Məhkəmə qərarları › İş №e-2(053)-1132/2025

Neftçala Rayon Məhkəməsi Qətnamə — İş №e-2(053)-1132/2025

09.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Neftçala rayonu İş № e-2(053)-1132/2025 09.09.2025 NEFTÇALA RAYON MƏHKƏMƏSİ hakim Qədimov Ceyhun Tofiq oğlunun sədrliyi, Mazanov Kamran Ramazan oğlunun katibliyi, Cavabdeh iştirakı ilə iddiaçı X2 Cavabdeh qarşı aliment tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X7 Cavabdeh qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehdən 21 noyabr 2012-ci il təvəllüdlü X5, 08 mart 2014-cü il təvəllüdlü X8 və 30 mart 2016-cı il təvəllüdlü X1 üçün mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilən 19 iyun 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə yaşayış minimumunun 0,625 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X7 iddia ərizəsində bildirir ki, cavabdehlə nikahı Neftçala Rayon Məhkəməsinin 27 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Həmin nikahdan 21 noyabr 2012-ci ildə X10, 08 mart 2014-cü ildə X12 və 30 mart 2016-cı ildə X11 adlı uşaqlar doğulublar. Cavabdeh ailə ilə qəti maraqlanmır və ailəyə heç bir maddi yardım göstərmir. Bu səbəbdən aliment tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalıb. Azərbaycan Respublikasında 2024-cü il üçün bir uşağın yaşayış minimumunun 246 manat olmasını nəzərə alaraq cavabdehdən mediasiya prosesinin tətbiqi barədə ərizə göndərilən 19 iyun 2025-cü il tarixdən hesablanaraq hər ay hər uşağa 250 manat olmaqla sabit pul məbləğində aliment tələb edir. İddiaçı X7 məhkəmə iclaslarının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq gəlməmiş, lakin onun nümayəndəsi, vəkil Nümayəndə 08 sentyabr 2025-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək iddianı müdafiə etdiyini, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyini, əlavə sübutlarının olmadığını bildirib, məhkəmə prosesinin iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh işin məhkəmə baxışı zamanı iddianı qismən qəbul edərək bildirmişdir ki, iddiaçı ilə nikahları pozulduqdan sonra ikinci dəfə ailə həyatı qurmuş və həmin ailə münasibətlərindən 3 uşağı var. Qeyd edir ki, iddiaçı milliyyətcə özbəkdir, boşandıqdan sonra uşaqlarla birlikdə Azərbaycandan gedib və hazırda daimi olaraq Özbəkistan Respublikasında yaşayır. İddiaçı ilə hər ay uşaqlara ümumilikdə 200 manat pul göndərməsi ilə bağlı razılığa gəlsə də, sonradan iddiaçı onunla birlikdə Bakı şəhərində yaşamaq istədiyini bildirmiş, o isə bu təkliflə razılaşmadıqda iddiaçı aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Hazırda heç bir yerdə işləmir və uşaqların saxlanılması üçün iddiaçıya hər ay ümumilikdə 200-250 manat civarında aliment ödəyə bilər. İkinci ailəsində də 3 uşağı olduğuna görə qeyd olunan məbləğdən artıq aliment ödəmək iqtidarında deyil. Göstərilənlərin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə cavabdehi dinləyib, sənədləri və işin faktiki hallarını araşdıraraq hesab edir ki, aşağıda qeyd olunan səbəblərə görə iddia qismən təmin edilməlidir. «Nikahın pozulması haqqında» şəhadətnamənin surətindən və Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli arayışdan görünür ki, X9 ilə Cavabdeh arasında olan nikah pozulmuşdur. Bu barədə 31 oktyabr 2017-ci ildə 96 nömrəsi ilə qeydiyyat aparılıb. İddiaçı nikah pozulduqdan sonra «Qadjiyeva» soyadını qəbul edib. «Doğum haqqında» şəhadətnamələrin surətlərindən, habelə Neftçala rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 31 iyul 2025-ci il tarixli arayışlardan görünür ki, tərəflərin birgə nikahından 21 noyabr 2012-ci il təvəllüdlü X10, 08 mart 2014-cü il təvəllüdlü X12 və 30 mart 2016-cı il təvəllüdlü X11 adlı uşaqlar doğulub. Uşaqların atası Cavabdeh, anası isə X3r. Cavabdeh tərəfindən təqdim olunmuş sənəd surətləri ilə müəyyən olunur ki, onun sonrakı nikahından üç azyaşlı uşağı var. «İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə» arayışdan görünür ki, tərəflər arasındakı mübahisənin həlli mediasiya qaydasında baş tutmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən «Valideynlər uşaqlarını saxlamağa borcludurlar». Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1 və 78.2-ci maddələrinə əsasən «Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər», «Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir». Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını və işin faktik hallarını, və s. səbəblərə görə alimentin cavabdehin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulmasının mövcud vəziyyətdə mümkün olmadığını nəzərə alır və alimentin hər ay ödənilməli olan sabit pul məbləğində tutulmasını mümkün sayır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli 8-2/2016 nömrəli Qərarında aşağıdakı hüquqi mövqe əks olunub: “8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir)”. Hazırkı iddia məhkəməyə 15 iyul 2025-ci il tarixində daxil olub. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən «Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur». İddia ərizəsində alimentin tutulmasının mediasiya prosesinin tətbiqi barədə təklif göndərilən 19 iyun 2025-ci il tarixdən hesablanması tələb edilsə də, qanunvericiliyin qeyd olunan maddəsindən görünür ki, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə qanunvericiliyin yuxarıda qeyd olunan müddəalarını, cavabdehin məhkəməyə bildirdiklərini, habelə uşaqların maraqlarını nəzərə alaraq, 21 noyabr 2012-ci il təvəllüdlü X5, 08 mart 2014-cü il təvəllüdlü X8 və 30 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün cavabdehdən iddianın məhkəməyə daxil olduğu 2025-ci il üzrə hər ay hər uşağa görə 100 manat olmaqla sabit pul məbləğində aliment tutulmasını mümkün sayır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli 419 nömrəli Sərəncamı ilə ölkə üzrə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat həddində müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda istinad olunan Plenum Qərarında əks olunmuş hüquqi mövqe, işin faktik halları və 2025-ci il üzrə alimentin miqdarının hər uşağa görə 100 manat müəyyən edilməsinə dair məhkəmənin qənaəti nəzərə alınaraq qeyd olunur ki, bu məbləğ 2025-ci il üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,25 mislini təşkil edir (400 x 0,25 = 100). Göstərilənlərə əsasən iddia qismən təmin olunmalı, 21 noyabr 2012-ci il təvəllüdlü X5, 08 mart 2014-cü il təvəllüdlü X8 və 30 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 15 iyul 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilməlidir. Məhkəmə iş üzrə yekun qənaətə gələrkən cavabdehin digər nikahından üç nəfər azyaşlı uşağının olduğunu və onun həmin uşaqları saxlamaq vəzifəsinin daşıyıcısı olduğunu nəzərə alır. Məhkəmə işin faktik hallarını nəzərə alaraq hesab edir ki, aliment daha yüksək məbləğdə təyin olunacağı təqdirdə cavabdehin ikinci nikahından olan uşaqlarının maddi təminatında ciddi problemlər yarana bilər. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən «Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir». Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən «Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın». Eyni Məcəllənin 14.2 və 217.4-cü maddələrinə əsasən «Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir», «Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır». Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 213, 216 – 220, 227, 233, 357 – 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin olunsun. 21 noyabr 2012-ci il təvəllüdlü X5, 08 mart 2014-cü il təvəllüdlü X8 və 30 mart 2016-cı il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün 15 iyul 2025-ci il tarixindən başlayaraq Cavabdeh sonrakı artımlar da nəzərə alınmaqla hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,25 misli həddində sabit pul məbləğində aliment tutularaq iddiaçı X4 ödənilsin. Qətnamə dərhal icra edilsin. İddia qalan hissədə rədd olunsun. Qətnamədən bir ay müddətində Neftçala Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Qədimov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar