İş №e-2(051)-44/2024
16.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver